Paytaxtımızda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı Azərbaycan-Türkiyə qardaşlığının nə dərəcədə sarsılmaz və əbədi olduğunun dünyaya daha bir əyani nümayişi, qeyri-dost çevrələrə özlərini yığışdırmaq üçün növbəti ismarış oldu. Çünki bu sıradan bir olay, tədbir deyildi. Festivalda iki qardaş məmləkətin hərbi-siyasi rəhbərliklərinin ən yüksək səviyyədə təmsilçiliyi bunun bariz təsdiqi sayıla bilər.
Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcib Tayyib Ərdoğanın tədbirə qatılması, iki liderin möhtəşəm çıxışları, Türk dünyasına, ümumın dünyaya ünvanlı mesajları, habelə qaliblərin təltif olunma mərasimində iştirakları festivala həm mühüm və bənzərsiz siyasi rəng qatdı, həm də silinməz möhürünü basdı. Beynəlxalq miqyasda, bizə yaxın bölgədə gedən mürəkkəb, təhlükəli proseslər fonunda bu, gerçəkdən də çox əhəmiyyətli, yerinə düşən, iki Türk dövlətinin yeni qlobal təhdid və çağırışlara qarşı ortaq birliyinin və sarsılmaz ittifaqının unikal örnəyi oldu. Bu mənada İlham Əliyevin festivaldakı çıxışı tarixi hesab edilə bilər. Prezidentin iki qardaş ölkə arasında bütün sahələrdə - istər hərbi sahə olsun, istərsə də siyasi-diplomatik, iqtisadi-humanitar, yaxud mədəni-texnoloji sahələr – bütün sferalarda ikitərəfli əlaqələrin ən yüksək səviyyədə olduğunu xüsusi qabartması, “Türkiyənin artan gücü bizim gücümüz, bizim gücümüz Türkiyənin gücüdür” tezisinə diqqət çəkməsi əlbəttə ki, boşuna deyildi və təkcə daxili auditoriyaya ünvanlanmamışdı.
Əliyev və Ərdoğanın məhz 28 Mayda – Azərbaycanın Müstəqillik Günündə, Bakıda bir araya gəlməsinin də özəl anlamı var idi. Azərbaycan liderinin vurğuladığı kimi, bu, “Bir millət – iki dövlət”in 104 il öncəki kimi şad gündə də, dar gündə də həmişə birgə olduğunun daha bir təzahürü idi.“104 il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır” deyən İlham Əliyev bununla həm də müstəqilliyimizin qardaş Türkiyə ilə sarsılmaz ittifaqda əbədi olacağının mesajını verdi. “30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 ildə bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə bir yerdədir” söylədi.
Bu, ən əvvəl qeyri-dost çevrələrə, hələ də əleyhimizə məkrli planlar quran bəzi paytaxtlara aydın mesaj və ciddi xəbərdarlıqdır təbii ki. Şuşa Bəyannaməsi də iki Prezident tərəfindən heç də boşuna yada salınmadı. Ona görə ki, iki dövlətin parlamentlərinin də təsdiqlədiyi, düşmənlərə göz dağı olan həmin sənədlə Azərbaycanla Türkiyə artıq rəsmən hərbi müttəfiqə çevrilib.“Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində... Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq”.
Bunu da İlham Əliyevin festivaldakı çıxışında təsadüfən söyləmədi və haqlı olaraq qeyd elədi ki, 2-ci Qarabağ savaşı zamanı Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc, ruh, ilham və inam vermiş oldu: “Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”.
Beləliklə bu möhtəşəm festivalda iki qardaş ölkənin mesajı dünyaya çatmış oldu. Bundan sonrakı dövlərdə də iki ölkə arasında olan dostluq və qardaşlıq istər siyasi istərsədə digər sahələrdə öz müsbət tərəflərini göstərəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin