Hər kəs yaşayır və unudulur, amma ölümündən sonra unudulmayan və əsrlər boyu yaşamaq seçilmişlərin taleyinə yazılmış qanundur bəlkə də. Həmin seçilmişlər həyatı boyu qanı, canı bahasına ana Vətənə, xalqına xidmət edənlər və Zəfərimizin qəhrəmanlarıdır. Bu gün haqqında söz açacağım qəhrəmanımız “Azərbaycan Bayrağı” ordenli şəhidimiz Tərzan Həşimovdur.
Tərzan Həşimov 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub. Ailəli idi, iki qız övladı yadigar qalıb.
O, orta təhsilini 1995-2006-cı illərdə alıb. 2007-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb. Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb. 2008-ci il 1 oktyabr həqiqi hərbi xidmətini başa vuraraq təxris olunub. Hərbiyə olan marağı bir ömür onu hərbiçi kimi formalaşmasında böyük rol oynayıb. 2010-cı ilin mart ayında “Gizirlərin hazırlığı” kursunu bitirir və gizir rütbəsini alıb. 2011-ci ilin iyun ayında Xüsusi Təyinatlı Qüvvələr qrupunun kəşfiyyatçı vəzifəsinə təyin olunub. 2014-ci ildən “N” saylı hərbi hissənin xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçı vəzifəsində çalışıb.
Şəhid Tərzan Həşimov rabitəçi gizir rütbəsində xidmət göstərib və düşmən dilini səlis şəkildə bildiyi üçün bir neçə dəfə rabitəyə girərək düşmən texnikasını məhv edib.
Şəhidimiz həm də 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib, yaralanıb. O, döyüş müddətində xüsusi iradə göstərmiş və neytral zonadan döyüş zamanı həlak olan şəhidimizi çıxara bilib.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Tərzan Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Şəhidimizin həyat yoldaşı Mətanət Həşimova Mehman qızı Lerik rayonu Bibihoni kəndində 1996-cı ildə anadan olub. Orta təhsillidir, işləmir. O deyir ki, ailədə iki qız övladları var. Böyük qızları Mənsumə 2017-ci ildə Sumqayıt şəhərində anadan olub. Bu il İdrak liseyində 1-ci sinfə gedəcək. Balaca qızları Hökümə isə 2020-ci ildə Sumqayıt şəhərində anadan olub, bağçada kiçik yaşlı qrupda təhsil alır.
Şəhidimizin yoldaşı Həşimova Mətanət xanım deyir ki, Tərzanın valideynləri Bibihoni kəndində yaşayırlar. Ailədə 3 övlad: iki qardaş bir bacıdırlar. Mətanət xanım nəfəsini dərindən alaraq sözlərinə davam etdi:
“Tərzan gözəl insan idi. Vətəninə, bayrağına o qədər aşiq idi ki... Həyatının 11 ilini məhz hərbə həsr edib. İşlərinin çoxluğuna baxmayaraq, hamıya canyandıran, böyük- kiçik yeri bilən idi. Nə xoş xatirələrimiz var, nə qədər arzularımız isə yarıda qaldı… Tərzan ömrünün ən gözəl yaşında ən uca məqama ucaldı. Həmişə deyərdi ki, Vətən aşiqlərinin sonu şəhidlikdir. Ondan bizə qalan xatirələri və əşyalarıdır. Ən çox sevdiyi maşını və qol saatı idi. Qol saatı geyinməyi çox sevərdi…
“Biz onunla sirdaş, əsl dost olmuşuq, bir-birimizə dayaq idik. Mən rahat onunla hər sirrimi bölüşə bilirdim. İlk dəfə övladımız olanda, xüsusən də qızı olduğuna cox sevinmişdi. Həyatda heç kəsi Mənsumə qədər sevməmişəm, o mənim anamdır deyərdi. Hökümə olanda isə hər ikisinə analarım deyərdi. Həmişə deyərdi ki, çox şükür ki, qızlarım oldu. Məsumə polis, Hokümə isə idmançı olmaq istəyəndə ataları sevinirdi. Onlara, mənə həmişə dəstək olurdu. Məsumə rəssamlığa çox həvəs göstərir atasının şəkillərini, bizim birgə ailə tablomuzu çəkir. Biz çox xoşbəxt ailə olmuşuq...” (Red: ağlayır)
