Dövlət İmtahan Mərkəzi bu gün III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.
İmtahanda 22 146 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 20 071 nəfər Azərbaycan, 2 075 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 5 579 nəfəri oğlan, 16 567 nəfəri isə qızdır. 19 154 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2 434 nəfər əvvəlki illərin məzunudur. 60 nəfər ali təhsil müəssisələrinin, 498 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 101 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2008-ci ildəndir.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin