Heydər Əliyev
Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlərdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
Dilimizin adı kimi, türk dili ifadəsinin də böyük tarixi vardır. 1924-cü ildə Türkiyə Respublikası yaradıldıqdan, türklərin dili türk dili adlandırıldıqdan xeyli sonra da dilimiz “Türk dili” adı ilə tanınmaqda idi və hətta 1936-cı ildə “Türk dili” adlı məktəb dərsliyi də çap olunmuşdur. 1936-cı ilin SSRİ konstitusiyasında dilimizin adı “Azərbaycan dili” şəklində təsbit edilmişdir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur.1992-ci il sənədlərinə əsasən Azərbaycan dili termini türk dili termini ilə əvəz edilmiş, 1995-ci il ümumxalq referendumu və respublika konstitusiyası ilə “Azərbaycan dili” ifadəsi yenidən qanuniləşdirilmişdir.Konstitusiyanın 21-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə dilimizin inkişafına xüsusi önəm verilib, bu istiqamətdə müxtəlif taleyüklü fərman və sərəncamlar qəbul olunub. Ana dilinə hər zaman həssaslıqla yanaşan, dilimizin dərin bilicisi olan Ümummilli Lider deyirdi: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var”.
Ulu Öndər 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmanda dilimizin öz tarixi inkişafı boyunca əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər geniş təhlil edilib, həmin problemlərin həlli yolları göstərilib. Dahi lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Azərbaycan dilinin perspektivlərinin müəyyənləşdirilməsi və dilçiliyin əsaslı inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin hakimiyyəti dövründə də davam etdirilib. Belə ki, dövlət başçısı 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən dərslik, elmi əsər və lüğətlərin, bədii ədəbiyyat nümunələrinin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi baxımından əhəmiyyətli olub.
Prezident İlham Əliyev Azərbaycan dili haqqında deyirdi: "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir".
Bu gün müstəqil dövlətimizin müstəqil vətəndaşlarının hər biri öz dili ilə fəxr edir və öz dilini sevirlər. Çünki bu dil "Xarı bülbül” dilidir, bu dil dünyanı sülhə, əmin-amanlığa səsləyən dildir. Bu dil qalib və lider dövlətin dilidir!
Vəli Vəliyulla,
Xəzər Rayon İcra Hakimiyyətinin
İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin baş məsləhətçisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin