17 aprel 2026-cı il tarixində Azərbaycan Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Gələcəyin Şəhərləri” Gənclər Həftəsi çərçivəsində “İnklüziv Şəhər” mövzusunda mini hakaton keçirilib.ANmedia.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd tələbələrin şəhər problemlərinə yaradıcı və innovativ yanaşmalarını təşviq etmək, sosial inklüzivliyin gücləndirilməsinə töhfə vermək və praktik həllərin formalaşdırılması prosesində onların ideyalarını dəstəkləmək olub. Bununla yanaşı, iştirakçıların şəhərsalma və inklüziv inkişaf sahəsində məlumatlılığının artırılması, bu istiqamətdə beynəlxalq təşəbbüslər, o cümlədən World Urban Forum 13 (WUF13) barədə biliklərinin genişləndirilməsi də tədbirin əsas hədəflərindən biri kimi müəyyən edilib.
Mini hakatonda ümumilikdə 6 komanda iştirak edib. Layihə ideyalarının hazırlanması mərhələsində iştirakçılara mentor dəstəyi göstərilib, komandalar öz ideyalarını layihə formatına salaraq münsiflər heyəti qarşısında təqdim ediblər. Təqdimatlar zamanı iştirakçılar şəhər mühitində inklüzivliyin təmin olunmasına yönəlmiş müxtəlif innovativ yanaşmalar irəli sürüblər.
Tədbirin münsiflər heyətində Azərbaycan Universiteti Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri vəzifəsini icra edən Nahid Almasov, Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin rəhbəri Aygün Muradlı, həmçinin Sosial işin təşkili kafedrasının müəllimi Babək Məmmədxanlı təmsil olunublar. Münsiflər təqdim olunan layihələri qiymətləndirərək iştirakçılarla öz rəy və tövsiyələrini bölüşüblər.
Qiymətləndirmənin nəticələrinə əsasən, “Nova” komandası I yerə layiq görülüb. II yerə “ModArch” komandası, III yerə isə “Yenilikçilər” komandası sahib olub.
Tədbirin sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Çıxışlar zamanı tələbələrin ideya və təşəbbüslərinin hər zaman dəstəkləndiyi vurğulanıb, bu kimi layihələrin gənclərin inkişafında mühüm rol oynadığı qeyd edilib. Mini hakaton iştirakçıların xatirə fotosu ilə yekunlaşıb.







Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








