Bu gün haqqında söz açacağım növbəti qəhrəmanımız Astara rayonundan olan Vətən müharibəsi qəhrəmanı Nail Rəfail oğlu Orucovdur.
Orucov Nail Rəfail oğlu 1978-ci il iyunun 11-də Astaranın Məsçidməhəllə kəndində doğulub. 1985-ci ildə Qapıcıməhəllə kənd orta məktəbinə daxil olub və 1992-ci ilə qədər həmin məktəbdə təhsil alıb. 1992-ci ildən 1995-ci ilə qədər təhsilini C.Naxçivanski adına Hərbi liseydə dəvam etdirib. 1995-ci ildə Bakı Ümumqoşun məktəbinə daxil olub və 1999-cu ildə həmin məktəbi "Motoatıcı" ixtisası üzrə bitirib.
Məktəbi bitirdikdə ona "leytenant" rütbəsi verilib və Müdafiə nazirinin əmrinə əsasən, xidməti davam etdirmək üçün "N" saylı hərbi hissəyə göndərilib. 1999-2002-ci illərdə orada motoatıcı taqım komandiri, 2002-2005-ci illərdə motoatıcı bölük komandiri, 2005- 2007-ci illərdə "N" saylı hərbi hissənin motoatıcı taborun maddi texniki təminat üzrə komandirin müavini, 2007-ci ildə "N" saylı hərbi hissənin motoatıcı taborun qərargah rəisi, həmin ilin dekabrından 2008-ci ilin dekabrınadək "N" saylı hərbi hissənin motoatıcı taborun qərargah rəisi, 2008-in dekabrından 2013-cü ilin iyuluna kimi N saylı hərbi hissənin maddi texniki təminat bölməsinin (Q4) rəisi - (qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi) vəzifəsinə təyin olunub. 2014-cü ilin yanvarından oktyabrına kimi "N" saylı hərbi hissənin motoatıcı tabor komandiri, 2015-ci ilin dekabrına kimi isə "N" saylı hərbi hissənin maddi-texniki təminat üzrə vəzifəsində xidmət edib.
Müdafiə Nazirinin 31.12.2015-ci ildə 0912 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməni 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq, hərbi geyim formasını daşımaq hüququ ilə Polkovnik-leytenant kimi ehtiyata buraxılıb.
29 sentyabr 2020-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təlimlərə cəlb olunub. Oktyabrın 6-dan etibarən, 1-ci Tabor komandiri vəzifəsi ilə müharibədəki xidmətinə başlayıb. Onun taboru Füzuli, Hadrut, Cəbrayıl və Qubadlı istiqamətində əks-hücum əməliyyatları ilə düşməni geri çəkilməyə məcbur qoyub, Qubadlı rayonunun Azərbaycan və Ermənistan sərhədin tam nəzarətə alıb. Ailəli olan şəhidimizin Ruslan, Əlihəsən və İbrahim adlı üç oğlu Vətənə əmanətdir.
Şəhidin həyat yoldaşı Ağamalıyeva Nigar xanım deyir ki, Naillə evliliklərindən üç oğul övladları var:
"Böyük oğlumuz Ruslan 2005-ci ildə Astara şəhərində andan olub. Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin tələbəsidir. Atasının ən böyük arzusu Ruslanın həkim olması idi. Ortancıl övladımız Əlihəsən 2006-ci ildə Astara şəhərində anadan olub. 11-ci sinifdə oxuyur. Aviasiya Akademiyasına hazırlaşır. Arzusu pilot olmaqdır. Kiçik övladımız İbrahim 2012-ci ildə Astara şəhərində anadan olub. Hazırda 3 saylı tam orta məktəbin 5-ci sinif şagirdidir.
2020-ci ilin sentyabr döyüşləri başlayanda ehtiyata buraxılmış Nail könüllü hərbi xidmətə getdi. Əvvəlcə Ağcabədidə bir həftə təlimlərdə iştirak edib. Sonra müvafiq əmrlə tabor komandiri vəzifəsinə təyin edildi.
Heç vaxt evə heç nə deməzdi ki, nə baş verir. O, gözəl ailə başçısı və gözəl həyat yoldaşı idi. Çox sevirdi ki, uşaqları ali təhsilli olsunlar. Mən həmişə danışarkən ona deyirdim ki, sənin burada 3 övladın var özünü qoru... Deyirdi ki, mənim orada 3 övladım varsa, burada 300 övladım var.
Biz hərbçi ailəsiydik. Evdən gedəndə ailə olaraq hamımızı yığdı başına. Əvvəl təhsillə bağlı arzularını dilə gətirdi, Ruslana həkim olmağı sırf ürəkdən arzuladı. Dedi həmişə bir-birnizin arxasında dayanın. Onun əsgərləri deyirdi ki, o bir ata kimi həmişə bizim yanımızda idi. Hətta əsgəri ailə qurub öz övladına komandiri Nailin adını qoyub. Gəlmişdilər bizə, onu xoş xatirələrlə andılar. Hələ də bizim onlarla əlaqələrimiz var. Nə qədər yaşayıırqsa, istəyirəm, gələcək nəsillərə bütün şəhidlərimizi tanıdaq, unutdurmayaq. Onları gələcək nəsillər unutmasın. Çalışaq, şəhidlərimizin məqamını hər zaman uca tutaq. Yaşasın müstəqil Azərbaycan!"
Şəhidin böyük oğlu Ruslan deyir ki, mən fənn olimpiyadasında yer tutmuşdum. Onun üzündəki xoşbəxtliyi məni uğura apardı. Həmişə deyirdi, sizə hər zaman dayağam, arxayam.
Şəhidin ortancıl övladı Əlihəsən deyir ki, son dəfə hamımızla bir-bir danışdı. Dedim ki, xəstəsən ata, səsin niyə batıb. Dedi ki, gedərsən mənim iş yerim Aztelekoma, oradakı bayrağı gətirib evimizin qapısından asarsan. Bundan 2 gün sonra da atamın şəhid xəbəri gəldi...
Yaşadığı küçəyə şəhid Nail Orucovun adı verilib və Astara şəhər 5 saylı orta məktəbə adının verilməsi istiqamətində işlər aparılır.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Nail Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nail Orucov oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub. Astara rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Nail Orucov ölümündən sonra , "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalı "Qubadlının azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Bundan başqa xidməti zamanı polkovnik-leytenant Nail Rəfail oğlu Orucov "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı ,"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı,"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı ilə təltif edilib.
Ruhun şad olsun, qəhrəman qardaşım!
Aydın Tağıyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin