10 mart 2022-ci il tarixində Azərbaycanda səfərdə olan Gürcüstan Respublikasının ədliyyə naziri Rati Breqadzenin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Mərkəzdən Anmedia.az-a verilən məlumata görə, qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlərin əldə olunduğunu qeyd edib. Bildirilib ki, bu günədək 50 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.
Bundan əlavə qonaqlara Dövlət Agentliyinin elektron hökumət və sosial innovasiyalar sahəsində həyata keçirdiyi layihələr, Səyyar ASAN xidmət, eləcə də “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.
Rati Breqadze dövlət xidmətlərinin göstərilməsi və elektron hökumət sahəsində Dövlət Agentliyi tərəfindən əldə edilmiş nailiyyətləri və həyata keçirilən layihələri yüksək qiymətləndirib. Səyyar ASAN xidmət və 2019-cu ildə təsis olunmuş “Dövlət Xidmtləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası”nın fəaliyyətini xüsusilə qeyd edən gürcüstanlı nazir bu çərçivədə Dövlət Agentliyi ilə əməkdaşlıqdan məmnun olacaqlarını bildirib.
Sonda xatirə hədiyyələri təqdim olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin