
İsrail-Fələstin münasibətləri gələcəyin diplomatları tərəfindən müzakirə edilib. ANmedia.az xəbər verir ki, Azərbaycan Universiteti Siyasi və ictimai elmlər kafedrası və Gənc Diplomatlar Klubunun birgə təşkilatçılığı ilə keçirilən "Diplomatik Masa" simulyasiya çempionatının görüşləri davam edir. Yaxın Şərqdə onilliklərdir davam edən, dünya gündəmindən düşməyən mürəkkəb və çoxşaxəli bir münaqişəyə İsrail-Fələstin münasibətlərinə həsr olunmuş üçüncü görüş də uğurla başa çatdı. Masada hər iki tərəfi təmsil edən gənc diplomatlar tərəfindən aktual arqumentlər səsləndirildi, foto və video faktlar nümayiş etdirildi, gərgin diskussiya aparıldı. Masada əsasən tələbələr üç mövzu ətrafında müzakirə aparıb yekun nəticəyə gəlməyə çalışıblar.
İsrail-Fələstin diplomatik masasının mövzuları:
1. İsrail hökumətinin Fələstinin Qərb Sahilində məskunlaşma siyasəti.
2. Qəzzada dayanıqlı sülhün əldə edilməsi perspektivləri.
3. Fələstin-İsrail münaqişəsinin mümkün leqal-rasional həlli yolları.
Qeyd edək ki, “Diplomatik Masa” simulyasiya layihəsi 2023-cü ildən etibarən Azərbaycan Universiteti Siyasi və ictimai elmlər kafedrasının təşəbbüsü ilə həyata keçirilir. Layihənin ideya müəllifləri universitetin Siyasi və ictimai elmlər kafedrasının müdiri, dosent Elvin Talışınski və müəllim Rafiq İbrahimovdur.






Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin