Azərbaycan Ordusuna son damla qanına kimi xidmət edən qəhrəman kəşfiyyatçımız şəhid Əli Bayram oğlu Əsədovdan söhbət açacağam sizə. Əslən Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində doğulub, boya-başa çatmış qəhrəman oğlumuz, Vətəninə, millətinə sadiq, torpağını anası kimi sevən vətənpərvər gənc olub.
Əli Bayram oğlu Əsədov 27 may 2000-ci ildə anadan olub. 2007-2017-ci illərdə bu kənddə tam orta məktəbdə təhsil alıb. Əli Əsədov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. 2020-ci ilin sentyabrında könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Onun uşaqlıqda arzusu hərbidə kəşfiyyatçı olmaq idi..Şəhidimizin anası Məmmədova Zənurə Allahverdi qızı deyir ki, həyat yoldaşı hələ Əli uşaq olanda dünyasını dəyişib. Ana deyir ki, Əli hərbi xidməti başa vurub gələndə onun üçün yığılan pula hərbi kəşfiyyat paltarı aldı:
“Əli uşaqların ən mehribanı idi. Balalarım torpaq sahəmizdə çalışırdı. O, güclü elektrik idi, çox bacarıqlı idi. Babası Salah kişi də sənətkar olub. Bu bacarıq babasından qalmışdı ona. Çox şən insan idi balam, hər bayram gedib çalğıçı yığıb gətirər, evdə şənlik yardardı. Onun işi mənim könlümü açmaq idi. (red: ağlayır)
Bakıda kəşfiyyat kursuna yazılmışdı. O, bu formanı çox sevirdi. Atam Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ildə Ağdamın Ətyeməzlər kəndində ermənilərə əsir düşmüdü deyə, çox qorxurdum balama da nəsə olar. O vaxtı kəndimizdən çox inssanlar həyatını itirdi, yurd-yuvaları dağıldı... Açığı, istəmirdim oğlum hərbçi olsun, amma o mənə etiraz etdi ki, arzumu ürəyimdə qoyma. Müddətdən artıq həqiqi hərbi xidmətə düzəlmək üçün gəlib şəhadətnaməsin aldı, getdi. Hərbiyə düzəldiyi gün elə sevinirdi ki, sanki qanadları var idi.
Bir dəfə Bakıda Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarətə getdi, əlində olan pula gül alıb, onun məzarına qoydu. Mənə dedi, görürsən, analar necə oğullar doğub? Həmişə şəhid deyəndə çox fikrə gedirdi. Vətəninə millətinə çox bağlı idi”.
Şəhidimizin qardaşı Əsədov Xanhüseyn Əli ilə bağlı xatirlərindən danışır ki, o mənim övladlarımı elə çox sevirdi ki, onları boynunda gəzdirirdi:
“Xalalarım deyirdi ki, bizim bəxtimiz yoxdur, getmə hərbiyə. O da deyirdi ki, getməsəm, olanların qisasını kim alacaq? Babamı əsir götürən erməni ilə barışa bilmərəm! Əsgər yoldaşları mənə danışırdı ki, Əli çənəsindən yaralanmşdı, amma nə qədər etdik geri qayıtmadı. Əli quru qoşunlarının qəhrəman kəşfiyyatçısı olub. Qardaşım 44 gün ərzində evə gəlmədi. Döyüş yolu Xocavənd-Füzuli-Cəbrayıl rayonu istiqamətində Qaramahmudlu istiqamətində döyüşüb. 10 oktyabr gecəsi Cəbrayılın azad edilməsi uğrunda döyüşdə qəhrəmancasına şəhid oldu. Axşam saat 7-8 radələrində anamla danşıb, həmişə kontur yükləyirdik bizə geri yığırdı. Həmin vaxt cavab gəlmədi, gecə saat 21:00 radələrində şəhid olub. Hərbçi yoldaşı Kənan Əlini vurulduğu yerə çıxartmağa gedib, lakin düşmən onu da vurub".
Anası bildirir ki, sonuncu dəfə danışanda Əli deyib ki, mən getdim məlumat verdim, qabağa kömək gəlsin. Həmin vaxt getdi, gəlmədi.
Son sözləri bu oldu ki, ana torpaqları ala-ala gedirik. Tezliklə doğma Ağdamınıza qaydacaqsınız. Dedim özünü gözlə, bala, dedi ölənlərdən artıq deyiləm ki, vətən sağ olsun!
Anası deyir ki, Hərbi xidmətdən tərxis olunduqdan sonra Əli şəxsi təsərrüfatla məşğul olurdu. Onun bir atı yadigar qalıb, adı Təpəl. İndi ailəsi atı şəhiddən yadigar saxlayırlar. Ata son minən də elə şəhidimiz özü olub.
Azərbaycan Ordusunun əsgəri olan Əli Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Əli Əsədov 11 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Əli Əsədov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Ruhun şad olsun, Vətənin qəhrəman oğlu!
Aydın Tağıyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
müstəqil araşdırmaçı jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin