Son günlər sosial şəbəkələrdə yol polisinin sürücünü əsassız yerə saxlaması ilə bağlı video geniş müzakirəyə səbəb olub. Yayılan videoda YPX əməkdaşı sürücüyə onu hansı səbəbdən saxlamasını izah etməkdə çətinlik çəkir. Əvvəlcə sürücüyə qayda pozduğu, daha sonra içkili olub-olmadığını yoxlamaq üçün saxlanıldığı deyilir. Bəzi hallarda isə sadəcə “sənədləri yoxlamaq üçün saxlamışıq” deyərək sürücüyə izah verilir.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 qafqazinfo-ya istinadən xəbər verir ki, həmin video ilə bağlı bir qrup vətəndaş yol polisinin sürücünü istədiyi vaxt saxlamasının qanuna uyğun olduğunu, bir qrup isə qanunsuz olduğunu iddia edib.
Fikir ayrılıqları ilə bağlı hüquqşünas, yol hərəkəti və nəqliyyat üzrə ekspert Ərşad Hüseynov qafqazinfo saytına açıqlamasında bildirib ki, yol patrul xidmətinin həyata keçirilməsi Yol hərəkəti haqqında qanun, İnzibati Xətalar Məcəlləsi və Yol patrul xidməti haqqında təlimatla tənzimlənir: "Yol patrul xidməti əməkdaşları polis əməkdaşları sayıldığına görə öz fəaliyyətlərində polis haqqında qanuna ciddi riayət etməlidirlər. Digər tərəfdən, daxili işlər orqanları əməkdaşlarının etik davranış qaydaları var. Ona ciddi əməl etməlidirlər. Ən ciddi məsələlərdən biri də yol patrul xidməti zamanı yol hərəkəti iştirakçıları ilə davranışın, münasibətlərin, ünsiyyətin qaydalara uyğun olmasıdır.
Yol patrul xidməti əməkdaşı bu davranış qaydalarından, təlimatdan kənara çıxacaqlarsa, eybəcər mənzərələr yaranacaq. Məsələn, yol patrul xidməti əməkdaşı sürücünü yalnız Yol hərəkəti haqqında qanunda göstərilən əsaslardan biri olduqda saxlaya bilər. O, ürəyi istəyəndə, yaxud xoşuna gələn və ya gəlməyən istənilən avtomobili saxlaya bilməz. Yol patrul xidməti haqqında təlimatı Daxili İşlər Nazirliyi təsdiqləyib. Nazirliyin təsdiqlədiyi sənədə bütün daxili işlər orqanları əməkdaşları əməl etməlidir. Səbəb olmadan kimisə saxlamaq olmaz, saxladın dərhal yaxınlaşmalısan, özünü təqdim edib saxlama səbəbini aydın şəkildə deməlisən. Bundan sonra yerdə qalan məsələlər, sürücünün sənədinə baxmaq, qayda pozuntusu varsa, həmin qayda pozuntusunu rəsmiləşdirmək, onunla bağlı sürücü ilə müəyyən dəqiqləşdirmələr aparmaq olar. Bütün bunlar etik qaydalar çərçivəsində olmalıdır. Müraciətlər “siz”lə, mədəni şəkildə olmalıdır.
Yol patrul xidməti haqqında təlimat yol hərəkəti iştirakçısını danlamağı, tənbeh etməyi qadağan edir. Sadəcə hüquqlarını izah etməlisən. Belə təlimat pozuntuları olanda cəmiyyətdə ikrah hissi yaranır. Bu da polisin nüfuzuna ciddi zərər yetirir. Polisin fəaliyyətinə cəmiyyətdə yanaşmanı mənfi istiqamətlərə yönəldir. Polis əməkdaşı peşəkar olmalı, hərəkət iştirakçısı ilə ünsiyyətdə təlimatdan kənar davranışa yol verməməlidir. Dəfələrlə belə səhvlərə yol verənlər polis sıralarından kənarlaşdırılmalıdır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin