
Son illər ölkəmizdə həyata keçirilən məqsədyönlü və strateji təhsil siyasəti Azərbaycan alimlərinin beynəlxalq elmi məkana inteqrasiyasını əhəmiyyətli dərəcədə gücləndirmişdir. Xüsusilə ali ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması və elmi dərəcələrin verilməsi üzrə beynəlxalq akademik strukturlarda təmsilçilik müasir elmi sistemdə nüfuz və institusional etimadın əsas indikatorlarından biri hesab olunur. Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının 31 oktyabr 2025-ci il tarixli qərarı ilə Daşkənd Dövlət Texnika Universiteti nəzdində 01.04.12 – “Nanomateriallar fizikası və texnologiyası” ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru (DSc) elmi dərəcəsi verən Elmi Şura təsis edilmişdir. Komissiyanın 28 noyabr 2025-ci il tarixli 377/2 saylı qərarı ilə təsdiq edilmiş DSc.03/2025.28.11.FM.02.02 nömrəli Elmi Şuranın tərkibi 17 nəfər yüksəkixtisaslı alimdən formalaşdırılmışdır.Həmin şuranın tərkibində Azərbaycan alimi, Turan Beynəlxalq Tədqiqat İnstitutunun direktoru, doktor Rəşad Qabil oğlu Abaszadənin yer alması Azərbaycan elmi məktəbinin beynəlxalq attestasiya sistemində institusional səviyyədə tanınmasının bariz göstəricisidir. Bu fakt yalnız fərdi akademik fəaliyyətin nəticəsi deyil, eyni zamanda Azərbaycan Respublikasında formalaşmış elmi mühitin, kadr hazırlığı modelinin və beynəlxalq elmi əməkdaşlıq strategiyasının ardıcıl inkişafının göstəricisidir. Qeyd edilməlidir ki, 01.04.12 – “Nanomateriallar fizikası və texnologiyası” ixtisası müasir materialşünaslıq, nanoelektronika, enerji texnologiyaları, funksional materiallar və yüksək texnoloji tətbiqlər sahəsində fundamental və tətbiqi tədqiqat istiqamətlərini əhatə edən prioritet elmi sahələrdən biridir. Bu istiqamət üzrə DSc səviyyəli dissertasiyaların müdafiəsini həyata keçirən şuranın beynəlxalq ekspert heyəti əsasında formalaşdırılması elmi ekspertizanın obyektivliyini və keyfiyyət standartlarının yüksək səviyyədə təmin olunmasını şərtləndirir. Azərbaycan aliminin xarici ölkənin ali attestasiya sistemində fəaliyyət göstərən DSc səviyyəli Elmi Şuranın üzvü kimi təsdiqlənməsi, xüsusilə gənc alimlər arasında belə təmsilçiliyin nadir hallardan biri olmaqla, milli elmi potensialın regional və beynəlxalq miqyasda qəbulunun mühüm göstəricisidir. Bu hadisə ölkəmizin intellektual kapitalının beynəlxalq elmi ekspert platformalarında etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.Beləliklə, sözügedən qərar Azərbaycan elmi ictimaiyyətinin beynəlxalq attestasiya və elmi qiymətləndirmə sistemlərində təmsilçiliyinin genişlənməsi baxımından strateji əhəmiyyətə malik mərhələ kimi qiymətləndirilə bilər.@ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








