Bu gün şəhid kapitan Şahnur Şahin oğlu Hüseynovun qəhrəmanlığı haqqında söz açacağıq.
Kapitan Şahnur Şahin oğlu Hüseynov 1991-ci il noyabrın 30-da Polşanın Belqoqard şəhərində anadan olub. Orta təhsilini Füzuli rayon İkinci Mahmudlu kəndində alıb. 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirib. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali təhsil alıb. Şahnur Hüseynov Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə bölük komandiri, sonra taborun qərargah rəisi, daha sonra isə tabor komandiri vəzifələrində çalışıb. Ailəli idi, övladları yadigar qaldı.
Şəhid anası Hüseynova Hədiyyə xanım deyir ki, ailədə 3 övladımız var, böyük övladım Şəhid Şahnur Hüseynov idi:
"Daha sonra ortancıl övladım Şəbnəm və kiçik övladım Şəhriyar oğludur. Oğlum uşaqlıdan ata-anaya canyandıran idi. O bacı-qardaşını çox sevirdi. Həmişə atası onlara deyirdi ki, dərsini oxumayan ata-anasını çox istəmir. Ən ağır söz sayardı evdə balalarım bunu.
Cəlilabadda Göytəpədə yaşayırdıq, bacısını həmişə həyətə düşəndə qoruyardı, əlini heç buraxmazdı, o bacısını çox sevirdi. Biz Füzuliyə köçəndən sonra Narınc müəlliməsini çox sevirdi. Onun tərbiyəsinə görə müəllimə onun dərsləri ilə təmənnasız məşğul olardı. Atasının arzusu o idi ki, Şahnur hüquqşunas olsun. Müəllimləri deyirdi bu uşaq elə savadlıdır ki, ondan yaxşı həkim, hüquqşunas olar. Məktəbdə müəllimləri gələcək haqqında sual edəndə oğlum həmişə deyirdi, mən general olacağam".
Şəhid atası Hüseynov Şahin bəy deyir, 2020-ci il 27 sentyabrda Füzuli Alxanlı istiqamətində ilk tabor mənim oğlumun taboru idi ki, Ohanyan səddini yardı. "N" saylı 2 taborun komandiri idi, 400- 500 nəfərlik şəxsi heyətin rəhbəri idi.
Xidmətində fərqləndiyinə, savadına və təcrübəsinə görə 2013-cü ilin ilk tabor komandiri mənim oğlum olub. Həmişə əsgərlərinin qeydinə qalardı.
Qazax rayonundan gizir Həsənov adında bir nəfər gəldi dedi ki, o çətin anlarda mənim körpə övladım olmuşdu. O, mənim cibimə pul qoyub evimə yolladı ki, ata olmusan, get, balanı gör. Gəldi bizdən xahiş etdi ki, ikinci övladıma komandirim Şahnur Hüseynovun adın qoymaq istəyirəm.
Baş leytenant Yusif Abdullayev deyirdi ki, əgər bizim komandirimiz Şahnur Ohanyan səddini yarmasaydı, əsas hücum istiqamətini yaratmasaydı biz qələbə çala bilməzdik. Öz tabeliyində olan gizir sual edir ki, komandir döyüş olacaqmı? O isə cavabında bildirib ki, bəli, bu mərmilər sonuna kimi düşmənə atılacaq".
Şəhid anası Hüseynova Hədiyyə xanım deyir ki, ailəsi burada idi. Dedi ki, ana uşaqları gətirin:
"2020-ci il 22 sentyabrında uşaqları apardıq Beylaqana orada kirayədə qalırdılar. Həmin günü səhər tezdən atasına zəng etmişdi. Dedi, ata, sabah müharibə olmalıdır, hazırıq biz. Uşaqlardan muğayat ol.
Sevinə-sevinə deyirdi oğlun qələbə qazanıb, ana! O, general-mayor Polad Həşimov şəhid olanda dedi ki, ana, qadına bax, nə saçın yolub, nə üzün cırıb. Sən də belə ol. Bizdə iki şam ağacı var. Dedi, bax mən də şəhid olsam, bu iki ağacın ortasına qoyarsınız tabutumu. Balam dediyi kimi də etdik…(Red. ağlayır)
Namaz qılırdıq, birdən gəlib dedi ki, kimsə çağırır. Dedim, gözlə gəlirəm. Kəndin icra nümayəndəsi ilə bir kişi gəlmişdi. Atası dedi, nə olub mənim Şahnuruma? Özündən getdi. Elə o gündən bu yana heç nə xatırlamıram. Biz onunla daima fəxr edirik! Allah şəhidlərimizə rəhmət eləsin! Bütün qazilərimizə cansağlığı versin, amin!"
Şəhidin adına ailənin şəxsi vəsaiti hesabına bulaq kompleksi tikilib, orta məktəbdə adını daşıyan sinif otağı var və yaşadığı küçəyə onun adı verilib.
Azərbaycan Ordusunun kapitanı olan Şahnur Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahnur Hüseynov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Astara rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Şahnur Hüseynov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları və "Azərbaycan bayarağı", "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi" oredləri ilə təltif edilib.
Ruhun şad olsun, igid qardaşım!