Bu dəfə haqqında söz açacağım qəhrəman qardaşım şəhid Namazov Xəyal Xudaverdi oğludur.
Xəyal Namazov 23 may 1986-cı ildə Füzuli şəhərində anadan olub. Əslən Xocavənd rayonunun Muğanlı kəndindəndir. O, təhsilə İsmayıllı rayon Aşıqbayramlı kənd tam orta məktəbində başlayıb. Sonra Xocavənd rayon Tuğ kənd tam orta məktəbində təhsilini davam etdirib, 11-ci sinfi Xocavənd rayon 4 saylı tam orta məktəbdə tamamlayıb. Xəyal 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Neft-qaz fakültəsinə qəbul olub.
Xəyal Namazov 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında Xudat Sərhəd Dəstəsində etmişdir. 2008-ci ildə hərbi xidmətini başa vuran Xəyal Namazov 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
Xəyal Namazov şanlı Aprel döyüşlərində də iştirak edib. Xəyal Namazov AQS-21 silahı ilə manqa komandiri olaraq vuruşurdu. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilib. Döyüşlərdə fəal iştirakına görə Xəyal Namazov dəfələrlə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilib.
Ailəli idi. 2 övladı yadigar qaldı. Şəhidin oğlu Adəm 6-cı, qızı Zəhra isə 1-ci sinif şagirdidir. Şəhidin Anası Şahbazova Natella xanım deyir ki, o, uşaq olmağına baxmayaraq, sanki ağsaaqqal idi:
Birinci Qarabağ müharibəsində balalarım üçün o qədər çətin idi. O vaxtlar işıq yox idi, çöl ocağında yemək bişirirdim. Bir dəfə Xəyal oynaya-oynaya gəldi gördü ağlayıram. Dedi niyə ağlayırsan, ana? Dedim, oğul, qardaşlarım, millətin övladları şəhid olur, qan tökülür. Dedi, ana, ağlama o torpaqları biz azad edəcəyik. Elə o cür də etdi... Getdi şəhid oldu, ancaq torpaqlarımız azad oldu.
Sentybrın 17-də qıznın ad günüdür. O qədər deyib güldülər ki, qohumlarla. Sübh vaxtı idi. Dedi, ana, sən də yatma, bəlkə bu bizim axırıncı görüşümüz oldu. Xəyal hər şeyi bilirdi. Mən qorxmayım deyə, deyirdi narahat olma, türk qardaşlarımız buradadır, bir oğlun da burnu qanamayacaq.
Heç inanmazdım balam şəhid olar... Onun tabutu gələndə çox səbrli davrandım. O, hərbi forma geyinməyi o qədər arzulayırdı... Öz arzusu qisməti oldu. Həmişə deyirdi ki, mən şəhid olacağam. Mən onun balalarını özü kimi qorudum. Onun tabutu gələndə həyəcandan, qorxudan nəvəm pis olmuşdu, qəfil elə bidlim balamın balasına nəsə oldu. Atasının şəhid olmağı balasına çox təsir etmişdi.
Axırıncı dəfə mənimlə 2020-ci il 2 oktyabrda danışdı. Deyirdi, ay ana, nə yaxşı uşaqlarımın yanındasan. Mən də ona dedim ki, gözün arxada qalmasın, özünü qoru. Hirslənirdi ki, mən özümü qorumağa gəlməmişəm ki... Həmin gün məni müjdələdi ki, girmişik torpağındayıq. Dedi, ana, telefonu yanında saxla, günorta səninlə arxayın danışacağam. Telefonu əlimdən yerə qoymadım. Həmin andan 1 saat sonra sən demə, şəhid olub. Hamı bizi yığırdı ki, Xəyalla danışmısınız?
3 oktyabrda tabutu gəldi. Heç kəs mənə cürət edib deyə bilmirdi ki, bura bir xalça sər. Həmin gündən elə bil ölüb dirilirəm. Gecə düşəndə deyirəm bu gecələr olmayaydı. Divarla danışıb, ağlayırsan. Onun şəhid olmağı bütün qohumlara pis təsir etdi. Allah Ali Baş Komandanımıza kömək olsun. Bizə ən böyük təsəllinin biri də o oldu ki, Prezident İlham Əliyev Füzuli rayonu Qaraxanbəyli kəndində şəhidlərimizə abidə qoydu".
Xocavənd rayonu Salakətin və Qaradağlı kəndlərindəki orta məktəblərdə adına sinif otağı var. Şəhidlərimizin adına Xocavənd rayonunda abidə bulaq kompleksi var.
Azərbaycan Ordusunun çavuşu olan Xəyal Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Füzuli rayonunun Qaraxanbəyli və Seyidəhmədli kəndləri istiqamətində keçirilən əməliyyatlarda fərqlənib. Xəyal Namazov 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Xəyal Namazov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Ruhun şad olsun, qəhrəman qardaşım!