
Yeni tədris ilinin başlanması sadəcə təqvimdə yeni bir dövrün açılması deyil, həm də bütöv cəmiyyətin intellektual, sosial və mənəvi inkişafı üçün yeni bir mərhələnin əsasını qoyur.
Təhsil prosesi insanın doğulduğu gündən başlayır, ilk pilləsi ailə mühitində formalaşır və sonrakı inkişaf məktəb, ali təhsil müəssisələri və ictimai institutlarda davam edir. Bu mənada təhsil evdən başlayıb məktəbdə sistemləşən, universitetlərdə dərinləşən və ömürboyu davam edən bir inkişaf yoludur. Ailənin verdiyi ilkin tərbiyə, mənəvi dəyərlər və davranış nümunələri məktəbin bilikvermə və bacarıq formalaşdırmamissiyası ilə tamamlanaraq şəxsiyyətin bütöv inkişafına zəmin yaradır.
Müasir dövrdə təhsilin məqsədi yalnız biliklərin ötürülməsi ilə məhdudlaşmır. Təhsil hər şeydən əvvəl insan kapitalının inkişafı, yaradıcı və tənqidi düşüncəyə malik fərdlərin yetişdirilməsi, milli-mənəvi dəyərlərin qorunması və qlobal çağırışlara cavab verə bilən vətəndaşların formalaşdırılmasıüçün strateji əhəmiyyət daşıyır.
Qloballaşan dünyada bilik iqtisadiyyatının yüksəlişi, rəqəmsaltransformasiya, əmək bazarının dəyişən tələbləri təhsilin mahiyyətinə yeni funksiyalar əlavə edir. Bu baxımdan təhsil yalnız fərdi inkişaf deyil, həm də sosial rifah, milli güc və dövlətin davamlı inkişafı üçün əsas mexanizmə çevrilir.
Təhsilin inkişaf dinamikası bir neçə əsas istiqamətdə nəzərə çarpır. Birincisi, rəqəmsallaşma və innovasiya tədris prosesinə yeni imkanlar gətirir. Elektron platformalar, distant və hibrid tədris modelləri, süni intellektin təhsilə inteqrasiyası öyrənmə prosesini daha çevik və əlçatan edir. İkincisi, kompetensiyalara əsaslanan yanaşma biliklə yanaşı, praktik bacarıqların, sosial-emossional vərdişlərin formalaşdırılmasınaüstünlük verir. Üçüncüsü, inklüzivlik və bərabərlik prinsipi təhsili universal bir hüquq kimi təqdim edir və hər bir fərdin sosial statusundan, fiziki imkanlarından asılı olmayaraq təhsildən faydalanmasını təmin edir. Nəhayət, ömürboyu təhsil konsepsiyası insanın inkişafını yalnız məktəb illəri ilə məhdudlaşdırmır, bütün həyat boyu davam edən bir proses kimi nəzərdə tutur.
Təhsilin keyfiyyətinin təminatı müasir dövrdə prioritet istiqamətlərdən biridir. Keyfiyyət yalnız yüksək nəticələr göstəricisi deyil, həm də bu nəticələrin cəmiyyətin, dövlətin və əmək bazarının tələblərinə uyğunluğu deməkdir. Bunun üçün təhsil məzmunu mütəmadi olaraq yenilənməli, əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılmalıdır. Müəllimlərin peşəkar inkişafı əsas həlledici faktorlardan biri olaraq qalır; çünki müəllim təhsil sisteminin intellektual dayağı və dəyişməz nüvəsidir. Tədris mühitinin müasir texnologiyalarla təchiz olunması, qiymətləndirmə sisteminin obyektiv və inkişafyönümlü olması, sosial-emossional bacarıqların inkişafına dəstək verilməsi keyfiyyət təminatının ayrılmaz tərkib hissələridir.
Yeni tədris ili qarşıda bir sıra strateji vəzifələr qoyur. İlk növbədə, milli kurikulumun dərinləşdirilməsi, xüsusilə STEM istiqamətlərinin gücləndirilməsi vacibdir. Rəqəmsal təhsil infrastrukturunun inkişafı, bütün təhsil müəssisələrinin müasir texnologiyalarla təchiz edilməsi, elektron resursların genişləndirilməsi bu vəzifələr arasında mühüm yer tutur. Müəllim peşəsinin nüfuzunun artırılması, onların sosial təminatının möhkəmləndirilməsi, davamlı peşəkar inkişaf proqramlarının həyata keçirilməsi təhsil keyfiyyətinin yüksəldilməsinə bilavasitə təsir edir. Eyni zamanda layihə əsaslı və tədqiqat yönümlü tədris metodlarının tətbiqi, şagirdlərdə yaradıcı və tənqidi təfəkkürün inkişafı yeni təhsil modelinin təməl prinsipləri olmalıdır.
Təhsil sistemi qarşısında duran digər mühüm vəzifə beynəlxalq inteqrasiyanın gücləndirilməsidir. Xarici universitetlərlə əməkdaşlıq, tələbə və müəllim mobilliyiningenişləndirilməsi, beynəlxalq təcrübələrin tətbiqi milli təhsilin qlobal rəqabətqabiliyyətliliyini artırır. Bununla yanaşı, inklüzivlik və sosial bərabərlik prinsiplərinə daha geniş şəkildə əməl olunmalı, hər bir şagirdin potensialını reallaşdırması üçün müvafiq şərait yaradılmalıdır.
Nəticə etibarilə, yeni tədris ili yalnız dərslərin başlanması deyil, həm də təhsil siyasətinin və praktik fəaliyyətin qarşısına yeni hədəflər qoyduğu mərhələdir. Təhsil ailə-məktəb-cəmiyyət üçbucağının harmonik əməkdaşlığı ilə güclənməli, insan kapitalının inkişafına yönəlməli və ölkənin strateji gələcəyinin təminatçısı olmalıdır. Əgər bu proses elmi əsaslarla, ardıcıl islahatlarla və cəmiyyətin bütün təbəqələrinin dəstəyi ilə həyata keçirilərsə, yeni tədris ili milli inkişafın, qlobal rəqabətqabiliyyətliliyin və mənəvi bütövlüyün möhkəmləndirilməsi üçün mühüm bir mərhələyə çevriləcəkdir.
Elnarə Güləliyeva
Salyan rayon Cəlal Məmmədov adına Qaraçala qəsəbə tam orta ümumtəhsil məktəbi
Təlim-tərbiyə işləri üzrə direktor müavini
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin