𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Modern.az-a istinadən xəbər verir ki, qeyri-hökumət təşkilatı kimi torpaqlarımızın işğalına son qoyulması ilə bağlı ictimai hərəkatın fəal iştirakçılarından olan Qarabağ Azadlıq Təşkilatı tarixi Qələbəmizdən sonra bölgədə yaranmış yeni reallıqlara və bununla bağlı dövlətimizin qarşısında duran mühüm çağırışlara uyğun fəaliyyət göstərmək barədə niyyətini ifadə edib.
Bu məqsədlə Təşkilat keçirilmiş qurultayında Azad Vətən Partiyasına çevrilməsi barədə qərar qəbul edib və partiya olaraq ərazilərimizin azad olunması ilə qazanılmış nailiyyətlərin inkişafını, ölkəmizin dünyada qüdrətli və güclü dövlət kimi möhkəmlənməsini və s. fəaliyyətinin əsas məqsədi kimi müəyyənləşdirib.
Təşkilatın nizamnamə və proqram məqsədlərinin ölkəmiz üçün aktual və əhəmiyyətli olan məsələləri əhatə etməsi və sənədlərin qanunvericiliyə uyğun olması nəzərə alınaraq onun partiya kimi qeydə alınmasına dair Ədliyyə Nazirliyinin Kollegiya iclasında qərar qəbul edilib.
Sentyabrın 6-da sözügedən partiyanın sədri Akif Nağıya nazirlikdə dövlət qeydiyyatı haqqında şəhadətnamə təqdim olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin