Azərbaycan Prezidenti İlham Əliyevin qloballaşmada təzahür edən neqativ tendensiyalar fonunda İtaliyaya səfəri diqqət çəkir. Dövlət başçısı səfər zamanı İtaliya Prezidenti Sercio Mattarella və bu ölkənin Nazirlər Şurasının Sədri Mario Draqi ilə görüşüb.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
İqtisadiyyat əlaqələrin cövhərini təşkil edir
İlham Əliyevin səfərinin əhəmiyyətini açmaq üçün birinci olaraq qeyd etmək lazımdır ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən böyük ixrac məntəqəsidir.
İki ölkənin xarici ticarət dövriyyəsinin məhsullar üzrə strukturunda xam neft və neft məhsullarının İtaliyaya ixracı üstünlük təşkil edir.
İdxalatın məhsullar üzrə strukturunda maşınqayırma məhsulları, xüsusi təyinatlı mexaniki qurğular və maşınlar, dəzgahlar, ehtiyat hissələri, həmçinin dərman vasitələri, transformatorlar, inşaat materialları, mebel, ərzaq, trikotaj məmulatları yer tutur.
İqtisadi parametrlər Azərbaycanla İtaliya arasındakı münasibətlərin ruhunu strateji tərəfdaşlıq prioritetlərinə kökləyib.
Onu da bildirək ki, iki ölkənin münasibətlərində modifikasiya edilmiş əlaqələr Çoxölçülü Strateji Tərəfdaşlıq sənədi ilə tənzimlənir ki, bu da iqtisadi bünövrənin üzərində siyasi məzmunlu sütunlar ucaldır.
Münasibətlərin siyasi ölçüsü böyüyür
Bütün bunlar ikitərəfli münasibətlər sistemində qarşılıqlı ehtiyacların ödənilməsi üçün həm iqtisadi, həm siyasi, həm də hərbi sferada əlavə münbit rezervlər formalaşdırır.
Azərbaycanın Avropa İttifaqının böyük güclərindən biri olan İtaliya ilə əməkdaşlığında enerji tədarükü və onun şaxələndirilməsi mərkəzdə dayanır.
Beynəlxalq münasibətlər sistemindəki çalxalanmalar, Rusiya-Ukrayna müharibəsinin davam etməsi və nəticəsinə dair proqnozların çətinləşdiyi dövr Bakı-Roma əlaqələrindəki mövcud təməllərə geniş spektrli siyasi ölçü verilməsini şərtləndirir.
Beləliklə, İtaliya Azərbaycanın müttəfiqinə çevrilir və dialoqu gücləndirən tərəfdaşlığın aktuallığını Romanın nəzərində artırır.
İlham Əliyevin İtaliyaya səfəri ölkələr arasındakı qarşılıqlı strateji gündəliyi dünyadakı yeni düzənə uyğunlaşdırmaq məqsədi daşıyırdı və bu keyfiyyət sıçrayışı meyarları ilə özünü göstərəcək.
Səfəri və keçirilən görüşləri Azərbaycan-Ermənistan sülh gündəliyində rəsmi Bakının suverenliyə hörmət tələblərinə beynəlxalq hüquq çərçivəsində İtaliya tərəfindən dəstəklənən mövqe kimi də dəyərləndirmək lazımdır.
Bu o deməkdir ki, İtaliya Azərbaycan-Ermənistan sülh gündəliyinin praktiki gedişatlarında, beynəlxalq təşkilatların iclaslarında Bakını fəal dəstəkləyən ölkələr sırasında yer alacaq.
Azərbaycan qaz təchizatında etibarlı tərəfdaşdırGələcək üçün Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın qaz bazarlarında öz mövqelərini möhkəmləndirmək planları var və İtaliya da bundan nəsibini alacaq. Lakin Prezident İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda dediyi kimi, bunun üçün TAP-ın texniki imkanları artırılmalıdır və həcm 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər qaldırılmalıdır.
İlham Əliyevdən sitat: “Nəzərə almaq lazımdır ki, bizim TAP-da payımız yalnız 20 faizdir. Digər səhmdarlar da razılığa gəlməli və birgə sərmayə layihəsini planlaşdırmalıyıq. Bunu isə tezliklə etmək lazımdır. Çünki biz Avropa Komissiyası ilə razılığa gəlmişik ki, 2027-ci ilədək Azərbaycandan Avropa İttifaqına qaz ixracını iki dəfə - 20 milyard kubmetrə qədər artıraq. TAP genişləndirilməsə, bu, mümkün olmayacaq. Beləliklə, biz ilk olaraq bunu etməli, daha sonra isə müqavilələrlə bağlı danışıqlara başlamalıyıq”.
Artıq TAP-ın şaxələndirilməsi ilə bağlı praktiki danışıqlar başlayıb və bu, Rusiya-Ukrayna müharibəsinin enerji bazarlarına yaratdığı təhdidlərin dəf edilməsi prosesində Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artıracaq.
Azərbaycanla İtaliyanın təhsil sahəsində də səmərəli əməkdaşlıq platforması mövcuddur və gələcəkdə həmin zəminin daha təkmil bir model istehsal edəcəyi şəksizdir.
İtaliya Azərbaycanla əməkdaşlığa önəm verməyi davam etdirəcək
İlham Əliyevin İtaliyaya səfəri fonunda perspektivə dair bir neçə proqnoz səsləndirə bilərik.
Birincisi, İtaliya Azərbaycanla əməkdaşlığa önəm verməyi davam etdirəcək və Avropa İttifaqı daxilində Bakı əleyhinə yönələ biləcək addımların önünə keçmək əzmini nümayiş etdirəcək.
İkincisi, İtaliya Azərbaycan qazının nəqlinin şaxələndirilməsinə həlledici dəstəyini əsirgəməyəcək və texniki imkanlar üçün vəsaitin xərclənməsində xəsislik etməyəcək.
Üçüncüsü, İtaliya Qərb siyasi sisteminə daxil olduğundan Azərbaycan üçün xeyli fürsətlər yaranır və Bakı bu imkanları dəyərləndirəcək.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin