Bu dəfə 1-ci sinif şagirdi elektrik cərəyanının qurbanı oldu...
Cəlilabad rayon prokurorluğundan verilən məlumata görə, fevralın 8-i saat 12 radələrində Cəlilabad rayonu, Qarazəncir kənd sakini, Ocaqlı kənd 1 nömrəli kənd tam orta məktəbin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Hüseyn Zeynalov məktəbin həyətində oynayarkən dirəkdən aşağıya doğru sallanan vəziyyətdə olan 10 kv-luq elektrik məftilə toxunması səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
“Bəlkə də elektrik xətləri günlərdir, aylardır həmin vəziyyətdə qalıb, ancaq heç kəsin diqqətini cəlb etməyib. Təbii ki, üstü açıq naqil varsa və uzun müddət eyni vəziyyətdə qalırsa, hər hansı şagird mütləq ona nə vaxtsa toxunacaq”.
Anmedia.az xəbər verir ki, bu sözləri məsələ ilə bağlı “Şərq”ə açıqlama verən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib. O həmçinin qeyd edib ki, məktəblərdə təhlükəsizlik məsələsi ciddi yanaşılmalı məsələdir.
“Nəzərə almaq lazımdır ki, buradakı şagirdlərin çoxu azyaşlıdır və onlar hər zaman təhlükələri görə, məntiqli qərar verə bilmirlər. Ümumiyyətlə, məktəblərdə uşaqların həyat və sağlamlığına təhlükə yaradacaq heç nə olmamalıdır. Təhlükəli vəziyyət yarandıqda aşkarlanaraq dərhal qabaqlayıcı tədbirlər görülməlidir. Əgər məktəbin hansısa hissəsində sökülmə, uçma ehtimalı, elektrik xətlərində qısaqapanmalar varsa və ya qazanxanalar tam təhlükəsiz vəziyyətdə deyilsə, bunlar gözardı edilməməlidir. Eyni zamanda belə situasiyalar baş verdikdə məktəb rəhbərliyi təxirəsalınmaz tədbirlər görməlidir”.
Ekspertin sözlərinə görə, bu kimi problemlər əsasən rayon məktəblərində yaşanır:
“Orada bu təhlükəsizlik məsələlərinə kimin nəzarət etdiyi məlum deyil. Yaxşı olardı ki, hər gün dərs bitdikdən sonra məktəb ümumi, hərtərəfli yoxlanışdan keçirilsin. Əgər heç bir problem və ya risk faktoru yoxdursa, şagirdlər növbəti gün məktəbə buraxılsın.
Bununla yanaşı şagirdlərin istifadəsinə verilən emalatxanalar, idman zalları və informatika otaqlarında olan qurğuların, alətlərin sazlığından əmin olunmalıdır.
Bu məsələnin həlli üçün kompleks tədbirlər planı işlənib hazırlanmalı və və bütün məktəblərdə tətbiq edilməlidir.
Nəzərə almaq lazımdır ki, şagirdlərin də təhlükəsizlik qaydaları ilə bağlı ilkin bilikləri olması vacibdir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin