Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Əsrin möcüzəsi: Dünyaya günəş kimi parlayan bütöv Azərbaycan!” mövzusunda elmi-praktik konfrans keçirilib.
ANmedia.az xəbər verir ki, konfransda Milli Məclisin deputatları, rayon ictimaiyyəti, ziyalılar, tarixçilər, qazilər və fəal gənclər iştirak ediblər.
İlk öncə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda ulu öndər Heydər Əliyevin, eləcə də vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş video-film nümayiş olunub.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov qeyd edib ki, ulu öndər Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinin əsası qoyulan 15 iyun – Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir. Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür.
1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaq təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan dövlətinin və xalqının həyatında tamamilə yeni bir dövrə qədəm qoyuldu, dövlətçiliyimizin inkişafı naminə yeni strategiya müəyyənləşdirildi.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir.
15 İyun – Milli Qurtuluş Günündən başlayan böyük siyasi kurs möhtərəm Prezidentimizin müdrik siyasəti və dönməz iradəsi sayəsində çox uğurla davam etdirilir. Şanlı Zəfər qələbəsi və uğurlu antiterror əməliyatları nəticəsində Azərbaycanın tam ərazi bütövlüyü və suverenliyi bərpa edilib.
Bildirilib ki, ulu öndərin siyasi kursunun uğurla davam etdirilməsi və zənginləşdirilməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən qüdrətli dövlətinə çevrilib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un bu il Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi dövlət başçımızın siyasi iradəsinin məntiqi nəticəsi, eyni zamanda ölkəmizin dünyada nüfuzunun göstəricisidir.
Xüsusilə vurulanıb ki, ulu öndər Heydər Əliyevin “Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq” tarixi kəlamı bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət, şanlı Ordumuzun parlaq Qələbəsi, həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda, beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlu nəticələr sayəsində tarixi reallığa çevrilib.
Bu gün dünyaya günəş kimi parlayan bütöv Azərbaycan dünyanın siyasi arenasında mətin addımlarla yeni zirvələrə doğru irəliləyir.
Konfransda həmçinin Milli Məclisin deputatları Rasim Musabəyov, Sədaqət Vəliyeva, Könül Nurullayeva, tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımov, İlahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru Hacı Surxay Məmmədli, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov ümummilli lider Heydər Əliyevin tarixi xiaskarlıq fəaliyyəti barədə müxtəlif mövzularda çıxışlar ediblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin