Azərbaycan Universiteti Siyasi və ictimai elmlər kafedrasının nəzdində fəaliyyət göstərən Tarixi Şəxsiyyətlər Klubunun təşəbbüsü ilə “Gənc alimlərlə görüş” layihəsi çərçivəsində növbəti elmi tədbir təşkil olunmuşdur. ANmedia.az xəbər verir ki, tədbirin bu dəfəki qonağı AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, Gənc Alimlər Şurasının üzvü Nərmin Məmmədli və institutun əməkdaşları olmuşdur.
Tədbiri giriş sözü ilə açan kafedra müdiri, dosent Elvin Talışınski görüşün əsas məqsədinin tələbələrin elmi fəaliyyətə marağının artırılması, onların praktik tədqiqat mühitinə inteqrasiyası və gənc alimlərlə birbaşa ünsiyyət imkanlarının genişləndirilməsi olduğunu vurğulamışdır.
O qeyd etmişdir ki, arxeologiya yalnız keçmişin öyrənilməsi deyil, həm də milli kimliyin, tarixi yaddaşın və mədəni irsin qorunması baxımından strateji əhəmiyyət daşıyır. Çıxışında universitetdə bu istiqamətdə aparılan işlərdən, tələbələrin sahə tədqiqatlarına cəlb olunmasının vacibliyindən və beynəlxalq əməkdaşlığın rolundan da bəhs etmişdir.
Daha sonra Tarixi Şəxsiyyətlər Klubunun sədri Rəqsanə Mürsəlova çıxış edərək layihənin mahiyyəti haqqında məlumat vermişdir. O bildirmişdir ki, “Gənc alimlərlə görüş” layihəsi tələbələrin elmi dünyagörüşünün formalaşdırılması, onların müasir tədqiqat metodları ilə tanış edilməsi və gələcək akademik fəaliyyətə təşviq olunması məqsədi daşıyır.
Klubun fəaliyyətindən danışan sədr bu görüşlərin davamlı xarakter daşıdığını və tələbələr üçün real elmi platforma yaratdığını qeyd etmişdir.
Tədbirin əsas hissəsində Nərmin Məmmədli “Kurqan abidələri və onların arxeoloji tədqiqi (Füzuli Yedditəpə kurqanları əsasında)” mövzusunda geniş təqdimatla çıxış etmişdir.
O, kurqanların qədim dövrlərin dəfn mədəniyyətini əks etdirən mühüm arxeoloji abidələr olduğunu vurğulamış, onların sosial struktur, dini inanclar və iqtisadi həyat haqqında dəyərli məlumatlar verdiyini bildirmişdir. Məruzəçi qazıntı mərhələləri, istifadə olunan metodologiya, stratigrafik analiz və tapıntıların interpretasiyası barədə ətraflı məlumat vermişdir.
Həmçinin keramika, metal əşyalar, bəzək elementləri və insan qalıqlarının kompleks şəkildə öyrənilməsinin vacibliyini xüsusi qeyd etmişdir.
Təqdimatdan sonra təşkil olunan interaktiv diskussiya tədbirin ən fəal hissələrindən biri olmuşdur. Tələbələr arxeoloji tədqiqatların praktiki tərəfləri ilə bağlı çoxsaylı suallar ünvanlamışlar.
Nərmin Məmmədli sualları ətraflı cavablandıraraq şəxsi təcrübəsindən nümunələr gətirmiş, xüsusilə sahə tədqiqatlarında komanda işinin, səbrin və metodoloji dəqiqliyin vacibliyini vurğulamışdır. Müəllimlər də müzakirəyə qoşularaq arxeologiyanın multidissiplinar xarakterini ön plana çəkmişlər.
Elvin Talışınski qeyd etmişdir ki, AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniya Arxeologiya İnstitutu arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən “Qarabağ düzənliyinin arxeoloji tədqiqi” layihəsi çərçivəsində ötən il Azərbaycan Universitetinin Tarix ixtisası üzrə təhsil alan tələbələri, Tarixi Şəxsiyyətlər Klubunun üzvləri Şəfa Hümbətova və Zəhra Baxşiyeva da tədqiqatlara cəlb olunmuş və fəallıqlarına görə təltif edilmişlər.
Bu fakt tələbələrin real elmi mühitə inteqrasiyasının uğurlu nümunəsi kimi xüsusi vurğulanmışdır.
Sonda qeyd olunmuşdur ki, elmi müzakirə mühiti, yüksək iştirakçılıq və interaktiv formatı ilə seçilən bu tədbir tələbələrin arxeologiya sahəsinə marağının artmasına, onların elmi tədqiqat bacarıqlarının inkişafına və gələcək akademik fəaliyyətə motivasiyasının güclənməsinə mühüm töhfə vermişdir.
Bu kimi görüşlərin davamlı təşkili universitetdə elmi mühitin daha da canlanmasına xidmət edir.



Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








