“Doktorantların təhsil aldıqları müəssisələri dəyişdirmək sahəsində bir çox ciddi problemləri var. Çünki hazırkı qanunvericilikdə elmi təşkilatların doktoranturası var. Onlar ləğv edildikdə köçürmə məsələsi ortaya çıxır”.
ANmedia.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bəzən doktorant təhsil formasını dəyişmək istəyir, ancaq yeni dəyişiklik layihəsinin onlara da şamil olunub-olunmadığı sual altındadır:
“Yaxud da onlar təhsilini müəyyən səbəblərdən müvəqqəti dayandırmaq istəyir, lakin indiki dəyişiklikdə bu da öz əksini tapmayıb. Doktorantların bir qismi qrantlar hesabına xarici ölkələrə təhsil üçün gedirlər. Onların buradakı təhsillərinə xitam verilməsi və ya verilməməsi açıqdır. Bununla bağlı bizə xeyli sayda müraciət və ərizələr daxil olur. İndiki dəyişiklik layihəsində ancaq bakalavriat və magistr səviyyəsi qeyd olunub. Lakin “Təhsil haqqında” qanunda təhsilalanlar üçün fərq qoyulmayıb. Əgər tələbə anlayışı varsa, bu, həm bakalavr, həm magistr, həm də doktoranta aiddir. Çünki hamısı tələbələrdir. Ona görə də bu kimi məsələlər yeni hazırlanan “Ali təhsil haqqında” qanun layihəsində nəzərə alınmalıdır. Bununla da müəyyən ediləcək ki, biz ali təhsilin bütün səviyyələrinə eyni yanaşırıq yoxsa nəsə fərqlənmə edirik”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin