Bu dəfə Vətən müharibəsi şəhidi Süleymanov Həsən İsmayıl oğlunun ailəsini ziyarət edib, qəhrəman qardaşımızın həyat yoluna bir daha işıq saldıq.
Həsən Süleymanov 8 avqust 1991-ci ildə Ağcabədi şəhərində anadan olub. Həsən Süleymanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Hərbi xidmətini snayper kimi yerinə yetirmişdir. Həsən Süleymanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Hərbi xidmətini snayper kimi yerinə yetirib.
Şəhid atası Süleymanov İsmayıl Hüseyn oğlu deyir ki, Həsən əmimin adını daşıyırdı. Həmin əmim 1941-1945-ci illər İkinci Dünya müharibəsində şəhid olub:
“Deyirlər, ad sahibinə bənzəyir, oğlumun da alnına bu yazılıb. Oğlum işdə idi, traktor işlədirdi. Dedilər ki, Həsənə çağırış gəlib. Soruşdum, Həsən haradadır? Dedilər, bərbərə gedib. Nahar da etmədi. Zarafatyana dedi ki, yeməyimi Qarabağda yeyəcəyəm. Oğlumu hərbi komissarlıqdan özüm yola saldım. Gedəndən sonra hardasa 10 gün sonra zəng elədi, ata, mən sağam, yaxşıyam. Dedim ki, gəlim, qoymadı. Təxmini 18 gün keçdi mən “N” saylı hərbi hissəyə getdim, gəldim evə zəng gəldi. Dedi ki, telefonum qırılıb narahat olmayın, yoldaşı, uşaqları ilə danışdı.
26 oktyabr səhər saat 11 radələri mənə zəng gəldi. Dedi ki, Füzuliyə getmək lazımdır. Bu xəbəri alandan çox pis halda idim. Qonuşlar getdi, məni qoymadılar, gördüm ki, camaat toplaşır. Anidən gördüm ki, tabut gəlir...(Red. Ağlayır)
Allah cənab Prezidentimizə cansağlığı versin! Şəhidlərimizə rəhmət eləsin, mən qəhrəman oğlumla fəxr edirəm! Allah qazilərimizə cansağlığı versin, şəhidlərimiz əbədi yaşasınlar!”
Şəhid anası Süleymanova Sürayə xanım deyir ki, evimizin tək oğul övladı idi. Onu çox sevirdik:
“Çox mədəni oğul idi. O Xocalı faciəsinə baxıb deyirdi, bunlara bax, bizim başımıza necə faciələr açıblar. Müharibə olsa, gedəcəyəm. Müharibənin başlanması sanki balamın ürəyindən oldu. Həsən şəhid olmamışdan 3 gün qabaq zəng elədi ki, ana, mən yaxşıyam. Özünüzdən muğayat olun. 2020-ci il 26 oktyabrda balam şəhid oldu.
Mən oğlumla fəxr edirəm. Onların qanları, canları bahasına torpaqlarımız azad olundu. Bir onu bilirəm, bu yaram sağalmaz. Yenə şükür ki, bir balam şəhid oldu. O, ən uca zirvədədir. Fəxr edirəm ki, mənim o cür fədakar oğlum vardı. O, müharibəyə çox cəsarətlə getdi. Heç vaxt, heç nədən qorxmazdı. Heç vaxt fikirləşmədi ki, atam, anam, ailəm var. Dedi, ana, Vətən çağırırsa, mən getməliyəm. Artıq o gün gəlib çatıb!”
Şəhidin həyat yoldaşı Süleymanova Qumru xanım deyir ki, onların Həsənlə evlilikdən iki övladı var:
“Qızmız Fatimə 2014-cü il avqustun 10-da Ağcabədi rayonunda anadan olub. Hazırda 3-cü sinfə gedir. Oğlumuz Hüseyn 2017-ci il 30 iyulda Ağcabədi rayonunda anadan olub. Hazırda məktəbəqədər təhsilə gedir.
Həsən çox yaxşı ata və övlad idi. Vətənini də çox sevirdi. Ancaq Vətənini bizə dəyişdi... O dedi ki, Vətən çağırır mən gedirəm. Çox gec-gec danışırdıq. Haçan zəng edirdi, deyirdi siz narahat olmayın. Hər zəng edəndə yaşlı babasını və uşaqları bizə tapşırırdı. Oğlumuzla danışanda qəfil hönkürdü ağladı. Üstü örtülü soruşdum hardasan? Dedi Qubadayıq, yəni Qubadlıda. Dedi narahat olmayın, hər şey yaxşıdır. Axşam televizora baxırdıq, xəbər çıxdı ki, Qubadlı alınıb. Nəsə həmin an bir narahatlığım vardı. Səhəri gün hamı danışırdı ki, Qubadlıda dəhşət döyüşlər gedir. Qəfil səs gəldi, Həsənin dostları dedi ki, uşaqları salın içəri. Bir də gördük bayraq sancılmış təcili yardım maşını gəldi. 2020-ci ilin 25 oktyabrında Həsən şəhid oldu... Şəhidlər xiyabanına ayaqyalın gəlmişdim. Bibisi Sevinclə Həsən dost kimi idilər, o bizlə yaşayırdı. Onun şəhidliyindən sonra bibisi dözmədi, əvvəl dili batdı. Soruşurduq kimi istəyirsən? Dedi ki, istədiyim Həsəndir, o da yoxdur. Beləcə dünyasını dəyişdi.
Uşaqlarla aptekdən gəlirdik. Göydə quşlar uçurdu, oğlum baxıb dedi ki, ana, bəlkə atam da onların içindədi. Hər həftə oğlumuz Hüseyinlə gedirik atasının məzarını təmizləyirdik. Bir dəfə dedi, ana, mən şəhid əmilərin də məzarlarını təmizləyim sonra gedək”.
Yaşadığı küçəyə şəhidin adını veriblər, bu yaxınlarda adına orta məktəbdə sinif otağı veriləcəkş Ailənin şəxsi vəsaiti hesabına abidə kompleksi qurulub və Ağcabədi İcra Hakimiyyəti də abidə kompleksi tikdirib.
Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq 29 sentyabrdan iştirak edib. Qubadlının azadlığı uğurunda gedən döyüşlərdə vuruşub. Həsən Süleymanov 26 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Süleymanov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Ruhun şad olsun, şəhid qardaşım!