Bu gün daha bir şəhidimizin evində olub əziz xatirəsini ailəsi ilə birlikdə yad etdik.
Əslən Cəbrayıl rayonundan olan şəhid Quliyev Hətəmxan Məti oğlu 1990-cı il martın 24-də Sumqayıt şəhərində anadan olub. 1997-2006-cı illərdə Sumqayıt şəhərində 4 nömrəli tam orta məktəbdə, 2006-2008-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2017-ci ildən 2021-ci ilədək Bakı şəhəri 1 Salı tibb kollecində müəllim kimi fəliyyət göstərib. Daha sonra Abşeron Rayon İcra Hakimiyyətində Humnitar məsələr şöbəsində baş məsləhtçi vəzifəsində çalışıb. Ailəli idi.
Şəhidin həyat yoldaşı Quliyeva Aytac xanım deyir ki, Hətəmxan voleybol üzrə gənclərdən ibarət milli yığmanın üzvü olub, “Lokamativ”, “Nəqliyyatçı” voleybol klublarında iştrak edib:
“2013-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goronboy rayonunda yerləşən “N” hərbi hissədə xidmət edib. Həmçinin 2016-cı ilin 2-5 aprelində baş verən şanlı Aprel döyüşlərində iştirak edib. Həyat yoldaşım 2016-2020-ci illərdə Mingəçevirdə “N” saylı hərbi hissədə MTO vəzifəsində çalışıb. 2018-ci ildən isə artıq qərargah rəisi idi. Rütbəsi kapitan idi.
Hətəmxangilin əsli Qərbi Azərbaycanın Qarakilsə (Sisian) rayonundandır. 1948-1953-cü illərdə oradan Cəbrayıl rayonuna gəliblər. Yoldaşım atasını bir yaşı olanda itirib. 2009-cu ildə yol qəzası nəticəsində qardaşı, 2013-cü ildə isə anası dünyasını dəyişdi.
Vətən müharibəsi zamanı Suqovaş istiqamətində Tülkü dərəsi adlanan hissədə əvvəlcə ayağından yaralanıb, orda yarasını tez bağlayıblar. Nə qədər deyiblər ki, komandir çıx, deyib mən çıxsam, əsgərlərim necə olar?! Müharibənin ikinci günü döyüş vaxtı səngərdən hücuma cəhd edən zaman erməni snayperinə tuş gələrək şəhid olub. Hətəmxan 44 gün texniki ərazidə qaldı, noyabr ayının 11-də o qadağan olunmuş ərazidən çıxarıldı... Onu 56 gün sonra dəfn etdik.
Həyat yoldaşım Suqovuşan istiqamətində döyüş vaxtı video çəkib bütün Azərbaycandan onlar üçün dua etmələrini istəmişdi. Həmin videoda məndən halalıq da istəmişdi...
Şəhidlərimiz və qazilərimiz təkcə torpaqlarımızı deyil, həm də bizim namusumuzu təmizlədirlər. Biz Xocalıdakı intiqamımızı almışıq. Biz uşaqlarımızın, gəlinlərimizin, insanlarımızın heyfini almışıq. Mən çox xoşbəxtəm ki, bu torpaqların alınmasında bizim də ailə üzvümüz var. Bizə maddi yox, mənəvi dəstək lazımdır. Bizə bir kəlmə də olsa nə probleminiz var sualı belə xoş təsir edir”.
Şəhidin həyat yoldaşı Quliyeva Aytac xanım onu da qeyd edib ki, bacısının yoldaşı kapitan Cəmşid Ağayev də döyüşlərdə iştirak edib.
Azərbaycan Ordusunun kapitanı olan Hətəmxan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hətəmxan Quliyev sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Hətəmxan Quliyev ölümündən sonra "Vətən uğrunda","Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Həyat yoldaşı Aytac xanım bildirib ki, yaşadığı küçə şəhidin adına verilib. Saray qəsəbəsində ailəsinin şəxsi vəsaiti hesabına baralyefi qurulub, orta məktəbdə isə adına sinif otaqları var. Aytac xanım bildirir ki, çox istəyərəm Sumqayıtda 4 saylı orta məktəbə yoldaşımın adı verilsin.