Bu dəfə haqqında söz açacağım şəhid Həsənov Vüsal Ariz oğludur. Vüsal Həsənov 3 iyul 1997-ci ildə Bakı şəhərində anadan olub. 4-cü sinifdə təhsil alarkən atasını itirən Vüsal anasının himayəsində böyüyüb. Səbail rayonu Badamdar qəsəbəsində 239 nömrəli tam orta məktəbdə orta təhsil alıb. 2014-cü ildə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə qəbul olub. 2016-cı ildə liseydən məzun olub. Liseydə təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə yollanan Vüsal Həsənov 2018-ci ilin oktyabr ayında hərbi xidmətini başa vurub.
Şəhidin anası Mərifət Həsənov bildirir ki, həyat yoldaşı Həsənov Ariz 2006-cı ildə inşaat qəzasında həyatını itirib. O zamandan ailənin bütün çətinlikləri öz üzərinə düşüb:
"Vüsal məni çox sevirdi. Görəndə ki, mən ağlayıram deyirdi, ana, ağlama. Niyə ağalayırsan? Mən böyüyəcəyəm, sənə dəstək olacağam. Yoldaşım rəhmətə gedəndən sonra hər şeyi ondan istəyir, ondan arzulayırdım. 1 saat onunla danışmayanda elə bilirdim ki, boğuluram. Ona zəng edib, rahatlıq tapırdım. Hərbçi olmağı çox istəyirdi. Deyirdi mən hökumət adamı olacağam. Hərbi xidmətə gedəndə deyirdi, kaş atam da burda olardı. Məni öz xeyir-duası ilə yola salardı...
Evlənmək istəyirdi, çox uşaqları olmasını arzulayırdı. Elə bil ki, balam tez yetişdi, sanki həyat çətinlikləri onu tez apardı. Hər şeyi ürəyinə salırdı. Hər şeyi çox düşünürdü. Bizim Şabranın Zeybə kəndindən qız istəyirdi. O qədər sevirdi onu. Qız tələbə idi. Çox aşiq idilər. Qıza ürəyin açmışdı oğluma. Ancaq ailəsi dedi ki, qiz təhsil alacaq. Ondan sonra Vüsal kəndən də küsdü sanki"
Şəhid anası deyir ki, balaca oğlum Nuran qardaşını ata əvəzi bilirdi: "Vüsal dərsdən gələndə Nuran elə bilirdi ki atası gəlib. Qaçıb qardaşını qucaqlayrdı. Çox sevirdi qardaşın. O şəhid olandan sonra Nuran deyir ki, ana, elə bil belim qırıldı, qardaşımın yoxluğu mənə çox təsir edir. Həmişə arzusu idi ki, qardaşı Nuran oxusun, ali təhsilli olsun. Bu gün oğlumu ali təhsil alması üçün könüllü şəkildə pulsuz hazırlayırlar. Çox sağ olsunlar!"
Şəhidin qardaşı Nuran deyir ki, hazırda Dövlət Sərhəd Qoşunlarının Akademiyasına qəbul olmaq üçün hazırlaşır: "Məqsədim hərbçi olmaqdır. Vətənə, torpağa qulluq etmək, düşmən baş qaldırsa, qardaşımın qanını alamağa hazıram. Əvvəlcə leytenant olmaq istəyirəm. Dövlət sərhəddən başlayır. Mən də sərhədi qorumaq, dövlətin keşiyində durmaq istəyirəm!"
Mərifət xanım deyir ki, Vüsal birinci dəfə əsgər gedəndə axşam saat 10-11 radələrində yola düşdülər:
"Vüsal bir il yarım Ağcabədidə "N" saylı hərbi hissədə xidmət edib. Dəfələrlə balam “Xəsiyyətnamə”, “Təşəkkürnamə” ilə təltif olnub. 2020-ci ilin sentyabrında gedib Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsində könüllü yazılıb.Vüsal 21 sentyabr tarixində təlim toplantılarına çağırıldı. 28 sentyabra qədər Perekeşküldə yerləşən "N" saylı hərbi hissədə hərbi təlim toplantısını başa vurduqdan sonra müharibəyə göndərildi. Son dəfə 5 oktyabrda bizimlə danışıb. Dedi , ana, salam necəsən? Qardaşım necədir? Mən yaxşıyam, hər şey yaxşıdır. Narahat olmayın çox yaxşıyam. Allaha şükür güclü ordumuz var! Erməniləri qovub çıxaracağıq yurdumuzdan. Vüsal Füzuli bölgəsində qəhramancasına döyüşüb.
Vüsal şəhid olandan 54 gün sonra nəşini təhvil verdilər. Bölük komandiri dedi DNT analizi edilməlidir. 23 noybrda getdim, diaqnostikasında getdim,analiz götürdülər, 9 gün sonra cavabları çıxdı. Dekabrn 3-də verdilər nəşini, Şabranda, doğma kəndimizdə atasının yanında dəfn etdik. 24 yaşına 3 ay qalmış şəhidlik zirvəsinə çatdı balam... Mənim böyük bir arzum var ki, oğlumun adı Füzuli torpağında əbədiləşsin, bir küçəyə, məktəbə adı verilsin. Mən başda Ali Baş Komandan olmaqla, bütün qəhrəmanlarımızla fəxr edirəm. Onlar bizi qorumağa qalxdılar, bizim üzümüzü qaraldan o kölgəni üzərimizdən götürdülər".
Hazırda şəhid Vüsal Həsənovun adına küçə var. 239 nömrəli orta məktəbdə xatirə baralyefi qurulub. Badamdar qəsəbəsi, Heydər Əliyev parkında Birinci və İkinci Qarabağ müharibələrinin 91 şəhidinin abidə kompleksi var.
Azərbaycan Ordusunun əsgəri olan Vüsal Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, 7 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Vüsal Həsənov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin! Ruhun qarşısında baş əyirəm, qəhrəman qardaşım!
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
müstəqil araşdırmaçı jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin