
ANmedia.az xəbər verir ki, Tədbir “Azərbaycan Mərkəzi” İctimai Fondu tərəfindən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu və Qazaxıstanın Yesenov Universitetinin dəstəyi ilə həyata keçirilib. Yay məktəbi Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin dərinləşməsində və gənclər arasında əməkdaşlığın inkişaf etdirilməsində önəmli addım kimi qiymətləndirilir.
Təlim proqramında Azərbaycan, Qazaxıstan və digər türk ölkələrindən olan 40 gənc iştirakçı konstitusiya quruculuğu, suverenlik tarixi və mədəniyyətlərarası dialoq sahələrində nəzəri və praktiki biliklər qazanmaq imkanı əldə edib. Tədbirdə, həmçinin, Bakı-Qroznı təyyarə qəzasında zərərçəkənlərə yardım göstərən Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinin əməkdaşlarının iştirakı iki ölkə arasında qarşılıqlı həmrəylik rəmzi kimi dəyərləndirilib.
Yay məktəbi çərçivəsində Azərbaycan Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışinski gənclərə Azərbaycan tarixi, Azərbaycan-Qazaxıstan tarixi əlaqələri, Konstitusiya quruculuğu və ümumilikdə tarix elmi ilə bağlı məzmunlu və aktual məruzələrlə çıxış edib.
Ardınca Bakı Dövlət Universitetinin müəllimi, Yesenov Universitetinin professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov tərəfindən Xəzər dənizinin ekoloji və hüquqi problemləri, eləcə də iki ölkə arasında mövcud və perspektiv münasibətlər mövzusunda geniş məruzələr təqdim olunub.
Qeyd edək ki, bu il həm Azərbaycan Respublikasında, həm də Qazaxıstan Respublikasında Konstitusiyanın qəbulunun 30 illiyi qeyd edilir. Yay məktəbi məhz bu əlamətdar hadisəyə həsr olunaraq, hüquqi və tarixi maarifləndirmə baxımından xüsusi əhəmiyyət kəsb edib.
Proqrama seminarlar, treninq sessiyaları, Abiş Kekilbayev adına muzeyə ziyarət və Xəzər dənizində ekskursiya da daxil olub. Bütün bunlar iştirakçılara hər iki ölkənin tarixi, mədəniyyəti və ictimai həyatını dərindən tanımaq imkanı yaradıb.
14 iyulda keçirilən təntənəli bağlanış mərasimində Azərbaycan, Türkiyə, Özbəkistan və Türkmənistanın baş konsulları da iştirak edərək tədbirin beynəlxalq əhəmiyyətini bir daha vurğulayıblar.
“Azərbaycan Mərkəzi” İctimai Fondunun direktoru İlkin Orucov tədbiri açaraq Yay məktəbinin məqsəd və nəticələri haqqında danışıb, gənclər əməkdaşlığının və mədəniyyətlərarası dialoqun önəmini vurğulayıb.
Azərbaycanın Aktau şəhərindəki Baş Konsulu Ayxan Süleymanlı çıxışında tədbirin uğurla keçirilməsindən məmnunluğunu ifadə edib və təhsil-mədəniyyət sahəsində əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bildirib.
Yesenov Universitetinin nümayəndəsi Elvira Canqojaeva universitetin bu cür təşəbbüslərə hər zaman açıq olduğunu bildirərək "Azərbaycan Mərkəzi" ilə əməkdaşlığın davam etdirilməsinə ümid etdiyini qeyd edib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədov ölkələrarası münasibətlərin gücləndirilməsində gənclərin rolunu vurğulayıb və təşkilatçılara təşəkkürünü bildirib.
"Dostluq” Etno-mədəni Birliyinin sədri Şəmsəddin Hüseynov isə iqtisadi əməkdaşlıqda gənclərin rolu və bu əməkdaşlığın strateji əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub, azərbaycanlı müğənni Rafaelin çıxışı ilə tədbir bayram ab-havasında başa çatıb və iştirakçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.











Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin