Azərbaycan Universitetinin Siyasi və İctimai Elmlər kafedrasının nəzdində fəaliyyət göstərən Tarixi Şəxsiyyətlər Klubu tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir təşkil olunub.ANmedia.az xəbər verir ki, tədbirin əsas məqsədi dünya azərbaycanlılarının milli kimlik, birlik və həmrəylik ruhunu, liderliyin və milli ideyanın əhəmiyyətini gənc nəsildə vurğulamaq, vətənpərvərlik hissini gücləndirmək olub. Bu tədbir həm də liderlik və həmrəylik anlayışlarının bir araya gələrək güc yaratmasını nümayiş etdirən simvolik platforma kimi nəzərdə tutulub.
Tədbiri giriş nitqi ilə klubun sədri, Tarix ixtisası üzrə təhsil alan III kurs tələbəsi Rəqsanə Mürsəlova açıb. O, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranmasına zəmin yaradan tarixi hadisələr haqqında məlumat verib, həmrəylik ideyasının önəmini və ümummilli lider Heydər Əliyevin bu günün təsis edilməsindəki müstəsna xidmətlərini xüsusi vurğulayıb.
Daha sonra Siyasi və İctimai Elmlər kafedrasının müdiri Elvin Talışinski, kafedranın müəllimi Tərlan Ağayev və Sosial işin təşkili kafedrasının müəllimi Babək Məhərrəmov çıxış ediblər. Ardınca klub üzvləri tərəfindən hazırlanmış videoçarxlar nümayiş olunub. Məruzə və çıxışlarda, o cümlədən videoçarxlarda həmrəylik gününün təsis edilməsinin tarixi əhəmiyyəti, Azərbaycan dövlətinin diaspor quruculuğu, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Dünya azərbaycanlılarının qurultayları isə xaricdəki soydaşlarımızın ümumi məqsəd və vahid ideya ətrafında birləşməsi yolunda mühüm addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlər hesab olunur. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı həmrəylik gününü Vətənə sədaqətin rəmzi kimi hər il böyük ruh yüksəkliyi ilə qeyd edir.
Tədbirə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri də qatılıblar. Misirdə Azərbaycan diasporunun sədri Seymur Nəsirov, Qazaxıstanın Aktau şəhərindəki Azərbaycan Mərkəzinin rəhbəri İlkin Orucov, Nyu-York Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Telman Cəlil, Alman–Azərbaycan Dostluq Cəmiyyətinin və “Almaniyada Vətən Naminə” hərəkatının sədri Azad Rəhimov, Hollandiya Azərbaycan Həmrəylik Cəmiyyətinin sədri Elxan İsazadə, Türkiyənin Kastamonu Universitetində fəaliyyət göstərən Azərbaycan Turan Topluluğunun nümayəndəsi Səlim Hacıyev və Sankt-Peterburqda fəaliyyət göstərən “Xarı Bülbül” rəqs ansamblının bədii rəhbəri Fatma Nəzərli Əliyeva tədbirə təbrik videoları ilə qoşularaq Azərbaycan Universitetinin rəhbərliyini, professor-müəllim heyətini və tələbələri Həmrəylik Günü münasibətilə təbrik ediblər.
Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb və iştirakçılarda həmrəyliyin, birlik ruhunun və liderlik anlayışının güclü təsirini buraxıb.





Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








