Payızı hər nə qədər çox sevsək də, iki ildir bu sevginin yanına bizim üçün bir də nisgil əlavə olunub. Artıq payız həm də neçə-neçə nur üzlü igidimizin şəhidliyə ucaldığı zamanın göstəricisidir. Bu gün haqqında bəhs edəcəyim qəhrəman qardaşımız da məhz bu nisgilimizin bir parçasıdır.
Şəhid Rəsulov Teymur Yavuz oğlu 1988-ci il, 23 martda Sahil qəsəbəsində anadan olub. Bakı şəhəri Qaradağ rayonu Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbdə təhsil alıb. 2000-ci ildə Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki-Hümanitar Elmlər Liseyinə qəbul olub. 2005-ci ildən həmin kollecdən məzun olub. Yüksək balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsinə qəbul olub. Təhsilini başa vurduqdan sonra 2009-2010-cu ildə Tərtərdə N saylı hərbi hissədə əsgər olub.
Şəhidin yaxın dostu və ailə üzvü Sahib Altay onunla bağlı xatirələrini bizimlə bölüşərkən bildirib ki, Teymur Milli Qəhrəman Mübariz İbrahimovla birgə əsgərlik keçib: “Mübariz İbrahimov həmin vaxt gizir kimi xidmət edirdi. Onun şəhidliyindən sonra Teymur anasına zəng etmişdi ki, zabit kimi hərbidə qalmaq istəyir, lakin anası razı olmamışdı. Əsgərlikdən gələndən sonra elektrotexnika üzrə ixtisaslaşmış və sahə üzrə özünü inkişaf etdirmişdi. Ölkə üzrə 27-öncül elektrotexnika mühəndisindən biri idi.
Teymurun başqa bir xüsusiyyəti şeir ruhunun olması idi. Teymur Turan imzasıyla şeirlər yazırdı. Dövrü mətbuatda şeirləri, esse və məqalələri dərc olunurdu. Ən böyük arzularından biri də şeir, esse və məqalələrindən ibarət ilk kitabını nəşr etdirmək idi. Şəhadətindən sonra onun bu arzusunu valideynləri reallaşdırıblar.
2020-ci ildə Tovuz döyüşlərində Milli Qəhrəman Polad Həşimovun şəhadətə yüksəlməsindən sonra iyulun 15-də könüllü qeydiyyatdan keçdi. Sentyabrın 27-də özü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinə müraciət etdi. Üç gün getdi-gəldi, geri qaytarıldı. Ayın 29-u yenidən komissarın qəbuluna düşüb xahiş edib ki, məni müharibəyə aparın. Sentyabrın 30-da Sumqayıtın Təlim-Tədris Mərkəzinə aparıldı. Oktyabrın 3-dən cəbhənin Füzuli istqamətindən başlayaraq, Füzulinin bir çox kəndləri, Cəbrayıl rayonu, Xudafərin körpüsü ətrafı kəndləri, xüsusilə Soltanlı- Daşkasən kəndləri, Xocavəndin Hadrud qəsəbəsi və qəsəbə ətrafı kəndlərin azadlığı uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 18-də keçmiş Xocavənd-Hadrud-Şuşa yolunun üzərində Şuşaya 10 km-lik məsafədə döyüş yoldaşı Ülvi Hacıyevlə birgə şəhid olublar”.
Şəhidin dostu bildirib ki, Teynurun dəfnindən bir neçə gün sonra bacısı Şəhla xanımın yuxusuna gəlib:
“Yuxuda bacısına deyib ki, mən tək deyiləm. Mənim çöldə bir döyüş yoldaşım qalıb. O, mən şəhid olduğum yerdədir, onu axtarırlar. Kömək edin onu oradan götürsünlər. Bu yuxudan bir neçə gün sonra sosial şəbəkələrdə Teymurgilin döyüş bölgəsindən bir şəkli yayımlandı və məlum oldu ki, onların həmin şəkildəki döyüş yoldaşı Ülvi Hacıyev itkindir və axtarılır. Şəhadətindən 58 gün sonra qəhrəman şəhid Ülvinin nəşi də Teymurun şəhid olduğu yerdən tapıldı.
Teymur 10 il öncə bir yazı yazmışdı, burada şəhid Milli Qəhrəman Mübariz İbrahimovdan bəhs edirdi. Yazırdı ki, “O gecə sübhə qədər hərbi hissəyə həyəcan siqnalı verildi, ancaq döyüş əmri verilmədi ki, verilmədi... Mən isə yaşımın neçə olmasından asılı olmayaraq ömrümün sonuna kimi bu əmri gözləyəcəyəm!”.
Teymur şəhid olmamışdan bir ay öncə bu sözləri yaxın dostuna demişdi. “Mən qalıcı deyiləm, məndən sonra bir Teymur adı ürəyinizdə qalsın istəyirəm. Həmişə öz-özünüzə düşünün və düz addımlar atın”.
Sahib bəy deyir ki, sentyabrın 27-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən geri qayıdanda yarı yolda dedi siz gedin, mən gəlmirəm: “Sən demə, o Şəhidlər xiyabanına gedirdi. Ordan öz təəssüratları əsasında bir esse yazdı. Yazının bir hissəsində şəhidlərə müraciətlə belə deyirdi ki, "Sizin öz arzularınıza, mənim də sizə qovuşacağım gün gəlib çatdı".
Şəhidin atası Yavuz Rəsulov deyir ki, qardaşım rəhmətə gedəndə övladlarım hələ balaca idi: "Teymur mənim evimin yeganə oğlu idi. Həm də soyadını daşıdığı evin sonbeşiyi idi. Uşaqlıqdan etibarən onunla sərhəd qoyulan ata-oğul münasibətimiz olmayıb, yaxın dost olmuşuq həmişə deyirdi ki, yaxşı dost olmağı bacaran adamlardan yaxşı valideyn də olur, övlad da olur. Allah bütün şəhidlərə rəhmət eləsin!"
Sahil xatirələrini yada salanda, Teymurun həmişə ona, "mənə nəsə olsa, birinci sənə xəbər edəcəklər", deməsini xatırlayır:
"Oktyabrın 21-i gecə 03:30-da Beyləqandan tibb xidməti rəisi zəng edib, Teymurun şəhidlik xəbərini verdi. Onun boynundan asılmış gilizin içərisindən adım və telefon nömrəmin qeyd olunduğunu dedilər. Qeyddə yazılıb ki, mənə nəsə olsa, ilk bu dostuma zəng edin. Döyüş yoldaşları deyirdi ki, Hadrutdakı 2 günlük ağır döyüşdən hamısı sağ çıxmışdı. Ərzaq maşınları vurulub, əmr gəlib ki, Şuşa istqamətində getsinlər. Teymur üzünü yoldaşlarına tutub deyib ki, az da yaşasaq, çox da yaşasaq, heç bir fərqi yoxdur. Ailəmizlə sağollaşıb gəldiymiz yol şərəfli yoldur. Şəhidlik qəhrəmanlıq ölümsüzlükdür. Unutmayın, şəhidlik bütün ölüm səbəblərindən üstün yeganə əbədi yaşamaq yoludur! Orada olan yoldaşlarından biri danışırdı ki, həmin yerdə Teymuru gülüməsəyən gördüm, sanki üzünə bir nur gəlmişdi. Dedi ki, deyəsən sonumuz çatıb. Anında minamyot zərbəsi ilə bunların manqasını vurublar, Teymur şəhidlik zirvəsinə yüksəlib. Allah rəhmət eləsin!"
Azərbaycan Ordusunun əsgəri olan Teymur Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Rəsulov oktyabrın 21-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Teymur Rəsulov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid Teymur Rəsulovun valideynlərinin şəxsi təşəbbüsünə əsasən, Qaradağ rayon Sahil qəsəbəsində fəaliyyət göstərən şəhid Elçin Əziziov adına 301saylı uşaq bağçasının həyətində Teymur Rəsulov və qəsəbə şəhidlərinin xatirəsinə abidə kompleksi inşa edilmiş və park salınmışdır. 2021-ci ilin oktyabrın 19-da həmin abidənin açılış tədbiri keçirilib. 2022-ci ilin martın 23-də şəhidin 34-cü doğum günü valideynlərinin təşəbbüsü, şəxsi hesabına və Sahil İctimai Birliyinin dəstəyi ilə Sahil qəsəsbəsində yerləşən mərkəzi parkda "Yaşıl Sahil" adlı ağacəkmə aksiyası keçirilmiş, aksiyanın keçirildiyi əraziyə qəsəbə şəhidlərinin adı verilmişdir. Bundan başqa Qobustan rayonu yeni massiv ərazisində küçələrdən biri şəhid Teymur Rəsulovun adını daşıyır. Yaxın qohumu tərəfindən küçədə adına xatirə guşəsi açılıb.
Eyni zamanda Azərbaycan Neft və Sənaye Universitetində bir seminar auditoriyası, Sahil qəsəbəsində yerləşən 228, 253 və 319 saylı orta məktəblərdə, Biləcəri qəsəbəsində yerləşən 297 saylı bir sinif otağı şəhid Teymur Rəsulovun adını daşıyır.
2022-ci ilin iyun ayında valideynlərinin şəxsi təşəbbüsü və vəsaiti hesabına şəhid Teymur Rəsulovun "Qürub vaxtı" kitabı nəşr edilmiş, kitab iki hissədən ibarətdir. 1-ci hissədə Teymurun esse və məqalələri, ikinci hissədə isə Teymurlu xatirələri yer alır.
Allah rəhmət etsin, nur üzlü şəhid qardaşım!
Aydın Tağıyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
müstəqil araşdırmaçı jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin