Torpaqlarımızın düşməndən qorunması, azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu hər birimizə örnəkdir. Bu dəfə daha bir Vətən müharibəsi şəhidi, həyat yolu qısa, amma ləyaqətli olan qardaşımızın xatirəsini ailəsi ilə birlikdə yad etdik.
Qara Balakişiyev 11 iyul 1994-cü ildə Xocavənd rayonunun Əmiranlar kəndində anadan olub. 2000–2011-ci illərdə Xocavənd rayon 4 saylı tam orta məktəbdə təhsil alıb. O, 2012–2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Qara Balakişiyev müddətdən artıq həqiqi hərbi xidmətdə idi. O, döyüşlərdə qarşı tərəfin müdafiə və hücum qüvvəsinin azaldılmasında fərqlənib. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilib. Qara Balakişiyev Ermənistanın müdafiə xəttini çökürdən taborun kiçik çavuşu olub. Döyüşlərdən sonra isə xidmətinə davam edib.
Şəhid atası Balkişiyev Əmirxan deyir ki, Qara sentyabrın 26-sı gecə sənədini qardaşına verib hərbiyə getdi: “Çıxdım BMP-də gedə-gedə sənədlərini tulladı. Öz vəsiqəsi və hərbi biletidi idi. Səhər saat 8-də danışıdıq. Dedi heç nədən narahat olmayın, hər şey yaxşı olar. Hərbi sirri elə saxlayırdı, hətta bizə də bir kəlmə demirdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qzilərimizə şəfa versin! Şəhid balalarımızın hesabına 30 ildən sonra işğaldan azad olunmuş torpaqlarda bayrağımız dalğalandı”.
Anası Balakişiyev Nazimə xanım deyir ki, deyirdi səs-küy, atışma olanda qorxamayın. Türklərlə təlim keçirik:
“Bir gün şəhid general-mayor Polad Həşimovun şəklini gətirdi ki, ana, bax gör, necə nur yağır üzündən. Dedim yazıq anası, Allah səbrin versin. Dedi niyə yazıq olur ki, ana, onun balası şəhid olub. İndi başa düşürəm ki, o da bizi şəhidliyinə hazırlayırmış... ( Red.. ağlayır)
Oğlum ailəli idi, çox ailəcanlı, ata-anaya bağlı idi. Həyat yoldaşını, övladlarını çox sevirdi. İnanın ki, böyük qızı biz pis olmayaq deyə danışmır. Balaca qızı atası şəhid olanda 3 yaşı vardı. Hazırda 5 yaşı var. Deyir ki, nənə, mənim atam haradadır? Deyirəm ki, atan cənnətdədir. Deyir ora qurtarmadı? O zaman biz də gedək ora... Oğlumun böyük qızı deyir ki, atam bizi qollarına aldı, dedi ki, bir ömür sizi qollarımda daşısam, az olar. Biz atamızla fəxr edirik, bizim atamız qəhrəmandır.
Mən bir ana kimi heç istəmirdim o hərbiyə getsin. O, sərhəddə idi, çox qorxurdum. Mən onun sənədlərin gizlətdim ki, o getməsin. Sənədləri tapıb, getmişdi. Nə etdimsə, onu bu işdən döndərə bilmədim.. Dedi niyə ağlayırsan, ana, nə demisənsə, mən səni geri çevirməmişəm. Mən Xocalıda turbalara bağlanıb, işgəncəylə öldürülən uşaqların qisasını alacağam. Deyirdim, ay oğul, bu forma sənə necə yaraşır... Deyirdi, ana, o torpaqlar azad olunandan sonra bu forma bütün oğullara yaaraşacaq! Ona tez-tez təltiflər, fəxri fərmanlar verirdilər. O, çox ağıllı, zəkalı övald idi”.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Qara Balakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Qarşı tərəfin post və istehkamlarının məhv edilməsində fərqlənib. Qara Balakişiyev 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. Beyləqan rayonunda yerləşən Xocavənd şəhərciyində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Qara Balakişiyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhun şad olsun, şəhid qardaşım!