Azərbaycan Təhsil İnstitutu müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin riyaziyyat fənni üzrə iyulun 14-də keçirilən imtahan nəticələrinin elmi statistik təhlilini başa çatdırıb.
İnstitutdan Anmedia.az-a verilən məlumata görə, təhlil nəticələrinə əsasən qərara alınıb ki, müzakirəyə səbəb olan 3 sualın nəticəsi bütün iştirakçılar üçün ləğv edilir və namizədlərə 3 sualın hər biri üzrə 2 bal olmaqla, cəmdə 6 bal hesablanır.
Əlavə olaraq, baş verənlərlə əlaqədar riyaziyyat fənni üzrə namizədlərə könüllü əsasda təkrar imtahan vermək imkanı yaradılır.
Qeyd edək ki, təkrar imtahanda iştirak etmək istəyən namizədlər nəzərə almalıdırlar ki, bu halda onların iyulun 14-də verdiyi imtahanın nəticəsi etibarsız sayılacaq və sonuncu imtahanda əldə etdikləri nəticə əsas götürüləcək. Təkrar imtahanın keçirilmə tarixi, yeri və digər detalları haqda ətraflı məlumat yaxın zamanda paylaşılacaq.
Əlavə imtahanla bağlı namizədlər bu gün saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq aktivləşdirilən müvafiq xanaya klikləyərək müraciət edə bilərlər. Müraciətlər 24 saat (23 iyul saat 11:00-a qədər) müddətində qəbul ediləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin