Bu dəfə haqqında söz açacağım qəhrəman qardaşım şəhid Elzamin Tağıyev Eyvaz oğludur.
Elzamin Tağıyev 11 avqust 1992-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində dünyaya göz açıb. Elzamin ilk təhsilini Xocavənd rayon Salakətin kənd tam orta məktəbində alıb. 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli, 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Ailəsi deyir ki, Elzamin Moskva Dövlət Politexnik Universitetini bitirmişdi. İxtisasca iqtisadçı idi. Xocavənd rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində şöbə müdiri vəzifəsində çalışıb Həm də Xocavənd rayonu İcra Hakimiyyətində İctimai şuranın və YAP-ın fəal üzvü olub. Uşaqlıqdan İdmanla məşğul olub. Subay idi.
Şəhid atası Tağıyev Eyvaz bildirib ki, oğlu 2020-ci il sentyabrın 8-də öz şəxsi ərizəsi ilə işdən çıxaraq Müddətdən Artıq Hərbi Xidmətə qoşulub: “Atası kimi ona sual etdim ki, niyə işini atıb hərbiyə gedirsən? Mənə cavab verdi ki, mən evin tək uşağıyam, müharibə başlayanda ola bilsin ki, tək övladları aparmazlar. Ona görə indidən orduya yazılmışam ki, müharibə vaxtı öndə gedib şəhdlərimizin qisasını alım.
Vətən müharibəsinin başladığı ilk gün Elzamingilin maşını vurulub və mühasirəyə düşüblər. Həmin vaxt bir nəfər şəhid olan hərbçini Elzamin maşından tək təxliyə edib. Mühasirədən çıxdıqdan sonra Füzuli rayonu Qraxanbəyli kəndinin azad olunması istiqmətində döyüşüblər. Qaraxanbəyli istiqamətində ön postu qəhrəmancasına azad ediblər. Oğlum həmin postda 11 oktybardək dəfələrlə ağır döyüşlərə girib, 5 nəfər şəhdimzi və onlarla yaralı hərbçini təxliyə edib.O, şəhidlərimizi bir-bir bel kəmərinə bağlayıb həmin yerdən çıxardır, sonra yenidən geri qayıdırmış. Komandiri ona deyirmiş ki, eləbil ki, sən bir dəfə döyüşdə olmusan hər şeyi bilirsən.
11 oktyabr 2020- ci il tarixində düşmən onların postuna hücuma keçdi. Həmin zaman posta artıq 3 nəfər qalmışdı. Komandir və digər əsgərlər. Elzamin tank əleyhinə silahın atıcısı olub. Atdığı silahdan düşmənin bir neçə texnikasını məhv etmişdi. Həmin əsgərlərdən biri şəhid olmuşdu, artıq düşmən postda tam irəliləmişdi. O zaman düşmən tərəfdə nəşi qalmasın deyə, Elzamin komandiri ilə birlikdə şəhidi döyüşdə olan topun üzərinə bağlayıb, ərazidən uzaqlaşdırıb, yenidən posta qayıdaraq axıra qədər postu tərk etməyib. Ağır döyüşlər zamanı Elzamin postda yaralanır. O, Füzulidə hərbi hospitala yerləşdirilib, daha sonra Papaninə aparılıb. Ancaq müalicəsini yarımçıq qoyaraq, gizlincə yaralı halda Qubadlı istiqamətlərindəki döyüşlərə təkrar qatılır.
Hospitalda olanda mənə danışırdı ki, bir dəfə suyumuz yox idi, bərk yağış yağırdı, fikirləşdim ki, nə edək? Əsgərlərlə 5 dənə çala qazdıq, səhər həm içməyə, həm də əlimizi yumağa suyumuz var idi. Əli şəhid qanına batmış,əsgərlərə deyirdim ki, əlinizi torpaqla ovun, gəlib yeməyinizi yeyin. Çünki torpaq müəqəddəsdir.Bir gün çox narahat idim, Elzaminə zəng edəndə dedim ki, bəs meşədə-dağda yatırsınız, gecələr qorxmursunuz ki, canavar və ya digər vəhşi heyvanlar sizə zərər verər? Mənə dedi ki, ele biz özümüz canavarıq!
2 noybrda mənə zəng etdi, dedi ki, anamgilə bildirmə biz artıq dağlara çəkilirik. Mən ondan soruşdum hansı istiqamətə gedirsiniz? Dedi, “Ş” istiqamətində gedirik. Yəni Şuşanı nəzərdə tuturdu. Onlar Daşaltı istiqmətində gedən döyüşlərdən sonra gecəni Şuşa qalasında qalıblar. Səhər tezdən Xüsusi Təyinatlı Qüvvəllərə dəstək üçün Şuşa şəhərinə daxil olublar. 2 noyabrdan 11 noyabradək Elzamindən heç bir xəbər ala bilmədik.Hara gedirdik, deyirdilər hələ bir dəqiq məlumat yoxdur. Qorxurdum balam əsir düşər. O mənə demişdir ki, əsir düşsəm, özümü partladacağam. Daşaltını azad edən zaman döyüş yoldaşı yaralanmışdı. Onu təxliyə edib Təcili Yardım maşınına yerləşdirib yola salmışdı. Döyüş yoldaşı Xocavənd xəstəxanasında mənə bildirdi ki, 5 noyabr tarixində məni Elzamin təxliyə edib. Ona qədər salamat idi.
Hərbçi yoldaşı bizə danışırdı ki, Şuşaya daxil olan zaman əvvəl komandir asfalt yola keçdi sonra Elzamin, daha sonra mən keçəndə vurdular. Elzamin mənə dedi ki, qorxma, səni buradan aparacaqlar və həmin vaxta qədər yanmda oldu. Şuşada, daha sonra 7-9 noyabrda düşmənlə üzbəüz döyüşlərdə iştirak etdi. Noyabrın 9-da ağır döyüşlərdə snayperlə vurularaq qəhrəamancasına şəhid oldu. .Elzamin 44 gündə müharibənin ilk günündən son gününədək döyüşlərdə misilsiz şücayət göstərib. Artıq 11 noyabrda qardaşımgilə məlumat vermişdilər. Sonra qardaşım mənə xəbər etdi ki, Elzamin şəhid olub. Elə həmin gün şəhidimiz Xocavənddəki Şəhidlər xiyabanında dəfn olundu.
Şəhidin anası Tağıyeva Məlahət xanım deyir ki, Elzaminlə birgə ailəmizin bu günədək altı şəhidi var:
“Atam Hüseynov Dəmir, qardaşım Hüseynov Zülfüqar, qardaşımın oğlu Hüseynov Fədayil, dayım Quliyev Ələkbər, qaynım Tağıyev Faiq də şəhid olublar. 30 il sonra Elzamin onların hamısının qisasını aldı...
Onun uşaqlıqdan çox sevdiyi bir şeiri vardı:
Qoy Vətənə qurban gedim mən əsgər
Təki anam yadlara baş əyməsin
Yağış kimi yağan odlu güllələr
Mənə dəsyin Vətənimə dəyməsin!
Bu şeiri balam hələ 3 yaşından deyirdi. O, Vətəninə, millətinə çox bağlı idi...”
Atası Tağıyev Eyvaz bəy deyir ki, özü də Birinci Qarabağ müharibəsi iştarkçısıdır: “Həmin vaxtlar nələr etmişdim balama danışırdım. Öz dediklərimi İkinci Qarabağ müharibəsində oğlum tətbiq etdi. Mən özüm Xocavəndin Qaradağlı kəndinin şəhdilərini döyüş bölgəsindən çıxarmaqda yaxından kömək etmişəm.
Biz 30 il torpaq həsrəti ilə yaşamışıq. Həmin vaxt yetişdi və biz Cənab Prezidentin yanında sıx birləşərək torpaqlarımızı işğalçılardan azad etmək uğurunda mübarizəyə qatıldıq. Bizim şəhidlərimiz, qazilərimiz döyüşərək torpaqlarımızı işğaldan azad etdi və ərazi bütövlüymüz təmin edildi. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, Allah qazilərimizə cansağlığı versin. Ordumuz hər zaman güclü olsun! Mən bir şəhid atası kimi oğlumla fəxr edirəm! Vətən sağ olsun! Bu torpaq bizimdir. Torpaq uğrunda ölən varsa, Vətəndir!”
Hazırda şəhidin adına orta məktəbdə sinf otağı var. Ümumumi Şəhidlər xiyabnında isə memorial kompleksi var.
Azərbaycan Ordusunun əsgəri olan Elzamin Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Hadrutun, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elzamin Tağıyev 9 noyabr 2020-ci ildə Şuşada döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən. Elzamin Tağıyev ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhun şad olsun, şəhid qardaşım!