Şəhidimizin yoldaşı Mətanət xanım deyir ki, inanmazdım o gün son görüşümüz olar. Həmin gün gecəni heç yatmadıq, uşaqlarla birgə çox gözəl vaxt keçirdik:
“Evə, qızlarımıza lazım olan bütün ehtiyaclarımızı aldıq, gələcək planlarımızdan danışanda mənə dedi ki, əgər mən olmasam, hər şeyi sənə tapşırıram, qızlarımıza və özünə çox yaxşı bax! Həmişəki tapşırıqlarından bildim, çünki daima səfərlərində belə deyərdi. Mən ona yol üçün pul verdim ki, birdən lazım olar, götürmürdü. Şəhid olanda üstündə idi həmin pul. Vaxt yaxınlaşdı, biz Tərzanı yola saldıq. Dörd dəfə getdiyi yoldan geri qayıtmışdı, bizi möhkəm möhkəm qucağlayıb, ətrimizi içinə çəkdi. Dedi, qızlarımı pəncərəyə çıxar. Çıxdıq pəncərəyə gözdən itənə qədər bizə əl elədi, məhəllənin sonuna qədər gözü gözümüzdə qaldı. Sən demə, bilirdi geri qayıtmayacağını…Mən heç ağlımın ucundan keçirməzdim onun yoxluğunu…
Şəhid olacağı günə qədər telefonda danışardıq, uşaqlarına qarşı o qədər həssas idi ki, heç vaxt imkan verməzdi nədənsə narahat olsunlar və ya yuxudan oyansınlar. Hətta bir dəfə evə gəldiyi gün qızımız onun qucağında yuxuya getmişdi, səhərə kimi oturaq vəziyyətdə divanda qalmışdı ki, qızım narahat olub oyanmasın. Sözlə deyiləsi deyil, kəlmələr yetməz onun atalığına, sevgisinə, nəvazişinə. Son zəngində mənlə danışdı sonra dedi ki, qızlarımı oyat səslərini eşidim, darıxmışam”.
Şəhidimizin yoldaşı Həşimova Mətanət xanım deyir ki, şəhid xəbərini almamışdan öncə bağrımda kəskin yanğı hissi vardı, ağrı kəsmirdi, özümü ələ ala bilmirdim, hamının ölümünü fikirləşdim, bircə Tərzan yox! Şəhid olduğunu biləndə özümə ölüm arzuladım, çıxıb eyvanda bütün gecəni necə qışqırdığımı ağlınıza belə gətirə bilməzsiniz, özümə yer tapa bilmirdim:
“Sanki Allah səsimi eşitdi, Tərzanın tabutunu qarşılamağa gedərkən qəzaya düşdük, möcüzə idi, balalarımla salamat çıxdıq. Hamı deyir ki, möhkəm olmalıyam, körpələrimə görə həyat davam edir, amma əslində mənim ömrüm, xoşbəxtliyim Tərzanla birgə torpağa tapşırıldı. Qızlarımıza onun yoxluğunu izah edə bilmirəm, elə gün yoxdu ki, məndən soruşmasınlar atamız evə nə zaman gələcək? Mən, qızlarım onunla fəxr edirik!
Allah şəhid ailələrinə, övladlarına səbr versin. Allah ordumuzu, xalqımızı qorusun! Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin! Şəhidlərimizi heç zaman unutmamalıyıq!”
Tərzan Həşimov 20 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı və hərbi fəaliyyətində vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Tərzan Həşimov III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Ruhun şad olsun, Vətən oğlu!
Azərbaycan Jurnalistlər birliyinin üzvü, gənc alim,
müstəqil araşdırmaçı jurnalist Günel Şəmilzadə
Əlaqə: gshamilzada@gmail.com
[/spoiler]
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin