Türkiyə Respublikası Dəniz Qüvvələri Komandanı Admiral Ercüment Tatlıoğlu verdiyi xüsusi müsahibəsində Donanmadakı layihələrə toxunaraq, nüvə enerjisi ilə işləyən sualtı qayıq layihəsinin planlaşdırıldığını rəsmi şəkildə bəyan etmişdir. ANmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Admiral Tatlıoğlu "Warships International Fleet Review" jurnalına verdiyi müsahibədə Türkiyənin milli sualtı qayıq layihələri çərçivəsində bir neçə platforma istehsal etməyi və bu sahədə ixracat potensialını reallaşdırmağı qarşısına məqsəd qoyduğunu bildirmişdir.
MİLDEN layihəsindən sonra nüvə sualtı qayıqları gündəmdədir
Tatlıoğlu uzun müddətdir gözlənilən Milli Sualtı Qayıq (MİLDEN) layihəsi barədə verdiyi açıqlamada, Türkiyənin bütün əməliyyat ehtiyaclarını qarşılayan, tamamilə yerli dizayna malik və xarici asılılıqdan azad bir sualtı qayıq inşa etməyin 139 illik bir arzu olduğunu vurğulamışdır. O, bu məqsədin artıq konkret addımlarla həyata keçirilməyə başlandığını qeyd etmiş və layihənin həm strateji müstəqillik, həm də ixrac potensialı baxımından böyük əhəmiyyət daşıdığını ifadə etmişdir. Qeyd edildiyi kimi, Milli Sualtı Qayıq layihəsinin ilk qaynağı Gölcük Gəmiqayırma Komandanlığında dekabr ayında qoyulmuş və inşa prosesi başlanmışdır. Bu kontekstdə, Reis sinifli sualtı qayıqlarla qazanılmış texnoloji imkanlar əsasında, Gölcük Gəmiqayırmanın təxminən yarım əsrdir davam edən sualtı qayıq inşa qabiliyyəti fasiləsiz şəkildə davam etdiriləcəkdir.
Admiral Tatlıoğlu bu barədə belə demişdir: “Beləliklə, Rəis sinifli sualtı qayıqlardan sonra gələcək nəsillər üçün sualtı qayıq bazasını qoruyur və inkişaf etdiririk. Bu sayədə, uzunmüddətli sualtı qayıq çəkindiricilik qabiliyyətimiz və qlobal təsirə malik orta miqyaslı güc olma vizyonumuz üçün zəruri olan nüvə enerjili sualtı qayıqların inşasına dair mühüm bir addım atmış olacağıq”. O, həmçinin MİLDƏN çərçivəsində istehsal ediləcək platformaların, milli maraqlar çərçivəsində müttəfiq və dost ölkələrə ixrac ediləcəyini də vurğulamışdır.Tatlıoğlu TF-2000 Hava Hücumundan Müdafiə Eskadra gəmisinə dair də açıqlamalar vermişdir: “TF-2000 müasir döyüşlərdə təyyarələr, PUA-lar, qanadlı raketlər və müxtəlif idarə olunan sursatlar kimi artan təhlükələrə qarşı Dəniz Qüvvələrimizin hava müdafiə imkanlarını artırmaq üçün dizayn olunmuşdur. Layihə əməliyyat birləşmələrinin ətrafında görünməz bir hava müdafiə qalxanı yaradacaq və əsas ərazinin hava müdafiəsinə töhfə verəcəkdir. Milli Dik Atış Sistemi (MİDLAS) və yerli idarəolunan raketlərlə təchiz olunmuş TF-2000, bölgə səviyyəsində hava müdafiəsi və hücum əməliyyatları apararkən, tənzimlənmiş şaquli atım sistemləri ilə kritik hədəfləri zərərsizləşdirəcək və ya təsirsiz hala gətirəcəkdir.”
Hədəf: Dünyanın ilk beş donanmasından biri olmaqTatlıoğlunun ifadələrinə əsasən, Türkiyənin donanma modernizasiyası yalnız regional təhlükəsizliyi artırmaqla kifayətlənməyəcək, həm də Hind Okeanı, Qırmızı dəniz və Sakit okean bölgələrində strateji mövcudluq yaradaraq, qlobal miqyasda təsir sahəsini genişləndirəcəkdir. Bu transformasiya, Milli Təyyarədaşıyan Gəmi, MİLDEN sualtı qayıqları, TF-2000 eskadra gəmiləri, İ sinifli freqatlar, Hisar sinifli patrul gəmiləri, Reis sinifli sualtı qayıqlar və genişlənən pilotsuz uçuş aparatları (PUA) donanması kimi layihələr vasitəsilə mümkün olacaqdır. Tatlıoğlunun müəyyən etdiyi strateji yol xəritəsinə əsasən, Türkiyənin məqsədləri arasında dünyanın ilk beş dəniz hava qüvvəsindən biri olmaq, donanmanın əməliyyat məsafəsini 500 dəniz milindən yuxarı qaldırmaq, Aralıq dənizindən Sakit okeana qədər fasiləsiz strateji mövcudluq göstərmək, “Mavi Vətən” doktrinasını daha da gücləndirmək və dənizlərdəki suverenlik hüquqlarını təminat altına almaq yer alır.
Xəbər Müəllifi: Vasif Şükür
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








