Fəxarət və qürur yerimiz, Vətən müharibəsi, tarix yazan Şuşa döyüşləri və Vətən uğrunda canını fəda edən, ancaq irəli atılmaqdan zərrə qədər qorxmayan igid qardaşlarımız. Bu gün daha bir qəhrəman qardaşımızın - Şəhid Teymurov Vüsalın evində olduq, xatirəsini ailəsi ilə birlikdə yad etdik.
Vüsal Teymurov 1991-ci il martın 4-də Bakı şəhərində anadan olub. 1997-2008-ci illərdə Bakı şəhərində T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə, 2008-2012-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin “Gömrük işinin təşkili” fakültəsində təhsil alıb. Subay idi. 2012-ci ildə unversiteti bitirən kimi hərbi xidmətə yollanıb. Tovuz rayonu "N" saylı hərbi hissədə xidmət edib. Quru Qoşunlarında xidmət edib. Hərbi xidmət dövründə manqa komandiri olub. Vüsal hərbi xidmətdən qayıdandan sonra Müdafiə Sənayesi Nazirliyində çalışıb.
Şəhidimizin anası Naidə xanım oğlu ilə bağlı xatirələrindən, onun həyat və döyüş yolundan söz açıb. Anası deyir ki, Vüsal uşaqlıqdan şəhidlərə çox bağlı idi. Həmişə deyirdi ki, gedib Tofiq Məmmədovun qisasını alacağam. Milli Qəhrəman Polad Həşimov şəhid olanda çox pis olmuşdu, bir yerdə dayana bilmirdi:
"Deyirdi gedəcəyəm, qisasımızı alacağam. 2020-ci il oktyabrın 5-də iki qardaş getdilər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsinə könüllü yazılmağa. Böyük oğlumu qaytardılar ki, iki övladdan yalnız biri gedə bilər. Vüsal getdi, heç onu yola da sala bilmədik. Vüsal könüllü gedəndə əvvəlcə Ağcabədiyə düşdü. Orada təlimlər keçirilirdi, bir qədər orada qaldılar. Hər gün danışırdıq. Bunları dəstə-dəstə aparırdılar. 3-4 gündən bir danışırdıq, həmişə pozitiv idi. Deyirdi ana narahat olmayın, hələ bizi aparmırlar. Gedənlərin hərəsinin 2-3 övaldı var idi. Deyirdi biz subayıq, ana. Ona görə təkid edirəm ki , mən daha tez gedəm. Oktyabrın 29-da atası ilə bacsının ad günündə zəng etdi. Dedi biz bir yüksəklik almışıq, cənab Prezidentimiz elan edəcək. Adını hələ qeyd edə bilmərəm. Bu da sizə ad günü hədiyyəsi olsun. Bir gün zəng etdi ki, ana, evə əl gəzdir. Çoxlu qonaqlarımız olacaq. Eləbil ki, ürəyinə dammışdı ki, şəhid olacaq...
Bizimlə sonuncu danışmağı noyabrın birində oldu. Dedi,ana, Şuşaya yola düşürük, haqqını halal elə! Həmin günü halalıq istədi məndən. 13 gün balamdan xəbər gəlmədi.Ayın 8-i günü hamı məni təbrik edirdi, ancaq mən çox narahat idim. Gecə çox narahat idim. Gecə namazımı qılıb, mürgülədim. Gördüm Vüsal gəlib dedi mənə su ver, sonra hərbi maşına oturdu getdi. Qalxdım qızıma dedim ki, Vüsal şəhid olub. Yuxuda gördüm. Vüsal sanki şəhidliyini bilirdiş Bizə deyirdi ki, mənimlə siz fəxr edəcəksiniz. Sən demə, oğlum şəhid olacaqdı...
Döyüş yoldaşları deyir, Şuşa azad olanda hamımız ac-susuz idik. Vüsalın çox yüksək tibbi bacarığı vardı. Qaçıb tez ağrıkəsici iynə, dava- dərman gətirdi, uşaqların yaralarına müalicə edirdi".
Şəhidimizin atası Teymurov Zakir söyləyir ki, Vüsalın qazi dostları onun şücaətindən bizə çox danışırlar:
"Döyüş yoldaşı Orucəli Abbaszadə danışırdı ki, mühasirəyə düşüblər, 8 saat necə ağır vəziyyətdə olublar. Vüsalın bir qram qorxusu olmayıb. Dostlarına lətifələr danşırmış. Onlar deyirlər heç bilmədik həmin mühasirədən necə tez çıxdıq. Çox pozitiv və dostcanlı idi. Son tikəsinə kimi silahdaşları ilə bölməyə hazır idi. Bir əsgər yoldaşı deyir ki, mən islanmışdım. Bütün bədənim su idi, soyuqdan üşüyürdüm. Deyir mənə paltarından, yeməyindən verdi. Onlar bütün telefonlarını Daşaltıdan Şuşa istqamətində olan evdə saxlayıblar. Fikirləşiblər ki, qayıdandan sonra götürərlər. Yüksəkliyə qalxanda görüblər ki, artıq həmin evi vurublar.
Mən başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün Azərbaycan Ordusu ilə, şəhidlərimiz, qazilərimizlə fəxr edirəm. Yaşasın Azərbayacan! Bütün şəhidlər bizim balalarımızdır!"
Şəhid anası deyir, Vüsal telefonda mənə danışırdı ki, ana, ermənilərin evindən yemək, geyim, gərəkli əşyalar götürmüşük. 70 kq yüküm var. Taqətdən düşəndə dostlarım yükümü daşıyırlar: " Qazi yoldaşı deyir ki, ana, sən başını dik tut, uca tut ki, sənin Vüsal kimi oğlun var! Mən Vüsalı yaralanandan sonra 3 gün çiyinlərimdə daşıdım. Şəhid olanda gülə-gülə getdi. Döyüş yoldaşı deyir, oğlum şəhid olmamışdan öncə onlara deib ki, mənə dəyməyin, o biri yaralılara kömək edin. Kəlmeyi- şəhadətini deyib, şəhdilik zirvəsinə ucalıb övaldım..ş Sonuncu dəfə Şuşa istiqamətinə gedəndə polkovnik Tehran Mənsimovun dəstəsinə qoşulub, Şuşanın azadlığı istiqamətində qəhrəmancasına şəhid olub
Şəhidin bir zamanlar yaşadığı küçədə onun adına xatirə kompleksi tikilib. Oxuduğu məktəbdə barelyefi var, bir neçə məktəbdə isə adı siniflərə verilərək əbədiləşdirilib. Valideynlərinin ən böyük arzusudur ki, yaşadığı küçə Vüsal Teymurov Zakir oğlunun adına verilisin.
Vüsalın əmisinin həyat yoldaşı Teymurova Təranə deyir ki, müharibə zamanı oğlum Kamran Teymurov da Qubadlıda könüllü idi: "Şəhidimizin əmisi Teymurov Rafael də Birinci Qarabağ savaşında döyüşüb. Vüsalın şəhid xəbərini birinci bizə dedilər. 13 noyabr səhər saat 8 radalərində bizə zəng gəldi, telefonu götürdüm. Dedilər ki, Vüsal Teymurov şəhid olub. Heç bilmirəm necə oldum həmin vaxtı. Bütün hisslərim bir-birinə qarışdı. Bir anlıq sanki şok oldum".
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüsal Teymurov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vüsal Teymurov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Bakı şəhərində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Vüsal Teymurov ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasın görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.
Ruhun şad olsun, igid Azərbaycan əsgəri!
Aydın Tağıyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
müstəqil araşdırmaçı jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin