Qarabağımızı azad edərək şanlı Zəfəri qanı ilə igidlərimizdən biri də Şamaxıdan olan şəhid Orxan Fikrət ğlu Salehovdur. Bu dəfə onun ailəsi ilə birlikdə qəhrəmanımızın həyat yolundan danışıb, yad etdik.
Şəhid Orxan Fikrət oğlu Salehov 1999-cu il 14 noyabrda Şamaxı şəhərində anadan olub. 2006-2017-ci illərdə 10 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. Subay idi. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Hərbi xidmədən gəldikdən sonra usta kimi fəliyyət göstərir. 2020-ci il 27 sentyabrda müharibə başlayarkən orduya könüllü yazılıb.
Şəhidin Anası Salehova Zəhra xanım deyir ki, balam çox çılğın uşaq idi. Gedib-gəlib boynumu qucaqlayardı:
“Axırıncı dəfə dedi ki, ana, gəl öpüm səni. Mən də dedim, nə olar getmə… Getmə, mən Ağdamda o həyatı yaşamışam. Mən o hadisələri görmüşəm. Həmişə danışanda deyirdi ki, ana, səni babamın qəbrinə özüm aparacağam. İndi onsuz getmərəm…(Red. ağlayır)
Oğlum çox Allahlı, imanlı uşaq idi. Onu müəllim yanına qoydum, oxumurdu. Dedi, ana, mən oxumaq istəmirəm. Çoxlu dostları vardı, evə gec gələndə çox narahat olurdum ki, görəsən haradadır? Daha bilirəm balamın yerini. Hər gün gedib ona baş çəkirəm. Getməsəm, elə bilirəm məndən inciyər. Atası onun üçün orada ev, gümbəz edib. Dözə bilmirəm heç cür… (Red ağlayır)
Doğum günlərimizdə eyni ayda idi. Daha heç noyabr ayını sevmirəm. Balaca nəvəmin adını Sübhan qoymuşuq, həmişə deyir, nənə, dayım haçan gələcək? Heç bilmirəm bu dərdimi hara qoyum, necə edim…
Oğlumun, eləcə də şəhidlərimizin yoxluğu ilə heç cür barışa bilmirəm. Əşyaları istifadəsiz qaldı, hər şeyi yarımçıq qaldı balamın. Tək onun yox, bütün şəhidlərimizin. Anaların canı yandı. Allah hamısına rəhmət eləsin!”
Şəhidin atası Salehov Fikrət bəy deyir ki, özü Birinci Qarabağ savaşında Ağdam- Füzuli istiqamətində 4 il qulluq edib.
“Hərbidən zəng gəldi. Dedilər ki, yaralanıb. Getdim komissarlığa oradan da getdik Yevlaxdan hərbi hospitaldan gətirdik. Oğlum 17 oktyabr 2020-ci ildə şəhid olub. Şəhid balamın nəşini noyabrın 5-i gətirdik, 6-da dəfn etdik…
Vətən sağ olsun! Prezidentimiz sağ olsun! Mənim oğlum qorxmaz oğul idi, mərd idi! Onlar da getməsəydi kim gedəcəkdi?! Bu qəhrəman oğullar olmasaydı, o torpaqlar azad olunmazdı. Var olsun müstəqil Azərbaycan, var olsun Ali Baş Komandan!”
Hazırda şəhidin adına Şamaxıda bulaq kompleksi, küçə və orta məktəbdə sinif otağı var.
Azərbaycan Ordusunun əsgəri olan Orxan Salehov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Salehov oktyabrın 6-da Ağdərə istiqamətində şəhid olub. Şamaxı şəhərində Yeddi Günbəz qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Salehov ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhun şad olsun, igid qardaşım!
Aydın Tağıyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin