Bu dəfə haqqında söz açacağım qəhrəman qardaşım şəhid Nəsirov Əfqan Ramil oğludur. Əfqan cəmi 19 yaşında özünü ata-baba torpaqlarımızın azadlığı uğruda fəda edib. 44 günlük Zəfər tariximizi yazan daha bir igid Vətən oğlunun əziz və əbədi xatirəsini ailəsi ilə birlikdə yad etdik.
Şəhid Nəsirov Əfqan Ramil oğlu 29 mart 2001-ci ildə Bakı Zabrat qəsəbəsində anadan olub. 2007-2018-ci illərdə Sabunçu rayonunda Birinci Qarabağ şəhidi Elxan Misirxanov adına 71 saylı orta məktəbdə təhsil alıb. 2019-cu ildə Beyləqan rayonunda "N" saylı hərbi hissədə hərbi xidmətdə olub.
Şəhid anası İsmayılova Kəmalə Mirzağa qızı deyi ki, hərbi xidmətə gedənə qədər Əfqan dükanda satıcı kimi işləyib:
"Beyləqanda həqiqi hərbi xidmət etdi. Bir il dörd ayın əsgəri idi, 2020-ci il 27 sentyabrda müharibə başlayanda oğlum ata-baba yurdu Füzulidə idi. O, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşdü. Balam çoxlu yaralı döyüşçünü xilas edilməsində yaxından iştirak edib.
Həmişə deyirdi ki, ana əsgərlikdən gələndən sonra polis olacağam. Onun ata babası da polis olub. Həmişə deyirdi ki, mən də babam kimi polis olmaq istəyirəm.
İllər boyu çox əziyyət çəkdim, onları çox çətinliklə böyütmüşəm. Həm gedib ev-eşik yığışdırıdım, həm də gedib çörək bişirirdim. Əziyyətlərimi görüb çox acıyırdı. Deyirdi, ana, səni qoyamayacağam işləyəsən. Əziyyət çəkməyinə izin veməyəcəyəm. Balam çox üzüyola uşaq idi. Bir gündə nə qədər iş buyursan, o qədər gedirdi. Nə iş tapşırsam, hamısını edirdi. Həmişə gəlib evimizi təmizləməkdə kömək edirdi. Mənə çox bağlı idi. Bacısını çox istəyirdi. Həmişə deyirdi ki, bacı, əlini nəyə uzatsan, onu alacağam sənə.
İndi qohumlarımız, müəllimləri, dostları tez-tez gedib onun məzarını ziyarət edirlər. İnsan əvvəl-əvvəl heç hiss etmir, indi sanki yuxudayam onun yoxluğuna alışmaq çox çətindir. Müharibə vaxtı məndən gizlədirdi. Tez-tez yığırdım komandirlərini. Telefonu Əfaqana aparırdılar, deyirdi, ana, mən bölükdəyəm. Müharibədə deyiləm, özü mənə heç nə demirdi ki, narahat olmayım".
Şəhid anası İsmayılova Kəmalə xanım deyir ki, 10 oktyabrda danışdıq. Bacısını, məni soruşdu:
" Dedi, ana, narahat olma. Mənim yerim rahatdı, hər şey yaxşıdır. Bizim elə güclü Ordumuz var ki, erməni siçovul kimi qaçır qarşımızdan. Narahat olmayın! Qaynım zəng etdi ki, mənə dur gəl evə bəs Əfqan yaralıdır. Mən də həmin vaxt çörək zavodunda işdəydim.O an dondum qaldım. İş yoldaşlarım məni taksi ilə yola saldılar. Gəldim ki, bayraq asıblar, bütün Zabratt burdaydı. Ondan sonra necə olmuşam, heç özüm də bilmirəm. Hər an elə bilirəm o gələcək. Əfqan evin tək oğluydu, onu atasız böyütmüşəm, min bir əziyyətlə... Balamın itkisi məni yerlə- yeksan etdi. Kaş, ona tez qovuşardım. Canım rahat olardı.. (Red: ağlayır)
Oğlumun bu qədər medalı var, üç rayon uğrunda döyüşüb, onlarla yaralı, şəhid qardaşlarını çiynində daşıyarkən şəhid olub. Ən böyük arzularımdan biri odur ki, mən bir gün dünyada olmasam belə, oğlumun adı əbədi yaşasın. Hazırda məktəbin yanındakı küçənin və Bakı şəhərində orta məktəblərdən birinin şəhid oğlum Əfqan Nəsirov Ramil oğlunun adının daşımasını arzu edirəm və xahiş edirəm ki, mənim bu arzumu yerinə yetirsinlər.
Mən nəinki oğlumla bütün şəhidlərimizlə, bütün qazilərimizlə fəxr edirəm! Başda Müzəffər Ali Baş Komandan olmaqla bütün Azərbayacan xalqını qorusun, uca Allah! Daha heç vaxt istəmərəm ki, analar ağlasın, oğullar şəhid olsun. Bir də şəhid xəbəri eşitməyək. Allah Ordumzu əsgərlərimizi qorusun!"
Qeyd edim ki, ailənin şəxsi vəsaiti hesabına yaşadığı küçədə xatirə bulaq kompleksi inşa edilib. Oxuduğu Elxan Misirxanov adına 71 saylı orta məktəbin ibtidai sinfinə adı verilib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Əfqan Nəsirov Füzuli döyüşlərində savaşıb. Oktyabrın 12-si Füzulidə şəhidlik zirvəsinə ucalıb. Əfqan Nəsirov Zabratda torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamınlarına əsasən Əfqan Nəsirov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Ruhun şad olsun, şəhid qardaşım!