“2-3 il sonra azı, 3000 vətəndaşın İT sahəsində ixtisas alacağını və rəqəmsal iqtisadiyyatın inkişafına ciddi təkan verəcəyini gözləyirik”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov "Report"a müsahibəsində deyib. O bildirib ki, İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyi informasiya texnologiyaları sahəsində yeni peşəyə yiyələnmək istəyənlər üçün “İT Akademiya” layihəsini ərsəyə gətirib:
“İnanırıq ki, keyfiyyətli təhsil ölkənin rəqəmsal iqtisadiyyatda imkanlarının artırılması üçün vacib amildir. Rəqəmsal iqtisadiyyat isə, öz növbəsində, Azərbaycanın iqtisadi inkişafı üçün möhkəm təməl formalaşdırılmasına imkan yaradacaq. Buna görə də “İT Akademiya”nın məqsədi informasiya texnologiyaları sahəsində peşəkar kadrlar hazırlamaq, ölkənin İT bazarının inkişafına yardım göstərmək və təhsil sistemində informasiya texnologiyalarını modernləşdirməkdir.
Yeni layihə çərçivəsində tələbələr qısa müddət ərzində İT sahəsi üzrə əmək bazarında ən çox tələb olunan veb-həllər, testləşmə və sistem inzibatçılığı kimi ixtisasları sıfırdan öyrənəcəklər. Layihənin işə salınmasından 2-3 il sonra azı, 3000 vətəndaşın İT sahəsində ixtisas alacağını və rəqəmsal iqtisadiyyatın inkişafına ciddi təkan verəcəyini gözləyirik. Burada təhsilin mümkün qədər əlçatan olması üçün əlimizdən gələni edirik. Belə ki, “İT-Akademiya”nın tələbələri təhsil haqlarının cəmi 10%-ni ödəyəcəklər.
Hazırda əla kadrlarımız var, lakin bu, ölkədə keyfiyyətli sıçrayışı təmin etmək üçün kifayət deyil. Operativ şəkildə effekt əldə etmək üçün bu gün çoxlu sayda İT mütəxəssisinə ehtiyacımız var.
Bununla yanaşı, İqtisadiyyat Nazirliyi startapların stimullaşdırılması təşəbbüslərini davam etdirir. “Baku ID Summer’22” festivalı çərçivəsində İqtisadiyyat Nazirliyi 18 layihənin inkişafı üçün onların hər birinə 25 min manat vəsait ayırıb”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin