
ANmedia.az xəbər verir ki, bu barədə AMEA-nın rəsmi saytı məlumat yayıb.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Qazaxıstan Respublikasının Kudaybergen Jubanov ad. Aktobe Regional Universitetinin nümayəndələri ilə görüşüb.
Aktobe Regional Universitetinin rektoru təhsil üzrə fəlsəfə doktoru xanım Laura Karabasovanın başçılıq etdiyi qazaxıstanlı nümayəndə heyətində universitetin Strateji inkişaf üzrə prorektoru Dastan Husainov və universitetin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Mayra Aldiyarova təmsil olunublar.
Qazaxıstanlı qonaqları salamlayan Fərhad Quliyev bildirib ki, rəhbərlik etdiyi institutun arxeologiya sahəsi üzrə türk respublikaları, o cümlədən, Qazaxıstan Respublikasının arxeoloji tədqiqat qurumları ilə əməkdaşlığı illər əvvələ söykənir. Artıq Qazaxıstanın bir çox tanınmış arxeoloqları ilə şəxsi əlaqələr qurulmuş, arxeoloji tədqiqat və elmi tədbirlərdə konstruktiv işbirliyi mövcuddur. “Türk Dövlətlərinin elmi mərkəzləri, xüsusilə arxeologiya sahəsində, yəni, ortaq tarixin kəsişən nöqtələrinin araşdırılması üzrə işbirliyinin qurulması müasir dünyanın çağırışıdır”, - deyə F.Quliyev vurğulayıb.
K.Jubanov ad. Aktobe Regional Universitetinin rektoru xanım Laura Karabasova Bakıya gəlişindən məmnunluğunu bildirib. Xanım L.Karabasova Qazaxıstanda gənc tədqiqatçı alimlərin hazırlanması və ümumiyyətlə, elmə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqətdən söz açıb. K.Jubanov ad. Aktobe Regional Universiteti artıq 2020-ci ildən Avropa və Mərkəzi Asiyanın inkişaf edən ölkələrinin (Quacquarelli Symonds) QS Dünya Universitetləri Reytinqinə daxil edilib. Aktobe Universitetinin rektoru da türk ölkələrinin elmi-tədqiqat və təhsil müəssisələri arasında əməkdaşlığın qardaş xalqların elm sahələrinin inkişafı üçün böyük perspektivlər açdığını qeyd edib.
Daha sonra tərəflər arasında müddəaları öncədən razılaşdırılmış əməkdaşlıq haqqında saziş imzalanıb. İmzalanmış sazişin müddəalarında K.Jubanov ad. Aktobe Regional Universiteti və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu arxeologiya sahəsində birgə tədqiqat layihələrinin gerçəkləşməsi, elmi təcrübənin mübadiləsi və gənc alimlərin hazırlanması nəzərdə tutulub.
Qazaxıstanlı nümayəndə heyətilə görüşdə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Zaur Həsənov, institutun elmi katibi t.ü.f.d., dosent Ellada Bəkirova və aparıcı elmi işçi t.ü.f.d. Pərviz Qasımov iştirak ediblər.


Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin