
Ulu öndər Heydər Əliyev Azərbaycan təhsilinin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Onun Azərbaycana siyasi rəhbərliyinin birinci dövrü olan 1969-1982-ci illərdə həyata keçirdiyi təhsil islahatları bu sahənin inkişafına möhkəm təməl yaratmışdır. 1972-ci ildə "Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini inkişaf etdirmək haqqında", 1973-cü ildə isə "Kənd ümumtəhsil məktəblərinin iş şəraitini yaxşılaşdırmaq haqqında" qəbul edilən qərarların icrası nəticəsində respublikada orta məktəb şəbəkəsi xeyli genişlənmiş, təhsilin keyfiyyəti yüksəlmişdir. Bu dövrdə məktəblərin dərsliklərlə təminatı məsələsi həll edilmiş, 1978-ci ildən etibarən şagirdlərə dərsliklər pulsuz verilmişdir. Təhsil sahəsində aparılan islahatlar çərçivəsində məktəb tikintisinə də xüsusi diqqət ayrılmışdır. Ölkəmizdə xeyli yeni məktəb binaları inşa edilərək istifadəyə verilmiş, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilmişdir. 1970-1980-ci illərdə Azərbaycanın 4356 orta məktəbində 1,5 milyon şagird, ali və orta ixtisas təhsil müəssisələrində isə 100 mindən çox tələbə təhsil alırdı. Məktəblərin 98%-ində fənn kabinələri, laboratoriyalar və əmək emalatxanaları fəaliyyət göstərirdi. Həmin dövrdə 101 min nəfərlik məktəbəqədər təhsil müəssisələri, 2185 məktəbdənkənar uşaq müəssisələri, 240 uşaq idman və 210 uşaq musiqi məktəbi fəaliyyət göstərirdi. Respublikanın 78 orta ixtisas məktəbində hər il 60-70 min tələbə təhsil alırdı. Eyni zamanda 100 texniki-peşə məktəbində 83 minə yaxın gənc müxtəlif peşələrə yiyələnmişdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirirdi. Ulu öndərin düşünülmüş siyasəti nəticəsində bu sahədə iş yenidən qurulmuş və ölkənin gələcək hərbi potensialını artırmaq üçün əməli tədbirlər həyata keçirilmişdir. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi internat məktəbi açılmışdır. Burada gənclər hərbi xidmətin sirlərini öyrənirdilər. Ulu öndər deyirdi: “Bir dövlətin mövcudluğu üçün əsas atributlardan biri ordudur. Ordu olmazsa, dövlətin mövcudluğu zərbə altında olar.” Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Qafqazda birinci, keçmiş Sovet İttifaqında isə dördüncü olan hərbi fakültə yaradılmışdır. Hərbi fakültənin birinci buraxılışında 150 nəfər məzuna respublikanın tarixində ilk dəfə olaraq hərbi rütbə verilmişdir.
Ulu öndər Azərbaycan üçün milli kadrların yetişdirilməsi və gənclərin hərtərəfli inkişafına böyük əhəmiyyət verirdi. Onun təşəbbüsü ilə keçmiş SSRİ-nin böyük şəhərlərinin ali məktəblərində nadir ixtisaslar üzrə Azərbaycanlı gənclərin kadr hazırlığına başlanıldı. 1970-ci ildə ilk addım olaraq 50 nəfər gənc respublikamızdan kənarda təhsil almağa göndərildi. Hər il yüzlərlə Azərbaycan gənci keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi. 1969-1982-ci illərdə keçmiş SSRİ-nin 50 şəhərindəki 170 ali məktəbdə 250 ixtisas üzrə 15 min gənc təhsil almağa göndərilmişdi. Bu gənclər öz sahələrində yüksək ixtisas təhsili alaraq Azərbaycana geri dönür və ölkənin inkişafına mühüm töhfələr verirdilər.
Ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikada ali təhsil müəssisələrinin sayı əhəmiyyətli dərəcədə artmışdır. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayan Naxçıvan Dövlət Pedaqoji İnstitutu 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun bazası əsasında müstəqil ali məktəbə çevrilmişdir. 1969-cu ildə Xankəndi şəhərində yaradılmış Xankəndi Pedaqoji İnstitutu əvvəlcə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialı kimi fəaliyyət göstərmiş, 1973-cü ildə isə müstəqil ali məktəbə çevrilmişdir. 1972-ci ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun bazasında Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu, 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, 1980-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialının bazasında Azərbaycan Texnologiya İnstitutu yaradılmışdır.
Təhsili həmişə prioritet sahə kimi qiymətləndirən Ulu öndər Heydər Əliyev “Təhsil millətin gələcəyidir” deyirdi. Onun Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə təhsil sahəsində mühüm islahatlar həyata keçirilmişdir. Bu dövrdə təhsil sisteminin maddi-texniki bazası gücləndirilmiş, 200 yeni məktəb binası inşa edilərək istifadəyə verilmiş, müasir dərsliklər hazırlanaraq şagirdlərə pulsuz təqdim olunmuş, təhsil sahəsində bir çox proqram və layihələr uğurla tətbiq edilmişdir.
Ümummilli Lider Heydər Əliyevin 30 mart 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamı və 15 iyun 1999-cu il tarixində təsdiqlədiyi “Azərbaycan Respublikasının təhsil sahəsində islahatlar Proqramı” təhsil sahəsində fundamental dəyişikliklərin həyata keçirilməsinə zəmin yaratmışdır. 1993-1994-cü tədris ilində respublikanın 4364 ümumtəhsil məktəbində 1 milyon 549 min şagird təhsil alırdısa, 2002-2003-cü tədris ilində bu rəqəm 4561 məktəbdə 1 milyon 600 minə yaxın şagirdə çatmışdır. Məcburi köçkünlərin yerləşdiyi rayon və şəhərlərdə 700-dən çox ümumtəhsil məktəbi fəaliyyət göstərmişdir. İstedadlı uşaqların inkişafını dəstəkləmək məqsədilə 30-a yaxın lisey və gimnaziya təşkil olunmuş, 12 minə yaxın şagird bu təhsil müəssisələrinə qəbul edilmişdir.
Ulu Öndər Heydər Əliyevin 2002-ci il 4 oktyabr tarixli "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncamı milli elm və təhsil sisteminin inkişafında mühüm rol oynamışdır. Eyni zamanda "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında" 17 fevral 2003-cü il tarixli sərəncamı bu sahədəki problemlərin həllinə yönəlmiş əhəmiyyətli dövlət sənədi olmuşdur.
Ulu Öndərin təhsil sahəsində həyata keçirdiyi məqsədyönlü fəaliyyət nəticəsində təhsil sistemimiz əsaslı şəkildə təkmilləşmiş, təhsil müəssisələrinin şəbəkəsi optimallaşdırılmış, idarəetmə müasir tələblər əsasında təşkil edilmiş və beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Bu dövrdə ali təhsil müəssisələrinin şəbəkəsi xeyli genişlənmiş, 1994-cü ildə Aviasiya Akademiyası, 1996-cı ildə Dənizçilik Akademiyası, 1998-ci ildə MilliTəhlükəsizlik Akademiyası, 1999-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Prezident yanında Dövlət İdarəçilik Akademiyası, 2000-ci ildə Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Milli Konservatoriya yaradılmışdır. Heydər Əliyevin təhsil sahəsində apardığı islahatlara uyğun olaraq, “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı ilə ölkənin dörd aparıcı ali məktəbinə – Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti və Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına maliyyə müstəqilliyi, bir neçə ali məktəbə isə “Universitet” statusu verilmişdir.
Gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan Ulu Öndər hər il test üsulu ilə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan tələbələr üçün xüsusi Prezident təqaüdü, istedadlı gənclər üçün fəxri təqaüdlər və “Qızıl Kitab”ın təsis olunmasını reallaşdırmışdır.
Həyata keçirilən məqsədyönlü islahatlar təhsil sisteminin inkişafına mühüm töhfə vermiş və gənc nəslin keyfiyyətli təhsil almasına şərait yaratmışdır. Ümummilli lider Heydər Əliyevin respublikamızda müstəqil, milli ənənələrə və ümumbəşəri dəyərlərə, həmçinin dünya təhsil standartlarına uyğun təhsil sisteminin formalaşdırılması istiqamətində apardığı siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İstifadə olunmuş mənbə:
1. Heydər Əliyev və mədəniyyət: müraciətlər, çıxışlar, müsahibələr, təbriklər, məlumatlar. 1969-1982; 1993-1996: 3 cilddə, I c., Bakı: Nurlar, 2008, 504 s.;
2. F. Rüstəmov Heydər Əliyev və Azərbaycanda elmi-pedaqoji kadr hazırlığı . “Xalq” qəz., 2013, 9 may, s.12
3. Azərbaycanın rəhbəri (1969-1982). Prezident kitabxanası. Bakı, 2015, s.5;
4. SDU-nun Heydər Əliyev Mərkəzində məşğələ keçirildi. “Respublika” qəz., 2015, 14 fevral, s.6
5. Heydər Əliyev və Azərbaycan təhsili. “Kredo” qəz., 2020, 13 noyabr, s.14;
6. C.Naxçıvanski və H.Əliyev adına hərbi lisey. Azərbaycan Respublikası Mudafiə Nazirliyinin saytı. 03.11.2022 / https://mod.gov.az/az/pre/26536.html
Aynurə Əsgərova
ADPU-nun Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin