Nobel mükafatı laureatı türkiyəli alim Prof. Dr. Əziz Sancara Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvlük sertifikatı təqdim edilib, AMEA-da otaq ayrılıb.
ANmedia.az xəbər verir ki, Prof. Dr. Əziz Sancar AMEA-nın dəvəti ilə gəldiyi paytaxt Bakıda AMEA İdarə Heyətinin binasını ziyarət edib. AMEA-nın prezidenti Prof. Dr. İsa Həbibbəyli tərəfindən qarşılanan Sancar binanı gəzərək məlumat alıb. Həbibbəyli bildirib ki, Sancara otaq ayrılıb, otağı ona təqdim ediblər.
Sancar daha sonra AMEA İdarə Heyətinin Konfrans Salonunda alimlərlə görüşüb. Prof. Həbibbəyli buradakı çıxışında Sancarın həyatından, elmi nailiyyətlərindən, türk dünyasına və Azərbaycana olan sevgisindən söz açıb.
2023-cü ildə AMEA-nın Baş Assambleyasında Sancara fəxri üzvlük verilməsinə qərar verildiyini deyən Həbibbəyli fəxri üzvlük vəsiqəsini təqdim edib.
Sancar akademiyanın bu qərarına görə minnətdarlığını bildirib və "Azərbaycanda mənə hər zaman hörmət edirlər. Buna görə minnətdaram. Bura sevinclə gəlirəm. Türkiyəyə gəldiyim qədər xoşbəxtəm.Azərbaycan da mənim üçün Türkiyə qədər önəmlidir" dedi.
Türkiyənin Bakıdakı səfiri Cahit Bağcının da iştirak etdiyi tədbirdə Sancar “Türk dünyasında və Çində elm və texnologiya (1970-2020)” adlı təqdimatla çıxış edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin