
Layihə 2023-cü ildə ilk efirini həyata keçirib. II “Yüksəliş” müsabiqəsinin qalibi ilə başlayan veriliş ardınca digər qaliblərlə davam edib və iki mövsüm ərzində ayda dörd dəfə olmaqla izləyicilərlə görüşüb. Xüsusi Layihələr Studiyasının müəllif proqramı olaraq ərsəyə gələn bu verilişdə studiyanın direktoru Həmid Əsədzadə və televiziya rəhbərliyinin dəstəyi xüsusi rol oynayıb. Televiziya sədri Rövşən Məmmədov layihəyə ilk gündən böyük dəstək göstərmişdir. Onun televiziya rəhbəri kimi motivasiya və dəstəyi layihənin uğurla alınmasında önəmli bir stimul olmuşdur.
Tok-şounun formatı gənclər üçün əlavə imkanlar yaradır: hər qonaq mövzusunu özü seçir, sərbəst çıxış edir və təqdimatını monitorda paylaşır. Auditoriya isə əsasən könüllülər, tələbələr və QHT nümayəndələrindən ibarətdir. Fərqli yanaşmaları və kreativ fikirləri ilə seçilən gənclərə simvolik hədiyyələr təqdim olunur.
Bəhruz Əliyev "Süni intellekt və insan: Bizi gözləyən gələcək
Son buraxılışda spiker qismində çıxış edən Bəhruz Əliyev, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti, “Süni intellekt və insan: bizi gözləyən gələcək” mövzusunda çıxış edib. Onun təqdimatı gənclərə texnologiyanın inkişafı və gələcəyin çağırışları barədə ətraflı perspektiv təqdim edib. Eyni zamanda, auditoriya ilə interaktiv ünsiyyət apararaq gənclərin suallarına cavab verib, onları düşünməyə və gələcəyə dair fərqli yanaşmalar təqdim etməyə təşviq edib.
Gənclər və Qlobal İştirakçılar
Tok-şouda yalnız yerli qaliblər deyil, həm də ölkəmizdən kənarda təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirən gənclər iştirak edib. Bu, layihəyə qlobal perspektiv qazandırır və gənclərə sərbəst fikir mübadiləsi üçün geniş imkanlar yaradır. Beləliklə, “2×2 Tok-şou” Azərbaycan teleməkanında bənzərsiz bir platformaya çevrilib: uğurlu şəxslərlə gənclər arasında birbaşa təmas, kreativ və sərbəst müzakirə şəraiti yaradır.
İki mövsüm boyunca verilişin quruluşçu rejissoru Bəhram Yaqublu olub, bu mövsümdə isə gənc rejissor Cavidan Qənizadə layihəni davam etdirir.
Aydın Tağıyev – Milli Dəyərlər və Vətəndaşlıq
Son buraxılışın diqqətçəkən çıxışlarından biri tanınmış araşdırmaçı-yazar Aydın Tağıyev tərəfindən edilib. Onun mövzusu milli-mənəvi dəyərlər, vətəndaşlıq borcu, vətənpərvərlik və ailə olub.
Aydın müəllim çıxışında milli-mənəvi irsin yalnız keçmişin yadigarı olmadığını, həm də gələcəyin etibarlı dayağı olduğunu vurğulayıb. O, gənclərin bu dəyərlərə sahib çıxmasının, onları qoruyub inkişaf etdirməsinin vacibliyini xüsusi qeyd edib. Çıxışında muğam, tarixi abidələr və xalq mədəniyyəti kimi ümumi milli sərvətləri nümunə gətirərək, bunların dünyaya tanıdılmasının və qorunmasının hər bir vətəndaşın borcu olduğunu bildirib.
Ailə dəyərlərinə də toxunan yazar qeyd edib ki, ailə gəncin ilk məktəbidir və burada verilən tərbiyə milli kimliyin qorunmasında əvəzsiz rol oynayır. O, gənclərə müraciətində onları fəal, yaradıcı və milli ruhlu olmağa dəvət edib:
“Heç bir məqsədimə çatmıram deyən gənclərin belə daxilində böyük potensial var. Bu gücü ortaya çıxarmaq üçün inam və əzm kifayətdir.”
Aydın müəllimin çıxışı, onun səmimi auditoriya ilə ünsiyyəti və interaktiv müzakirələri gənclər arasında böyük maraq doğurub. Bu çıxış gənclərə yalnız milli kimliklərini qorumağın vacibliyini deyil, həm də fərdi inkişaf və cəmiyyətə töhfə vermək üçün ilham verən dəyərli mesajlarla dolu olub.
“2×2 Tok-şou” layihəsi gənclərin düşüncə dünyasına işıq tutmaq, onları cəmiyyətin fəal vətəndaşına çevirmək üçün əvəzsiz bir platforma olaraq fəaliyyətini davam etdirir. Hər yeni buraxılış gənclərə ilham verir, onların bacarıqlarını gerçəkləşdirmək və dünyaya daha geniş pəncərədən baxmaq üçün yol göstərir.
Məqalə Müəllifi: Vasif Şükür


Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin