
"Üsküdar Universiteti olaraq, Bakı Dövlət Universiteti ilə əməkdaşlığımızı yüksək dəyərləndirir və bu əməkdaşlıq çərçivəsində bir çox ortaq layihəni həyata keçirməyi hədəfləyirik”.
ANmedia.az Moderator.az istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimində Üsküdar Universitetinin rektoru Nazife Güngör deyib.
O qeyd edib ki, qarşılıqlı inam və dostluq prinsiplərinə əsaslanan bu əməkdaşlıq yalnız akademik sahədə deyil, həm də iki xalq arasında olan mədəni və mənəvi bağları daha da möhkəmləndirir.
“Bu konfrans çərçivəsində onlayn olaraq 200-dən çox məruzəçinin iştirakı nəzərdə tutulur. Bu isə bizə göstərir ki, elm, təhsil və araşdırma sahəsində maraq və dinamik əməkdaşlıq sürətlə genişlənməkdədir. Eyni zamanda, konfrans tələbələr və müəllimlər arasında da yeni əlaqələrin yaranmasına imkan yaradır ki, bu da gələcək akademik əməkdaşlıqlar üçün güclü bir zəmidir.
Türkiyə və Azərbaycan arasındakı əlaqələr sadəcə siyasi münasibətlərlə məhdudlaşmır. Bu, əməkdaşlıq elm, təhsil, mədəniyyət və digər sahələrdə də özünü göstərir. Təhsildəki əməkdaşlıq isə xüsusilə önəmlidir, çünki bizi çağdaş dünyaya inteqrasiya edən, gələcəyimizi formalaşdıran əsas amillərdəndir”, - deyə rektor bildirib.
Onun sözlərinə görə, Üsküdar Universiteti və Bakı Dövlət Universiteti birgə addımlar ataraq ortaq təhsil modelləri, akademik mübadilə proqramları və elmi layihələrlə gələcəyə birlikdə irəliləməyi məqsəd qoyub: “Azərbaycanın və Türkiyənin müstəqillik hekayələri bir-birinə çox bənzəyir. Çünki bizim köklərimiz, tariximiz və mədəniyyətimiz ortaqdır. Bu ortaq kimlik bizi bir ailə kimi yaxınlaşdırır və təhsildə atdığımız hər bir addımı daha da mənalı edir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin