Tarixin bütün dövrlərində Vətənimizi yağılardan mərdliklə qoruyan, torpaqlarımızın azadlığı uğrunda cəsarətlə döyüşən qəhrəman oğullarımız var. Onlar əcdadlarının haqq savaşını zəfərlə başa vuranlardır. Onlar Qarabağımızı azad edərək illər boyu bu amal uğrunda şəhid olan bütün soydaşlarımızın ruhlarını şad etdilər.
Bu dəfə haqqında söz açacağım Vətən müharibəsi şəhidi Hüseynov Mirəli Arif oğludur.
Mirəli Hüseynov 15 oktyabr 1996-cı ildə Ağcabədi rayonunda anadan olub. O, 2014-cü ildə hərbi xidmətdə olub. Ailəli idi, Arif adlı 5 yaşlı oğlu yadigar qaldı.
Şəhidin anası Hüseynova Laləzər xanım deyir ki, balalarım çox mehriban idilər:
“İki oğlum da bacılarını çox istəyirdilər. Mirəli ailəsinə qarşı qayğıkeş olub, ata-anaya mehriban övlad idi. Uşqlıqdan ancaq maşın xoşlayırdı, 14 yaşından fəhlə işləyirdi. Əmisi oğlu Eminlə birlikdə kafel ustası idilər. O qədər işləyirdi, evdə tapılmırdı.
2020-ci 27 sentyabrında çağırış gəldi, 28-i getdi. Taxtakörpüdə 15 gün qaldı, sonra ön cəbhəyə apardılar. Döyüşlərdə iştirak edib, orada Füzulidə döyüşüb, 27 oktyabrda şəhid olub balam...
Ağcabədi Rayon İcra Hakimiyyətindən əmisi oğlu Eminə zəng etdilər. O da qardaşı ilə birgə gedib Beyləqandaki hərbi hospitaldan gətirdilər. 28 oktyabrda Ağcabədi Şəhidlər Xiyabanında dəfn etdik. Həmin an nələr oldu heç özüm də bilmirəm, dünyam başıma uçmuşdu...
Mirəlinin həyat yoldaşı Hüseynova Arzu hazırda atasıgildə yaşayır. Oğlumun balası Arif də anası ilə yaşayır. Tez-tez gəlib bizi ziyarət edirlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Mən fəxr edirəm ki, mənim o cür qəhrəman övaldım var! Allah Prezidentimizi, Ordumuzu qorusun, bir də müharibə olmasın! Müstəqil Azərbaycanın bayrağı daima ucalarda dalğalansın!”
Şəhidin bacısı Hüseynova Rəfiqə Arif qızı deyir ki, axırıncı dəfə qardaşı ilə oktyabrın 26-da danışıb: “Deyirdi ki, hər şey yaxşıdır. İnşallah qələbə ilə qaydacağıq. Bizə tapşırırdı ki, ata-anamdan muğayat olun. Özünüzə yaxşı baxın”.
Şəhidin adına Ağcabədi rayonunda yaşadığı küçə verilib, İcra hakimiyyətinin ayırdığı yerdə ailəsinin şəxsi vəsaiti hesabına abidə bulaq kompleki tikilib.
Azərbaycan Ordusunun əsgəri olan Mirəli Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində qismən səfərbərlik çağırışına qatılaraq könüllü vuruşub. Cəbrayılın, Qubadlının və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mirəli Hüseynov 28 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Mirəli Hüseynov ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Ruhun şad olsun, şəhid qardaşım!