Məqsədlər bizi yaşadır, sabaha inam hissi yaradır və qarşıya qoyduğumuz mənzilə çatdırır. Elə məqsədlər də var ki, onlar bir şəxs tərəfindən qarşıya qoyulsa da, vacehinə yetdikdə bir millət üçün ümid olur.
Qarşıya qoyduğu ali məqsədi onu bu gün cismən yaşatmasa da, bir xalqın qələbə tarixində əbədiyaşar etdi. Söhbət Ordumuzun çavuşu, Vətən müharibəsi şəhidi Elmin Əvəz oğlu Mirzəyevdən gedir. Bu dəfə qəhrəmanlıq tarixini dinləmək və yazıya almaq üçün yollandığım ünvan onun ocağı, ailəsi oldu.
Elmin Mirzəyev 20 fevral 1995-ci il Xocavənd rayonunun Əmiranlar kəndində anadan olub. Orta təhsilini Xocavənd rayon Salakətin kənd tam orta məktəbdə başa vurub. Ailəli idi. 2 övladı yadigar qaldı. O, 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə Müddətdən Artıq Həqiqi Hərbi Xidmət qulluqçusu olaraq xidmət edirdi.
Söhbətimiz zamanı şəhidin atası, Birinci Qarabağ müharibəsi qazisi Mirzəyev Əvəz bəy deyir ki, oğullarının ikisi döyüşlər başlayan vaxtı hərbi xidmətdə MAXE kimi xidmət edirdilər. O, Elminlə müharibə başlayan gün danışıb:
“Sentyabrın 27-si telofonla danışırdıq. Danışanda eşitdim ki, silah səsləri gəlir. Soruşdum hansı tərəfdəsiniz, yerini bildirmədi. O, həmişə hərbi sirri qoruyurdu. Dedim özünüzü gözləyin, ehtiyatlı olun. Elmin dedi, Vətən çağırır, biz hamımız onun uğrunda əsgərik. Sentyabrın 29-u yenidən onunla danışdım. Sən demə, Ordumuz Cəbrayılı alıb, sonra geri çəklib ki, ermənilər gəlsin bir də qırsınlar. Növbəti gün biz danışanda dedi ki, ola bilər, biz buradan heç sağ çıxmayaq. Telefonda dəhşət atışma səsi gəlirdi. Mən vəziyyəti özüm də bildim. Oğlum döyüşdən çox sayda şəhid və yaralı çıxarıb. Çox qəhrəman oğul idi. Deyirdi ki, ermənilər elə qorxaqdır, illər əvvəl dediklərini indi görürüəm, necə də qaçırlar... Mənə deyirdi ki, ata, sən vaxtilə yaralandığın yeri deyərsən, gedib ora bayraq sancacağam.
Sentyabrın 30-u axşamtərəfi bölgü zamanı iki qardaş başqa istiqamətlərə gedən komandaya düşüblər. Mənə dedi ki, Orxan elə indi getdi. Elmin Aprel döyüşlərində də qəhrəmancasına döyüşüb. O, “Ohaniyan səddi”nin yarılmasında iştrak edib. Nə olubsa, o sədd yarılandan sonra olub.
Fikrimcə, şəhidlərimiz olmasaydı, torpaqlarımız çox çətin azad olunardı. Birinci Qarabağ savaşında mən Xocavənd istiqamətində yaralanmışdım. Bizim vaxtımızda vahid komandanlıq yox idi. Ordu çox dərbədər idi. Şükür, bu gün qüdrətli Ordumuz və vahid komandanlıq var”.
Şəhidin anası Mirzeyeva Solmaz xanım deyir ki, Elminlə bağlı xatirələri çoxdur. Uşaqlıqdan dəcəl olsa da, çox mehriban olub: “Onun bütün arzusu övladları üçün idi. O, həmişə ailəsi üçün çalışırdı. Ancaq ata-anasını da çox sevirdi”.
Şəhidin Atası Mirzəyev Əvəz bəy deyir ki, 30 sentyabrda balalarımla bütün əlaqəm kəsildi:
“Oktyabrın 1-dən getdim “N” saylı hərbi hissələrdən soraq etdim. Balalarımdan sarı çox narahat idim. Çox yerə getdim, onları axtardım, fikirləşdim ki, telefonlarının enerjisi bitib. 2 oktyabr günorta saat 3-4 olardı, qapıdan çıxdım, gördüm bizim icra nümayəndəsi gəlib. Arıtq çölə çıxanda bildim ki, oğlum şəhid olub... Elmin özün çox qabağa verirdi, dəqiq bildim ki, şəhid olan Elmin balamdı. Dedilər əyləş maşına gedək... Aprel döyüşlərindən sonra elə darıxırdı ki, qabağa getsin. Minamyotun altında şəhid olan əsgər yoldaşı üçün ağlayırmış".
Bu gün şəhidlərimizin ruhunun kölgəsində bir ölkə var o da Azərbaycandır! Hər kəs deyir ki, namusumuz, qeyrətimiz özümzə qayıtdı.. Həmin namus, qeyrəti bizə Ali Baş Komandanımız, şəhidlərimiz, qazilərimiz, Ordumuz qaytardı!”
Hazırda şəhidin adına orta məktəbdə sinif var, Xocvənd rayonundakı Şəhidlər xiyabanında isə memeoriaı kompleksi var.
Azərbaycan Ordusunun çavuşu olan Elmin Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elmin Mirzəyev 2 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Beyləqan rayonunda yerləşən Xocavənd şəhərciyində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elmin Mirzəyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhun şad olsun, igid qardaşım!
Aydın Tağıyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
müstəqil araşdırmaçı jurnalist
mr-aydin@mail.ru
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin