Haqqında danışacağımız növbəti igidimiz, Vətən müharibəsi şəhidi Elkiyar Abdulla oğlu Məmmədovdur.
Elkiyar Məmmədov 1992-ci ildə 7 avqust Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. 1998-2009-cu illərdə həmin qəsəbədə 4 nömrəli tam orta məktəbdə təhsil alıb.
O, 2010-cu ildə Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət edib və 2012-ci ildə hərbi xidmətini başa vurub․ 2013-cu ildən Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissədə MAXE rütbəsində sürücü kimi xidmətə başlayıb․ 2015-ci ildə Füzuliyə ezam olunub və 5 il Füzulidə yerləşən “N” saylı hərbi hissədə qüsursuz xidmət edib․
Azərbaycan Ordusunun əsgəri olan Elkiyar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə savaşıb.
Şəhidin həyat yoldaşı Kazımova Gülnaz xanım deyir ki, Elkiyarla evliliklərindən 3 övladları var:
"Böyük övladımız Abdulla 2014-cü ildə Astarada anadan olub. 3 nömrəli orta məktəbə gedir. Yaxşı oxuyur, əlaçıdır. Əkiz övladlarımız Damla və Duyğu 2018-ci ildə Astara rayonunda anadan olublar. Hazırda 4 yaşları var, bağçaya gedirlər.
Yoldaşım 35 gün döyüşüb. Maxe kimi 8 il tam xidmət edib. Füzuli, Zəngilan Cəbrayıla kimi getmişdi. O, sürücü idi, ön cəbhəyə yemək aparırdı. "N" saylı hərbi hissədə, şəhid olmasından 6 ay öncə rabitə xətləri çəkirdi. Ön cəbhədə idi.
2020-ci il 29 oktyabrda anam rəhmətə getdi, ondan 1 saat qabaq Elkiyarla danışmışdım, son telefon əlaqəmiz idi. O qədər sevincək idi. Gün ərzində 3-4 dəfə danışırdıq. Danışarkən axırıncı sözü o oldu ki, mən qabağa gedirəm, mənə zəng çatmayacaq. Üç gün ərzində həm anamı, həm yoldaşımı itirdim onlardan başqa arxa dayağım yox idi...(Red. ağlayır)
Mən həmişə ona deyirdim ki, mən sənsiz yaşaya bilmərəm. Bu gün məcbur yaşamalıyam, övladlarımı böyütməliyəm. O, ata-anasız böyümüşdü, 2 il də uşaq evində olub, sonra əmilərinin istəyi ilə götürüblər. Elkiyar çox çətin həyat yaşayıb. 4 yaşında atasını, 7 yaşında anasını itirib. Mən həyatda ona hər şeyi halal etdim. Kaş, bilsəydim şəhid olacaq, halallıq istəyərdim ondan...
Sonuncu dəfə Füzulidə idik, 2020-ci il 24 sentyabrda oradan çıxıb gəlmişəm, Astaraya. Məni güclə yola saldı rayona. Kaş, gəlməzdim bəlkə də hər şey başqa cür ola bilərdi. Allah ona rəhmət eləsin, o cənnətlikdir! Biz onlara borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"
Şəhidimizin adına Astara məktəblərində sinif otaqları var.
Azərbaycan Ordusunun əsgəri olan Elkiyar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə savaşıb. Elkiyar Məmmədov oktyabrın 30-da Xocavənd döyüşləri zamanı həlak olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elkiyar Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Ruhun şad olsun, igid qardaşım Elkiyar!