Xalqımız ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü bu dahi şəxsiyyətin ən böyük arzusunun həyata keçməsinin – işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən şanlı Qələbəmizin sevinci ilə qeyd edir. Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”.
1993-cü ildə xalqın çağırışı və təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin təklif etdiyi milli dövlət quruculuğu və müasir inkişaf strategiyası özündə müstəqilliyin təmin edilməsi və müstəqil siyasətin həyata keçirilməsi, ictimai-siyasi sabitlik, iqtisadi inkişaf və güclü iqtisadiyyat, islahatlar və müasir cəmiyyət quruculuğu, ordu quruculuğu, suverenlik, ərazi bütövlüyünün bərpası, beynəlxalq münasibətlər sisteminə inteqrasiya, azərbaycançılıq ideologiyasına əsaslanan milli birlik və həmrəylik, milli ənənələrə və tarixi köklərə bağlılıq kimi vacib komponentləri birləşdirirdi.
Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması bir hədəfə – Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə istiqamətlənmişdi. Dahi rəhbər bu yolda yorulmadan çalışdı. Onun qətiyyətli və uzaqgörən siyasəti nəticəsində vətəndaş müharibəsinin qarşısı alındı, ölkə siyasi böhrandan, parçalanmaq təhlükəsindən xilas olaraq, sabitlik və inkişaf yoluna qədəm qoydu. Azərbaycan regionun ən etibarlı və güclü dövlətlərindən biri kimi özünü dünyaya təqdim etməyə müvəffəq oldu. Birqütblü dünyaya sürətli keçidin ciddi böhran, bir çox hallarda fəlakətlər yaratdığı çətin və qeyri-müəyyən tarixi mərhələdə Azərbaycan özünün Şərq və Qərb arasında körpü funksiyasını bərpa edə bildi. Azərbaycanda bazar iqtisadiyyatı quruculuğu istiqamətində mühüm addımlar atıldı, neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin gələcək inkişafının beynəlxalq zəmanəti və maddi resursları təmin olundu.
Ümummilli Liderin nəticəyə hesablanmış siyasəti sayəsində güclü milli iqtisadiyyatın qurulması istiqamətində ciddi uğurlar əldə edildi. Ordu quruculuğu böyük sürətlə həyata keçirildi. Münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq informasiya məkanında göstərilməsi, Ermənistanın təcavüzkarlığı, işğalçılıq siyasəti haqqında məlumatların dünyaya çatdırılması istiqamətində mühüm işlər görüldü. Bütün bunlar Azərbaycanın gələcək hərbi qələbəsinə hazırlıq prosesi idi. Ulu Öndərin məqsədyönlü siyasəti sayəsində gələcək qələbəyə siyasi, iqtisadi və hərbi cəhətdən hazırlıqlı güclü Azərbaycan qurulmağa başlandı.
Bütün fəaliyyətini Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına və möhkəmlənməsinə, iqtisadi cəhətcən qüdrətlənməsinə, ərazi bütövlüyünün təmin olunmasına həsr edən ulu öndər Heydər Əliyevin ideyaları onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2003-cü ildə onun yarımçıq qalan işlərini tamamlamaq üçün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev hakimiyyətə gəldi. İlham Əliyevin prezident seçilməsindən sonra ölkədə tikinti-quruculuq, idman, iqtisadiyyat, kənd təsərrüfatı, enerji, nəqliyyat və ordu quruculuğu sahəsində mühüm işlər həyata keçirildi. Ölkəmiz xarici dövlətlərlə dostluq əlaqələrini daha da möhkəmləndirərək beynəlxalq aləmdə öz imicini formalaşdırdı.
Ölkəmizin ən böyük uğuru isə torpaqlarımızın erməni işğalçılarından azad edilməsidir. “Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir” – deyən Heydər Əliyevin arzuları 2020-ci ilin payızında – 44 günlük Vətən müharibəsində gerçəkləşdi. Haqq savaşında Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Məhz bu birlik sayəsində rəşadətli Ordumuz 28 ildən sonra tarixi ədaləti bərpa edərək işğal altında olan torpaqlarımızı düşmənlərdən azad etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Prezident İlham Əliyevin Şuşa azad olunan gün – noyabrın 8-də xalqa müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” sözləri illərdir aparılan bu uğurlu siyasətin möhtəşəm nəticəsi idi. Vətən müharibəsində qazanılmış tarixi Zəfər mahiyyət etibarilə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir.
Zövqiyyə Əsədova,
Bərdə rayon Qazaxlar kənd tam orta məktəbin direktor əvəzi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin