
Aydın Tağıyevin müəllifi olduğu “Vətən” layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Eldar Əliyev 1994-cü il fevralın 13-də Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı şəhəri 70 nömrəli məktəb-liseyə daxil olub. 2011-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültesinə daxil olub. Savadına, intellektinə görə yoldaşlarından fərqlənən Eldar, 2012-ci ildə təhsil aldığı universitetdə fakültələrarası “Nə? Harada? Nə zaman?” yarışında birinci yeri tutur. Ardınca “Breyn rinq” intellektual oyununda da eyni nəticəni təkrarlayır. “Gənclər fondu”nun təşkil etdiyi “Tələbələrarası I iqtisadi biliklər olimpiadası”nın final mərhələsində də uğurlu mübarizə aparıb.
Eldarın şahmat, riyaziyyat və müharibə-strategiya oyunlarına böyük marağı var idi. Napoleon haqqında araşdırmağı, oxumağı çox sevdiyi üçün dostları arasında “Napo” ləqəbi ilə çağrırdı.
2016-cı il hərbi xidmətdən qayıdan Eldar Əliyev, Azərbaycanın böyük şirkətlərinin birində, Azərbaycan Supermarket MMC-də işə başlayır. Çalışqanlığı və savadı ilə birlikdə şərablar haqqında olan bilgisi onu daha böyük şirkətlərdə daha yüksək vəzifələrə aparır və Azərbaycanın ən böyük oteli olan Bulvar Hoteldə çalışmağa başlayır. Eldar həmçinin özünü inkişaf etdirmək üçün xarici universitetlərin təşkil etdiyi kurslarda iştirak edir, beynəlxalq sertifikatlar əldə edirdi. İngilis, rus və türk dillərini mükəmməl bilirdi. Subay idi.
2015-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra hərbi xidmətə çağırılan Eldar, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu motoatıcı hərbi hissəsində pulemyot atıcı olaraq xidmət edir.
2020-ci il 27 sentyabr Vətən müharibəsinin başlaması ilə birlikdə Eldar da cəbhəyə könüllü olaraq yollanır. Füzuli, Hadrut və Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 13 Oktyabr tarixində Füzuli rayonu döyüşlərində qəhrəmanca şəhid olmuşdur. 18 Oktyabr tarixində Bakı şəhərində, Əhmədli qəsəbəsi qəbristanlığında dəfn olunmuşdur. Qeyd edək ki, Eldarın dayısı Əbilov Əfsər də Birinci Qarabağ Müharibəsində şəhid olmuş və Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Xocavəndin azad olunmasına görə” medalına Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il sərəncamı ilə layiq görülüb.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Füzulinin azad olunmasına görə” medalına Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il sərəncamı ilə layiq görülüb.
Dünyaca məşhur “Nyu-York Tayms” qəzeti İkinci Qarabağ Müharibəsi haqqında olan məqalələrindən birində Eldar Əliyevin şəhid olmasından bəhs etmişdi.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqına böyük zəfər qazandırdı, eyni zamanda yüzlərlə qəhrəman övladını əbədiyyətə qovuşdurdu. Həmin qəhrəmanlardan biri də oktyabrın 13-də şəhidlik zirvəsinə yüksələn Eldar Əliyevdir. Onu tanıyanlar Eldarın savadı, intellekti, liderlik xüsusiyyətləri və vətən sevgisi haqqında danışırlar. Ancaq Eldarı ən yaxşı tanıyan insanlardan biri, şübhəsiz ki, atası Süleyman Əliyevdir. Övlad itkisi hər bir ata üçün sağalmayan yaradır. Buna baxmayaraq, Süleyman müəllim Eldardan danışarkən həm qürur duyur, həm də kövrəlir. Onun söylədiyi hər xatirə Eldarın necə bir insan olduğunu daha aydın göstərir.
– Süleyman müəllim, Eldar necə uşaq idi?
– Eldar 1994-cü il fevralın 13-də dünyaya gəldi. O vaxt yaxınlarımız zarafatla deyirdilər ki, ay bala, nəhs gündə doğulmusan. Eldar isə böyüyəndən sonra gülümsəyərək deyirdi: “Siz hələ heç nə bilmirsiniz, görəcəksiniz”. İllər sonra həmin sözləri xatırlayanda adamın ürəyi parçalanır. Fevralın 13-də dünyaya gələn oğlum taleyin qəribə yazısı ilə oktyabrın 13-də şəhid oldu. Eldar lap körpə yaşlarından fərqli idi. Ana bətnində də çox hərəkətli olub. Evdə dünyaya gəlmişdi. Bacısı və qardaşı ondan böyük olduğuna görə onların kitablarına, dəftərlərinə maraq göstərirdi. Üç-dörd yaşında şahmat oynayırdı, vurma cədvəlini bilirdi, yazıb-oxumağa çalışırdı.
– Məktəb illərində hansı xüsusiyyətləri ilə seçilirdi?
– Ən böyük xüsusiyyəti məğlubiyyəti qəbul etməməsi idi. Şahmat oynayanda uduzurdusa, dərhal revanş istəyirdi. Futbolda da belə idi. Həmişə qalib gəlmək istəyirdi. Bir dəfə məktəbdən ağlaya-ağlaya evə gəldi. Sən demə, müəllim ona 4 qiyməti yazıb. O qədər narahat olmuşdu ki, elə bil böyük bir haqsızlıq baş vermişdi. Sonra müəllim yenidən soruşdu, 5 aldı. Ondan sonra sakitləşdi.
Eldarın dünyasında sanki 4 qiyməti yox idi. O, hər işdə ən yaxşısını etmək istəyirdi.
– Təhsil həyatı haqqında nə deyə bilərsiniz?
– Orta məktəbi əla qiymətlərlə bitirdi. Sonra Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olundu. Heç kimdən kömək istəmədi, öz biliyi ilə oxudu.
Kitab oxumağı çox sevirdi. Xarici dillərə xüsusi marağı vardı. Bir neçə dili bilirdi. Müxtəlif bilik yarışlarında iştirak edir, uğurlar qazanırdı. Mən həmişə hiss edirdim ki, onun maraq dairəsi yaşıdlarından daha genişdir. Daim öyrənmək istəyirdi.
– Eldarın strateji düşüncəyə malik olduğu deyilir...
– Bəli, bu, həqiqətən belə idi. Uşaqlıqdan kompüter qarşısında saatlarla strateji oyunlar oynayırdı. Dövlətlərin idarə olunması, müharibə taktikaları, dünya xəritələri, tarixi sərkərdələr onun maraq dairəsində idi.
Bəzən otağına girib soruşurdum:
– Nə edirsən?
Deyirdi:
– Papa, sən bilmirsən, dayan...
Saatlarla müxtəlif dövlətlər qurur, xəritələr üzərində işləyir, planlar hazırlayırdı. O vaxt bunu sadəcə maraq hesab edirdik. Sonradan düşündüm ki, bəlkə də onun liderlik ruhu elə o illərdən formalaşırmış. Universiteti bitirdikdən sonra hərbi xidmətə getdi. İstəsəydi Bakıda qala bilərdi. Mən də dedim ki, lazım olsa, burada xidmət etməsinə kömək etmək olar.
Amma razılaşmadı.
Dedi:
– Naxçıvanı heç görməmişəm. Gedim oranı da tanıyım.
Beləcə, Şahbuzda xidmət etdi. Qısa müddətdə komandirlərin hörmətini qazandı. Savadı, kompüter bilikləri, təşkilatçılığı ilə seçildi.
Hər zaman harada olurdusa, çalışırdı ki, faydalı olsun.
– Hərbi xidmətdən sonra iş həyatı necə başladı?
– İş təklifləri çox idi. Hətta Mərkəzi Bankdan da çağırış almışdı.
Mən dedim:
– Belə nüfuzlu yerdir, niyə getmirsən?
Dedi:
– Mən orada işləmək istəmirəm.
Sonra Paşa Holdinqdə fəaliyyətə başladı. İşinə çox məsuliyyətlə yanaşırdı. Haqsızlıq görəndə susmurdu. Prinsipial idi.
Onun üçün vəzifə və ad yox, nəticə və fayda önəmli idi.
– Ata kimi Eldarın hansı xüsusiyyəti sizin yaddaşınızda daha çox qalıb?
– Həmişə tələsirdi...
Bu gün də ən çox düşündüyüm budur.
Telefonla danışanda çox vaxt deyirdi:
– Papa, vaxtım yoxdur.
Bacısına da belə deyirdi, qardaşına da, dostlarına da.
Biz bunu adi söz hesab edirdik. Elə bilirdik işləri çoxdur, ona görə belə danışır.
Amma illər keçdikcə həmin sözlərin mənası dəyişdi.
Bəzən öz-özümə fikirləşirəm ki, bəlkə Eldar doğrudan da vaxtının az olduğunu hiss edirmiş...
Sanki zamanla yarışırdı.
Sanki çatmalı olduğu bir ünvan vardı.
Sanki taleyi onu tələsdirirdi.
Və nəhayət, o, hər kəsin çata bilmədiyi zirvəyə – şəhidlik zirvəsinə çatdı.
Müəllif qeydi
Süleyman müəllimlə söhbətimiz başa çatanda uzun müddət danışa bilmədim. Qarşımda övladını itirmiş bir ata oturmuşdu, amma o, ağrıdan daha çox qürurla danışırdı. Eldarın uşaqlıq xatirələrini dinlədikcə onun şəhidliyə gedən yolunun təsadüfi olmadığını hiss edirdim. Hər detal, hər xatirə bu gəncin fərqli bir ömür yaşadığını göstərirdi. “Papa, vaxtım yoxdur” cümləsi isə müsahibə boyu qulağımdan getmədi. Süleyman müəllimin gözlərindəki həsrət və qürur bir-birinə qarışmışdı. Müsahibədən ayrılarkən bir daha anladım ki, Vətən uğrunda canından keçən qəhrəmanlar onları böyüdən ailələrin, xalqın qəlbində də əbədi yaşayır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Unutmadıq və unutdurmarıq!
Fəridə Ağazadə
Jurnalist







Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








