QEYD: Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu "Vətən" layihəsi çərçivəsində üçüncü kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Layihə çərçivəsində növbəti ziyarətim İkinci Qarabağ müharibəsi qəhrəmanı, şəhid Elxan Məmmədovun ailəsi oldu. Elxan Bədəl oğlu Məmmədov 1998-ci il mayın 15-də Qobustan rayonunun Cəyirli kəndində anadan olub. 2005–2016-cı illərdə Qobustan rayonunun A. Quliyev adına Cəyirli kənd tam orta məktəbində təhsil alıb. Elxan Məmmədov 2016–2018-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Subay idi.
Şəhidimiz haqda həmsöhbətim anası Məcidova Zərəfşan xanım oldu. Zərəfşan ana deyir ki, onun iki qız, iki oğul övladı var. Şəhidimiz onun sonuncu övladı olub.
"Fikirləşirəm ki, Elxanın heç uşaqlığı olub ki? O qədər zəhmətkeş idi, 2 yaşından övladlarımı nənə himayəsində, yəni anamın yanında böyütmüşəm. Onlara həm ata, həm ana olmuşam. Elxan balaca yaşlarından zəhmətkeş, qayğıkeş, Vətənpərvər övlad olub", - deyə qəhrəman qardaşımız haqqında danışmağa başlayır Zərəfşan ana.
"İşlək, zəhmətilə çörək qazanan insan idi. Bir dəfə bu qapıda Elxanın üstünə bir maşın kubik daş töküldü, bir ayağı və başını qan götürdü. Heç nə olmadı. Getməmişdən on gün əvvəl olardı. Qonşu üçün ev tikirdilər. Orda 3-cü mərtəbədən yıxılıb, iki saat komada qalıb. Deyiblər anası bilməsin, bəlkə ayılar. Uşaq ayılıb, özünə gəlib, qayıdıb evə. Demir ki, başıma belə bir iş gəlib. Çöldə olanı heç vaxt evdə danışmazdı. Üstdən üç gün keçib, zarafatla deyirdi, ay ana, xəbərin var mənim bu gün üçüm idi. Dedim, anan qurban, nə danışırsan? Deyirəm, o zaman qurban olduğum Allah qoymadı bir şey ola, qisməti şəhidlik imiş. İki dəfə ölümdən qayıtmışdı. Belə fəxr ediləsi övlad idi.
O qədər qürur duyuram ki, övladlarımla. Kiçik yaşlarından işləyiblər ki, heç kimə möhtac olmayaq. Bu evi də öz halal zəhmətlərilə qazanıb tikiblər. Heç vaxt evə haram pul gətirməzdilər, qal-qiybəti sevməzdi. İki adam birgə əyləşəndə mənə işarə edirdi ki, dur gedək evimizə qiybət edəcəklər. Mən də qalxıb gəlirdim balamla. Kasıb idi, ancaq mərd idi. Xəstələnəndə həmişə başımın üstə olurdular, heç məni tək qoymurdu balalarım.
Orta məktəbə elə kəndimizdə gedib. Məktəbi bitirib hərbi xidmətə yollandı. Əvvəl Beyləqanda, sonra Ağcabədidə xidmət keçib. 2016-cı ildə xidmətini başa vurub gəldi. 2020-ci ilin 12 iyul Tovuz döyüşləri gedəndə gedib könüllü kimi hərbi komissarlıqda qeydiyyatdan keçib. 20 sentyabrda Elxana zəng gəldi. 21-i bizimlə sağollaşıb getdi. Dedi, ana, gedib qayıdacam. Daha geri qayıtmadı..."
Sonra böyük oğlum gəldi ki, ana, bəs Elxangili yığıb apardılar. Mən bilmirdim ki, o, könüllü yazılıb:
"Gedib ora çatdı, 2-3 gün Elxana zəng çatmadı. Bağrım çartlayırdı sanki. Qusara təlimə aparıblarmış. Oradan telefon tapıb zəng etdi bizə. Dedi, ana, yaxşıyam narahat olma. On günə qayıdacağam. O gedən, bu gedən, qayıtmadı balam...
27 sentyabrda müharibə başladı. Müharibəyə qoşuldu. Qusardan getmişdilər. Cəbrayılda, Xocavənddə, Füzuli döyüşlərində iştirak edib. Kəşfiyyatçı, topçu idi deyə irəlidə döyüşüb. Əvvəl Cəbrayıl, Xocavənddə döyüşüb, sonradan Füzuliyə gediblər. Füzulidə olanda danışırdıq. Zəng edirdi, deyərdim, lap xeyli danışmışıq. Həmişə yığırdı ki, ana, irəlidə döyüşürük, ancaq yaxşıyam narahat olma. Deyirdi, yemək -içməyinə fikir ver. Sonuncu zəngi oktyabrın 9-u oldu. Ondan sonra zəngi kəsildi. Çox narahat oldum... Uşaqlar başladı axtarmağa. Dedim balamın zəngi kəsilib, vallah nəsə olub. Elə oldu ki, xəbər gəldi bəs 11-i Füzulidə yaralanıb. Çoxlu yaralılar daşıyıb, sonda özü də yaralanıb. Soraq aldıq, çox axtardıq. Gəldik Bakıda hərbi hospitalda tapdıq. Ayın 14-də tapdıq, başından yaralı idi. Ondan sonra 18 gün komada qaldı. Deyirdilər yaxşıdır, sevinirdim ki, balam yaxşıdır. 19-cu gün şəhadətə ucaldı. Qəhrəman oldu mənim balam... (Red. ağlayır) Vətən sağ olsun!"
Zərəfşan ana deyir ki, kəndimizə gələn ilk şəhid elə Elxan oldu. Birinci getmişdi, birinci də gəldi. Balam o qədər halal, zəhmətkeş oğul idi ki, Allah onu mükafatlandırdı:
"Komandiri gəlmişdi, deyirdi Elxan həmişə qabaqda gedirdi. Uşaqlara deyirdim gedək qabağa, Elxan ağacın dibində oturub əlində bir tikə çörək yeyirdi. Məni eşidən kimi dedi, komandir, mən gedəcəyəm. Döyüş yoldaşları da onun bu sözündən cuşa gəlib, hamısı qalxıb ki, gedirik. Çörəyini qoyub yerə, düşüb qabağa.
Hərbi xidmətdə olanda da belə idi. Gələndən deyirdi, haçan torpaqlarımız alınsa, döyüşə birinci gedəcəyəm. Dediyi kimi də etdi balam. Qurban olum onların yatdığı torpağa, uca məqamlarına. Onlar evdən yox, eldən gediblər.
Ordan dostlarına da yığıb, deyib anama deyin könüllü yazılmışdım deyə belə anidən gəldim. Sonuncu dəfə də danışanda deyib ki, ürəyimə damıb ki, şəhid olacağam. Elə dediyi kimi də oldu. Hələ də inanmıram, gözüm pəncərədə qalıb. Bəzən elə bilirəm Elxan hardasa işdən gələcək. Gəlib yenə anasından yemək istəyəcək. Həmişə gəlib deyərdi, ana, mənə yemək ver, işə qayıdacağam. Səhər duranda yanaqlarımı sıxardı, öpərdi. İndi səhərlər durub yapışıram şəklindən, deyirəm, qoxusundan doymadığım balam. (Red. ağlayır)"
Şəhid anasının deyir ki, həm Cəyirli, həm də Çalov kəndlərinin orta məktəblərində adına sinif otaqları var. Həmişə doğum günlərində, ildönümlərində yad edirlər. Həmişə diqqətdə saxlayırlar, gəlib yoxlayırlar. Allah bütün şəhid ailələrinə səbr versin, bundan sonra heç bir ana bala dağı görməsin. Şəhidlərimizin hamısının ruhu şad olsun, şükür onların məqamı ucadır. Bizi qəhrəman anası ediblər.
Azərbaycan Ordusunun əsgəri olan Elxan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elxan Məmmədov oktyabrın 11-də Füzulinin azad edilməsi zamanı ağır yaralanıb və 18 gün xəstəxanada müalicə aldığdan sonra oktyabrın 29-da şəhid olub. Qobustan rayonu Cəyirli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" "Füzuli uğrunda" " Cəbrayıl uğrunda" "Xocavənd uğrunda" medalları ilə təltif edilib.
Ruhun şad olsun, qəhrəman qardaşım!
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil jurnalist
Afaq Rza
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin