Bu gün haqqında söz açacağım daha bir qəhrəmanımız 44 günlük Vətən müharibəsi şəhidi “Bayraq” ordenli Şəhriyar Nəsib oğlu Quliyevdir.
Şəhriyar Nəsib oğlu Quliyev 1990-cı il mayın 25-də Ağdam rayonunun Cinli kəndində anadan olub. 1997–2008-ci illərdə Sumqayıt şəhərində M. Füzuli adına 15 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 oğlu yadigar qaldı.
Şəhriyar Quliyev 2008–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. 2016-cı ilin 2–6 aprelində baş verən Aprel döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun giziri olan Şəhriyar Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.150-ə yaxın erməni əsgər və zabitini məhv edib. Məhv edilənlər arasında polkovnik də olub. Şəhriyar Quliyev oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhadətə yüksəlib.
Şəhidimizin həyat yoldaşı Quliyeva Pərvin Allahyar qızı 1995-ci ildə Yevlax rayonunda anadan olmuşdur, ali təhsillidir. Hazırda UNEC-də Biznes və İdarə etmə ixtisası üzrə magistr təhsili alır. Pərvin xanım deyir ki, ailədə iki övladımız var, Camal və Ramal:
"Camal 2016-ci ildə Sumqayıt səhərində anadan olub. İdrak liseyində ikinci sinifdə oxuyur. Ramal isə 2017-ci ildə Sumqayıt şəhərində anadan olub. Kaspi uşaq bağçasında məktəbəqədərdə oxuyur".
Şəhidimizin atası Quliyev Nəsib Bahadur oğlu 1958-ci ildəAğdam rayonunda anadan olub, orta təhsillidir. Şəhidimizin anası Quliyeva Xalidə Baloğlan qızı 1963-cü ildə Ağdam rayonunda anadan olub. Ali təhsillidir, evdar xanımdı.Şəhidimizin qardaşı Quliyev Rəmzi 1987-ci Ağdamda anadan olub, orta təhsillidir. Ailəlidir, 2 övladı var.
Pərvin xanım deyir ki, Şəhriyar məktəbli vaxtlarından musiqi ilə məşğul olub. Tar və pianinoda ifa edirdi:
"Musiqi təhsilini sona qədər davam etdirməyib. On üç il hərbidə öz istəyi ilə xidmət edib. Boksla məşğul olurdu. Çox ailəcanlı, vətənpərvər idi. Valideynlərini daima hər şeydən üstün tutardı, səyahət etməyi, bizimlə vaxt keçirməyi çox sevərdi. Yardımsevər, çox təmkinli və sadə insan idi, hamının köməyinə çatardı, aztəminatlı ailələrə həmişə maddi dəstək olardı. Qarabağa qayıtmağı, düşmən tapdağı altında qalan torpaqlarımız uğrunda döyüşmək həyatının ən böyük arzusu idi. Müharibə başlayanda hədsiz sevincli idi, hətta döyüşlərə belə böyük sevinclə, həvəslə qatılardı.
Onunla son danışığımız 19 oktyabrda olub, bizimlə danışarkən döyüşlərdəki ağrı-acısnı bizə heç bildirməzdi. Uşaqlar atalarına ürək-dirək verirdi, hətta "Qarabağ Azərbaycandır!", deyə atalarına dayaq olurdular, o da kövrəlirdi. Deyirdi, bu döyüş sona qədər davam etməlidir, bir parça torpağımız belə yağı düşməndə qalmamalıdır. Böyük əzmlə, həvəslə döyüşürmüş. Döyüş yoldaşları deyir ki, heç vaxt heç kəsi yarıda qoymazdı. İndi böyük oğlumuz Camal atasına oxşayır, onun kimi eyni xarakterdədir. Mənə elə gəlir ki, sanki tarix təkrarlanır…"
Şəhidimizin xanımı deyir ki, Şəhriyar Quliyevin adına ailənin vəsaiti hesabına yaşadığı şəhərcikdə bulaq abidə kompleksi, baralyef, bir çox məktəblərdə isə adına sinif otaqları var. Sumqayıt şəhəri Z.Hüseynov küçəsindən S. Vurğun küçəsinə qədər olan küçə Şəhriyar Quliyevin adını daşıyır.
Yekun olaraq şəhid Şəhriyar Quliyevin yoldaşı Quliyeva Pərvin xanım deyir ki, Allah dövlətimizi, millətimizi qorusun, şəhidlərimiz unudulmasın:
"Onlar bizim fəxrimizdir. Prezidentimizə, qazi qardaşlarımıza Allah cansağlığı versin. Arzum işğaldan azad olunmuş torpaqlarımıza getmək və qəhrəman yoldaşımın döyüşdüyü yərlərdə olmaq və onu yad etməkdir. Biz onunla və bütün şəhidlərimizlə fəxr edirik!"
Şəhriyar Quliyev oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhadətə yüksəlib. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Şəhriyar Quliyev "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhun şad olsun, Vətən oğlu!
Azərbaycan Jurnalistlər birliyinin üzvü, gənc alim
müstəqil araşdırmaçı jurnalist Günel Şəmilzadə
Əlaqə: gshamilzada@gmail.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin