Ümummilli lider Heydər Əliyev
Vətənin müstəqilliyi və suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizdən biri də Şəhid Fərəcov Fərid Yaşar oğludur. Haqqında söhbət açacağımız şəhidimiz Fərəcov Fərid Yaşar oğludur. O, 1998-ci ilin11 noyabrında Ağcabədi rayon Muğanlı kəndində anadan olub. 2005-ci ildə Muğanlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Sərvan Quliyev adına orta məktəbdə 1-ci sinfə gedib. 2016-cı il eyni məktəbin 11-ci sinfini bitirib.
Fərəcov Fərid, məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2016-2017-ci illərdə Qusarda hərbi xidmətdə olub. Xidməti zamanı topcu kimi fəaliyyət göstərib. Vətən müharibəsi zamanı qismən səfərbərlik elan ediləndə Fərid də könüllü olaraq Vətən müharibəsinə yollanıb.
Şəhidin anası Fərəcova Gülşən xanım oğlu ilə bağlı xatirələrini bizimlə bölüşüb. O deyir ki, Fərid çox mərd övlad idi. Gözəl əl qabliyyəti vardı:
"Evmizin yanında özünə məxsus avtomobil təmiri emalatxanasında usta işləyirdi. Ora tez-tez hərbçilər gəlirdi, hamısı onun dostları idi. Qonaq gətirərdi onları. Həmişə deyirdi ki, müharibə olsa, gedib şəhidlərimizin qanını alar, torpaqlarımızı azad edərdik. Bir gün gəlib dedi ki, ana, mən könüllü yazılmışam, artıq vaxt yetişib mən gedirəm. Çox istqanlı idi, ailəyə, ata-anaya, Vətənə, torpağa bağlı övlad idi. Sonda mənə sevdiyi qız haqqında ürəyini açdı. Dedi ki, ana, bunu heçkim bilməsin, gedim-qayıdım o qızla ailə quracağam.. (red.ağlayır)
Dostlarına kənd qəbiristanlığına deyib ki, mən şəhid olacağam. Elə öz göstərdiyi yerdə də dəfn olunub".
Qardaşı Fərəcov Məhərrəm deyir ki, Fərid tez-tez onunla telefonla danışırdı: "Deyirdi ki, irəliləyirik hər şey əla olacaq. Dayanmadan qabağa gedirik, ermənilər siçan kimi qaçır. Doğma torpaqlarımızı, kəndləri ala-ala gedirik. Tezliklə qələbə bizimdir. Kəndlərə bayraq sancdıqca ürəyimdən sanki bir tikan çıxır. Şükür bu günləri bizə yaşadan Allaha!
Axırıncı dəfə danışanda dedi ki, hərbi meydançadayıq. 15 dəqiqə istrahət edib mühasirəyə düşən yoldaşlara köməyə gedəcəyik, həmin vaxtı vurmuşdular qardaşımı. Həmişə deyirdi ki, narahat olmayın burada hər şey yaxşıdır. Özü od-alovun içində idi, ancaq deyirdi özünüzü, uşaqları qoruyun!"
Şəhidin təssərüfatla məşğul olan atası Fərəcov Yaşar danışır ki, Birinci Qarabağ müharibəsində gələnlər evsiz-eşiksiz idilər. Yazıq millətim necə əziyyətlər, əzablar zillətlər görmüşdü:
"Xocalı soyqırımı zamanı cavan idim, adamlar üçün odun daşıyır, yemək, paltar köməkliyi edirdim. Yük maşınımla qaçqınları daşıyırdım. Ağdamın Kökəltmə düşərgəsindən gedib gətirirdim. Ermənilər kinolardakı faşistlərdən də betər əzazillik etmişdi insanlarmıza. Çox acı çəkdiriblər bizə, bu milləti bağışlaya bilmərik. Bütün bunları mən gözümlə görmüşəm. Hər anım günləri olanda deyirdim ki, baxın Xocalı soyqırımı necə olub, yaxud Kəlbəcərdə tunelde olan hadisələrdə ermənilər necə vəhşilikləri edib. Mən övladlarımı belə hazırlamışdım. O, hərbiyə getməmişdən qabaq hərbi xidmət paltarı almışdı.
Mənim balalarım dövlətə, millətə çox bağlı idi. Fəridin evdə bayrağa, gerbə, dövlət rəmzlərimizə xüsusi ehtiramı, hörməti vardı. Evdə ən hündür yerdə saxlayırdı onları. Sanki gələcəkdə ən uca ad olan şəhidlik zirvəsini qazanacağını bilirdi... Atam da 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştrak edib. Bu vətənpərvərlik bizim genetik ruhmuzda vardı. Fərid babası kimi qəhrəman övlad idi".
Fərəcov Fərid Yaşar oğlu əvvəlcə 27 sentyabrda Ağcabədidə Taxta körpüdə təlimlərdə iştirak edib. Füzuli – Cəbrayıl istiqamətində minamyotçu kimi vuruşub. Füzuli istiqamətində gedən döyüşlərdə Ordumuzun sıralarında döyüşüb. 20 oktyabrda qəhrəmancasına həlak olub. Muğanlı kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Fərid Fərəcov, "Vətən uğrunda" medalı ilə təltif edilib.
Muğanlı kəndinin bir küçəsinə şəhidin adı verilib. Qeyd edək ki, kənddə şəhidlər üçün abidə-bulaq kompleksi var.
Aydın Tağıyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin