
Azərbaycan Universiteti Siyasi və ictimai elmlər kafedrasının nəzdində fəaliyyət göstərən Tarixi Şəxsiyyətlər Klubu, Humanitar və Sosial elmlər fakültəsi TEC-inin birgə təşəbbüsü ilə “Gənc Alimlərlə Görüş” adlı layihə çərçivəsində tədbir keçirilib.
ANmedia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə Tarixi Şəxsiyyətlər Klubunun sədri Emil Muradlı çıxış edərək tədbirin məqsədi və əhəmiyyəti barədə iştirakçılara məlumat verib. Ardınca Tələbə Elmi Cəmiyyətinin sədri Solmaz İlyaszadə tədbirin elmi və maarifləndirici əhəmiyyətini vurğulayan çıxışı ilə tədbiri rəsmi şəkildə açıq elan edib. Əvvəlcə əsas məruzəçi AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, bioarxeoloq Ülkər Allahverdiyeva təqdimatla çıxış edib. Təqdimat çərçivəsində Ülkər Allahverdiyeva sahə tədqiqatlarının mərhələləri, bioarxeoloji tapıntıların təhlili və Azərbaycan ərazisində aparılmış son tədqiqat nəticələri barədə ətraflı məlumat verib.
Tədbiri ikinci hissəsi panel müzakirəsi ilə davam edib.
Siyasi və ictimai elmlər kafedrasının müdiri, dosent Elvin Talışınski, kafedranın baş müəllimi tarix üzrə fəlsəfə doktoru Səbinə Məmmədli, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alimlər Şurasının sədri Mircavid Ağalarov, İnstitutun elmi işçisi, bioarxeoloq Ülkər Allahverdiyeva tələbələrlə interaktiv elmi diskussiya apararaq onların suallarını cavablandırıblar. Elmi müzakirə mühiti və yüksək iştirakçılıq ilə yadda qalan bu tədbir tələbələrin elmi fəaliyyətə marağının artırılması istiqamətində mühüm addım oldu.









Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin