
ANmedia.az xəbər verir ki, əvvəlcə Elvin Talışınski “Mənəviyyat dərsləri” layihəsinin Azərbaycan Universitetində keçirilən tədbirində açılış nitqi ilə çıxış edib. O, tədbirin əvvəlində layihənin ideyası, məqsədləri və gözlənilən nəticələri barədə iştirakçılara ətraflı məlumat verib. Elvin Talışınski bildirib ki, “Mənəviyyat dərsləri” layihəsi Azərbaycan cəmiyyətində, xüsusilə də gənclər arasında milli-mənəvi və ailə dəyərlərinin qorunmasına, möhkəmləndirilməsinə və bu dəyərlərin təbliği ilə bağlı maarifləndirici işlərin aparılmasına yönəlib.
Tədbirdə əsas məruzəçilər Sumqayıt Dövlət Universitetinin Mükəmməllik Mərkəzinin direktoru, tanınmış şərqşünas-pedaqoq Əli Rzazadə və Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov olub. Hər iki çıxışda milli-mənəvi dəyərlərin gənc nəslin formalaşmasında əhəmiyyəti vurğulanıb.
Əli Rzazadə milli-mənəvi dəyərlərin cəmiyyətin mənəvi sütunu olduğunu vurğulayıb. O, çıxışı zamanı bu dəyərlərin yalnız keçmişin irsi deyil, eyni zamanda gələcək nəsillərin inkişafına istiqamət verən yol xəritəsi olduğunu xüsusi qeyd edib. Əli Rzazadə bildirdi ki, qloballaşma şəraitində müxtəlif mədəni təsirlərə məruz qalan gənclər üçün mənəviyyat mövzusu daha da aktual və zəruri hala gəlib. Onun sözlərinə görə, xarici təsirlərin təsirindən qorunmaq və milli kimliyi saxlamaq üçün ilk növbədə ailədə və təhsil müəssisələrində sağlam mənəvi mühit formalaşdırılmalıdır.
Abbas Qurbanov milli-mənəvi dəyərlərin cəmiyyətin sosial-mədəni dayaqları içərisində tutduğu əhəmiyyətli roldan bəhs edib. Onun fikrincə, mənəviyyat anlayışı yalnız fərdi davranışlarla məhdudlaşmır, bu, həm də xalqın tarixi, kimliyi və gələcək perspektivləri ilə bağlı fundamental bir konsepsiyadır. Tarixçi alim qeyd edib ki, Azərbaycanın zəngin tarixi keçmişi yalnız siyasi və hərbi uğurlarla deyil, həm də yüksək mənəvi və mədəni dəyərlərlə zəngindir. Abbas Qurbanov bu baxımdan ailə, vətənə bağlılıq, dini-mənəvi dünyagörüş və elmə hörmət kimi dəyərləri xüsusi qeyd edərək vurğulayıb ki, bu dəyərlərin nəsildən-nəslə ötürülməsi cəmiyyətin sabitliyini və inkişafını təmin edən əsas faktorlardandır.
Tədbirin sonunda universitetin Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Səfər Məmmədov da çıxış edərək layihənin əhəmiyyətindən bəhs edib və bu kimi təşəbbüslərin gənclərin mənəvi inkişafına verdiyi töhfələri qeyd edib.
Sonda iştirakçı tələbələrə İctimai Birlik tərəfindən hazırlanan və milli-mənəvi mövzuda yazılmış hekayələr toplusu olan “Mənəviyyat axtarışında” kitabı hədiyyə edilib.
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan cəmiyyətində, xüsusilə gənclər arasında milli-mənəvi və ailə dəyərlərinin təbliği, bu dəyərlərin qorunması və möhkəmləndirilməsi, eyni zamanda xoşagəlməz halların qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin aparılmasıdır. Layihə dövlətin gənclərin tərbiyəsində milli-mənəvi dəyərlərə önəm verən siyasətinə ictimai dəstək məqsədi daşıyır.









Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin