Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır. Şəhidlik zirvəsi isə hünər və qeyrət simvoludur. Bu ucalığa yüksələn qəhrəmanlarımızdan biri də Şəhid Şəbiyev Məhəmməd Vaqif oğludur. Bu dəfə Azərbaycan Ordusunun leytenantının ailəsi ilə birlikdə onun əziz xatirəsini yad etdik, onlu xatirələrə bir də geri döndük.
Məhəmməd Şəbiyev 1998-ci il avqustun 6-da Bakı şəhərində anadan olub. 2013-2016-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2016-2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Şəhid anası Əliyeva Yeganə xanım deyir ki, uşaq vaxtdan çox ağlllı və təmizkar uşaq idi: “Bir gün evimiz yanmışdı. Məhəmməd çox qorxmuşdu ki, birdən mənə bacısına nəsə olar. Tez gedib bacımgili gətirdi ki, kömək etsinlər. Bacısını çox istəyirdi. Həmişə deyirdi ki, bacı, səbrli ol, hər şey yaxşı olacaq. 2020-ci il iyul ayının 19-da leytenant rütbəsi verildi, atası çox istəyirdi ki, onu Bakıya gətirsinlər. Deyirdi, ata, 6 aydan sonra özüm təyinat alacağam. Bacımın uşaqları da Vətən müharibəsində idilər. Məhəmməd mənə deyirdi ki ana, məndən ötrü narahat olmayın, hər şey yaxşıdır!”
Şəhidin atası Şəbiyev Vaqif Məhəmməd oğlu da hərbçidir. O, 1984-1988-ci illərdə Ukraynada Hərbi Aviasiya akademiyasında təhsil alıb və leytenant rütbəsinə yüksəlib. Daha sonra moskvada zabit kimi çalışıb. O qeyd edir ki, 1991-ci il dekabrın 25-də Azərbaycan Ordusuna daxil olub: “1992-ci ildə Şuşada Daşaltı əməliyyatında iştirak etmişəm, Kərkicahan, Malıbəyli, Daşaltı istiqamətində döyüşlərdə olmuşam. Daha sonra Gəncəyə “N” saylı hərbi hissəyə bölük komandiri kimi göndərdilər. Birinci Qarbağ döyüşlərində Tərtər-Goranboy istiqamətində döyüşmüşəm. 2010-cu ildə “N” saylı hərbi hissədə qərargah rəisi olmuşam. 2016-cı ildən ehtiyatda olan zabitəm. Rütbəm mayordur.
Məhəmməd həmişə deyirdi ki, ata, bir gün görəcəksən, mən səndən yüksək rütbədə general olacağam. Onun şəhidlik zirvəsi generallıqdan da üstündür. Kaş, mənə nəsib olardı şəhidlik. Mənim balam başqa oğul idi.. (red. ağlayır)
Həftəsonu evə gəlirdi, deyirdi, ata bütün qohumları qonaq çağıraq. Mehribanlıq olsun. Nişanlandığı qızın ailəsi də onun yoxluğuna çox yanırlar. Məhəmməd şəhid olanda çox pis oldular.
13 yaşında 8-ci sinfdə oxuyurdu. Hərbi məktəbə hazırlaşdı, bir il qəbul olmadı. Dedim, atam mən hərbçi olmuşam, bəlkə başqa seçim edəsən. Niyə hərbçi olmaq istəyirsən? Yenidən hazırlaşdı, qəbul olandan sonra dedi ki, ata, sən hərbçisən. Mən səninlə fəxr edirəm! Mən də gələckdə sənin kimi olacağam! Mənim atan Şəbiyev Məhəmməd Mustafa oğlu da uzun illər hərbi zavodda çalışıb. Bizim uzun illər hərbi bağımız olub. Mən hərbini seçdim, o da mənim yolumu seçdi. Məhəmməd formada evə gələndə deyridi ki, mən bu formanı geyinməkdən fəxr edirəm. Hərbi akademiyada oxuyanda Ordumuzun 100 illik yubileyində keçirilən hərbi paradda Məhəmmədi də seçmişdilər. Bax, bu formanı oğluma həmin paradda vermişdilər. Bzi onunla fəxr edirik!
Şəhidlərimiz birinci növbədə bizim namus-qeyrətimizi qaytardılar. Ermənilərin kimliyini ifşa etdilər. Bizim əsgərimiz belə erməni generalını boğaraq öldürürdü. Mən Birinci Qarabağ qazisi olaraq onu deyə bilərəm ki, bu gün Müzəffər Ali Baş komandanımız var olsun! Şükür bu günlərə ki, torpaqlarımız azad edildi, bizim bu gün başımız ucadır”.
Nənəsi Şəbiyev Mehriban xanım deyir ki, Məhəmməd çox ağıllı-kamallı, mehriban oğlan idi. Çox mərd uşaq idi: “Bir gün gəldi ki, nənə, mən bir qız istəyirəm, onu mənə alın. Mən də dedim ki, atanla razılaşdırıb səni evləndirəcəyəm. Ona deyirdim ki, sayılıb seçilənlərdən olasan, həmişə mənim başımı uca edəsən. Səni həmişə böyüklərin içərisində görmək istəyirəm. O, mənim sözümdən çıxmayıb. Çox mehriban uşaq idi. Heç vaxt dünya malında gözü yox idi. Bir dəfə deməzdi ki, mən bunu yemədim, yaxud içmədim. Qohum-əqrəba, qonum-qonşu, hamı üçün elə bil qızıl parçası idi balam...”
Ailənin şəxsi vəsaiti hesabına bulaq-abidə kompleksi tikdirilib. Hazırda ailəsinin yaşadığı küçə şəhidimizin adını daşıyır. Orta məktəbdə adına sinif otaqları da verilib. Ailəsinin ən böyük arzusu odur ki, 282 saylı körpələr evinə Şəhid Şəbiyev Məhəmməd Vaqif oğlunun adı verilsin. Hazırda şəhidin anasının öz mənzili yoxdur deyə, ata evində qalır. Ən böyük arzusu odur ki, oğlu Məhhəmmədə ev verilisin və həmin evdə oğlunun xatirəsini yaşadacaq muzey qursun.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Şəbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Ruhun şad olsun, şəhid qardaşım!